SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Radara 30 metr qalmış sürətin həddi qəflətən aşağı düşür. Bu daha da qəzalı hadisəyə gətirib çıxarır. Əgər sürücü birdən-birə sürəti 110-dan 50-yə azaldırsa, bu qəzanın yaranmasına gətirib çıxarır. Bəzən elə yollarda sürət həddi aşağı salınıb ki, buna ehtiyac yoxdur. Bu baxımdan Kürdəmir-Gəncə yolu ümumiyyətlə, acınacaqlı vəziyyətdədir. Hər xırda yaşayış məntəqəsinə çatanda radar qurulub. Radara çatmamış sürət həddi birdən-birə 50 km saata düşür".

Bu sözləri Milli Məclisin iclasında millət vəkili İlham Əliyev "Yol hərəkəti haqqında" qanunun müzakirəsi zamanı deyib. O, vurğulayıb ki, bəzi yaşayış massivlərindən keçən zaman ümumiyyətlə sürətin azaldılmasına ehtiyac olmasa da, yol nişanlarında sürət kəskin azaldılır.

Qeyd edək ki, müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna da dəyişikliklərdə avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinin qadağan olunması əksini tapıb. Həmçinin İnzibati Xətalar Məcəlləsinə də bu istiqamətdə dəyişiklik edilib. Dəyişikliyə əsasən avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər.

Müzakirələrdə millət vəkili Elmira Axundova bildirib ki,  qanunların qəbul edilməsinə baxmayaraq, hələ də magistral yollarda mal-qaranın hərəkətinə tez-tez rast gəlinir.

O, həmçinin magistral yollarda qətliam yaşandığını deyərək, dəmir arakəsmələrin faciələrə səbəb olduğunu vurğulayıb. "Bakı-Sumqayıt yolunda olan son hadisəni müşahidə etdik. Dəmir arakəsmələr ölüm alətinə çevrilir. Təklif edirəm ki, bu arakəsmələr ekspertiza edilsin. Avropada da belə arakəsmələr var, ancaq mən internetdə bir çarxa baxdım, həmin arakəsmələr test edilərkən, avtobuslar, hətta ağır tonlu yük maşınları onları sındıra bilmədi. Bizdə isə hətta kiçik  ölçülü minik maşınları da həmin dəmir arakəsmələri sındırır və bu da çox zaman ölümlərə səbəb olur. Ona görə təklif edirəm ki, ekspertizadan sonra bu arakəsmələrin keyfiyyəti artırılsın, ya da digər qurğularla əvəz edilsin. Bu insan təhlükəsizliyi baxımından əhəmiyyətlidir".

Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, rayonlarda mal-qaranın yaylağa, otlaq və örüş sahələrinə aparılması ilə bağlı problemlər var. "Torpaqlar özəlləşdirilib, magistral yollarla camaat mal-qarasını arandan yaylağa necə aparmalıdır? Yardımlıda, Masallıda, Şamaxıda insanlar hələ də mal-qarasını arana, yaylağa aparır. Hər dəfə fermerlərlə yerli sakinlər, icra qurumları arasında mübahisə yaranır". 

Millət vəkili İlham Əliyev də magistral avtomobil yollarında mal-qara üçün keçidlərin yaşayış məntəqələrindən uzaqda yerləşdirilməsinin problemlərə səbəb olduğunu deyib. Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
 
Bizimyol
BAKU.WS