SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycana lazer cihazları Almaniyadan, yoxsa Çindən gətirilir?  

Arzuolunmaz tüklərin follikulunu (kökünü) məhv edən lazer epilyasiyası hazırda ən ucuz Azərbaycanda reallaşdırılır.
 
BAKU.WS Milli.az-a istnidən xəbər verir ki, adətən hər hansı xidmətin qonşularda ucuz, bizdə baha olmasına öyrəşsək də epilyasiya sektorunda vəziyyət əksinədir. Belə ki, istər Türkiyə, istərsə də Rusiyada arzuolunmaz tüklərin epilyasiyasına təkcə bir seans üçün 1000 manata xərc tələb edir. Ölkəmizdə isə tüklərdən xilas olmaq maksimum 250 manata başa gəlir. İlk baxışdan bunun həmin ölkələrin xalqlarının sarışın olması, epilyasiya aparatının rəngsiz və nazik tükləri görməməsi ilə izah etmək olar. Lakin məsələnin öz sualtı daşları var. Bunu araşdırmağa çalışdıq. Qadınlar üçün nəzərdə tutulmuş qiymətlərin müqayisəsindən başladıq.  

Türkiyədə lazer epilyasiyası 

Qoltuq altı - 62 tl (29.66 manat)
Ayağın aşağısı - 332 tl (158.82 manat) 
Bütöv ayaq - 625 tl (299 manat)
Bütöv bədən (üz xaric) - 826 tl (395 manat)
Üz - 170 tl (81 manat)
Dodağın üstü - 54 tl  (25 manat)
Bikini - 100 tl  (47 manat)
Çənə - 54 tl (25 manat)

Rusiyada lazer epilyasiyası

Dodaqüstü - 3 400 rubl (99.96 manat)
Bikini - 6 800 rubl (199.92 manat)
Qolaltı- 14 200 rubl (435.94 manat)
Bikini+qoltuqaltı - 9 200 10 faiz endirim ( 282 manat)

Azərbaycanda qiymətlər 

Qollar + qolaltı - 52 manat
Ayaqlar + bikini + qolaltı - 99 manat
Ayaqlar + qollar + qolaltı - 99 manat
Ayaqlar + qollar + bikini + qolaltı - 149 manat
Bütün bədən - 179 manat

Yuxarıdakı qiymətlər lazer epilyasiyasının Soprano ICE aparatı ilə həyata keçirildiyi zaman keçərlidir. "Alexandrit" aparatı ilə tüklərin yox edilməsi qiymətləri aşağıdakı kimidir:

Ayaq - 65 manat
Qol + qolaltı 35 manat
Uz + qolaltı 20 manat
Bikini + qolaltı 25 manat

Göründüyü kimi üç ölkə arasında qiymətlərdə ciddi fərq var. Maraqlısı da odur ki, istər Azərbaycan, istər Rusiya, istərsə də Türkiyə lazer epilyasiyasında son texniki nailiyyətlərdən - Soprano ICE  aparatından istifadə edir. Mövzu ilə bağlı müraciət etdiyimiz yerli kosmetoloqlar Azərbaycanda lazer epilyasiyasının ucuz olmasının səbəbini rəqabətlə izah etdilər: "Bizdə bazarda böyük rəqabət var. Ona görə hər kəs qiymətlərdə endirim edir. Bundan başqa Türkiyədə, Rusiyada lazer epilyasiyasına  tələbat buradakı kimi yüksək deyil. Çünki bu ölkələrdə əhalinin tükü azdır. Azərbaycanda əhali tüklü olduğundan lazer epilyasiyası xidməti göstərən salonların, mərkəzlərin sayı çoxdur".

Türkiyədə gözəllik mərkəzi işlədən Hakan adlı həmyerlimiz isə məsələnin heç də tüklərin azlığı-çoxluğu ilə bağlı olmadığını diqqətə çatdırdı: "Türkiyədə tüklü insan az deyil. Əksinə, arzuolunmaz tükü az olan qadınların sayı azdır. Sadəcə, Azərbaycanda lazer epilyasiyası bütün gözəllik salonlarında, klinikalarda, mərkəzlərdə həyata keçirilir. Hərə bir cihaz alıb, müştəriyə epilyasiya xidməti göstərir. Yaranan rəqabət qiymətləri ucuz saxlamağa məcbur edir. İkinci səbəb Azərbaycanın lazer epilyasiyası sahəsində geridə qalmasıdır. Türkiyədə böyük gözəllik mərkəzləri tez-tez cihazları dəyişirlər. Azərbaycanda isə bir cihaz ömrü bitənə qədər işlədilir. Hazırda Azərbaycanda kosmetoloji mərkəzlərdə, gözəllik salonlarında istifadə edilən cihazların çoxu  3-4 il əvvəl alınmış cihazlardır. Eyni zamanda, Türkiyədə lazer epilyasiyasının gözəllik salonları tərəfindən həyata keçirilməsi qadağan edilib".  

