Güzəştli mənzillərin tikiləcəyi yeni ərazinin ilk videogörüntüsü yayılıb. 

BAKU.WS xəbər verir ki, kadrlar ATV telekanalında yayımlanıb.
 
Qeyd edək ki, bir neçə gün öncə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, Hövsan yaşayış kompleksində təxminən 3100-3300 mənzil, Yasamalda isə 1854 mənzil olacaq. 

Onun sözlərinə görə, mənzillər satışa çıxarıldıqdan sonra elektron sistemdə kim tez sifariş verəcəksə, o da mənzili alacaq: "Erkən gələn erkən də mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı "MİDA" MMC öz təkliflərini verəcək".

S.Nuriyev fins.az-a bildirib ki, sosial mənzillərdən yararlanmaq istəyən vətəndaşlar üçün "Güzəştli mənzil" elektron sistemi yaradılıb: "Vətəndaş ilkin mərhələdə orada qeydiyyatdan keçməlidir. Bu zaman onun üçün elektron kabinet yaradılacaq. Burada aparılan araşdırma nəticəsində onun güzəştli mənzil ala bilib-bilməməsi barədə qərar veriləcək. 

İkinci mərhələdə mənzillər satışa çıxarılanda həmin elektron hesaba məlumat göndəriləcək. Kim istədiyi mənzilə tez sifariş versə, onun sifarişi qəbul ediləcək və həmin mənzil bloklanacaq. Bundan sonra onun ödəniş vasitələri müəyyənləşəcək”.

S.Nuriyev qeyd edib ki, qeydiyyat eyni zamanda "ASAN Xidmət" mərkəzlərində də aparılacaq: "Artıq bunun üçün MİDA Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzi ilə razılaşıb. Həmin mərkəzlərdə vətəndaşları məlumatlandırmaq üçün "call center"lər də xidmət edəcək. Yaxın günlərdə həmin xidmət işə düşəcək”.
 
Aynur Ələkbərova
BAKU.WS