Həmsöhbətim Türkiyədə prosedurun baha olmasının səbəblərinə də toxundu: "Türkiyədə də qiymətlərin Azərbaycanla eyni səviyyədə olduğu yerlər var. Hansı ki onlar gizli fəaliyyət göstərirlər. Ancaq kosmetoloji mərkəzlərdə lazer epilyasiyası həkim nəzarəti altında həyata keçirilir. Yəni Azərbaycandakı kimi müayinə edilmədən tüklər yandırılmır. Lazer epilyasiyası təhlükəli prosedurdur və hər an dərinin yanma təhlükəsi var. O səbəbdən Türkiyədə lazer epilyasiyası daha çox klinikalarda reallaşdırılır". 

Azərbaycanda lazer epilyasiyasını reallaşdıran salonlarda aparatların modelləri, kosmetoloqların bilikləri ilə maraqlandıq. Məlum oldu ki, kosmetoloqlar kurs əsasında lazer epilyasiyası biliklərinə sahibləniblər. Hər kosmetoloqun da hansısa təlimdən sertifikatı var. 
O ki qaldı cihazların keyfiyyətinə, salonlarda müasir və ya köhnə standartlarla işləyən cihazlar var. Yəni 2012-ci ilin modeli olan "Cynosure" ," Aleksandrit Candella GentLase" lazer cihazları işlədənlər mövcuddur. Hansı ki Türkiyə, Rusiya üçün bu cihazlar arxiv hesab edilir.

Lazer cihazlarının satış qiymətləri  

Bakıda estetik lazer sahəsində ölkəyə avadanlıq gətirən "Azestetik Group" şirkətinin nümayəndəsi Cəmilə Babayeva bildirdi ki, təmsil etdiyi qurum ancaq Almaniya istehsalı "Arion Aleksandrit" cihazının satışını reallaşdırır. 2017-ci ilin istehsalı olan bu cihazların dəyəri 60 min avro təşkil edir. Onun sözlərinə görə, artıq bəzi gözəllik salonları "Arion Aleksandrit" cihazlarından alıblar. 

İnternetdə lazer cihazı satışı ilə bağlı elanlarına da diqqət etdik. Öyrəndik ki, ən ucuz cihazın dəyəri 9 min, ən bahalısı isə 100 min manat təşkil edir. Məsələn, "Arion Aleksandrit" lazer cihazının satış qiyməti 58 min manatdır. Koreya istehsalı olan 2016-cı ilin modeli "Diod Lazer" cihazı 22 min manat,  Aleksandrit Candella GentLase" 57 min manat, Diod Lazer Sapphire Ice 23 min manatdır. 

Azərbaycana lazer aparatları hardan gətirilir?  

Sual doğuran bu aparatların Azərbaycana hardan gətirilməsidir. 2016-cı ilin gömrük statistikasına görə, ölkəyə 75.613 ədəd elektrik lazer və ya digər işıq, foton, ultrasəs, elektron-şüa, plazma-qövs lehimləmə və qaynaq üçün aparatlar idxal olunub. Bunun nə qədərinin sırf lazer cihazı olduğu göstərilmədiyindən dəqiq rəqəm söyləmək mümkün deyil. Lakin o bəllidir ki, lazer cihazlarının hissələri, əsasən, Çin, Koreya, Tayvandan gətirilir. Azərbaycanla Almaniya arasındakı ticarətin strukturunda, sadəcə, tüklərin çıxarılması üçün qurğuların idxalı yer alıb. Oradan da aydın olur ki, 2016-cı ildə ölkəyə 839 ədəd belə qurğu gətirilib. Banqladeşdən 200, Bosniya və Herseqovinadan 1072 ədəd, İndoneziyadan 300 ədəd qurğu alınıb. Yenə də ən böyük partiya idxal Çinlə reallaşdırılıb -  45285 ədəd. 
 
BAKU.WS