SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı yarandığı ilk dövrlərdən dini mərkəz, müqəddəs şəhər olub. Elə “Bakı” adının “Allah şəhəri” mənasına gəlməsi də bu şəhərin müqəddəsliyini sübut edir. Təbii od qaynaqlarının üzərində qurulan şəhər təkcə Qafqazın deyil, Orta Asiya və Hindistan atəşpərəstlərinin də müqəddəs məbədi olub. Bu məbəd-şəhər illər keçdikcə “Müqəddəs odlar diyarı” kimi məşhurlaşıb.

VII əsrin birinci yarısında ərəblərin Azərbaycanı işğal etməsi ilə Bakıda xeyli sayda məscidlərin tikintisinə başlanıldı. Müqəddəs şəhər öz missiyasını bu dəfə İslam təbliğatı üzərindən davam etdirirdi. Bu məscidlər əsasən Bakının ən qədim yaşayış məskəni sayılan İçərişəhər ərazisində salınırdı.

XIX əsrin əvvəlində rusların Azərbaycanı işğal etməsi pravoslav kilsələrinin tikilməsinə səbəb olmuşdur. 1815-ci ildə inşa olunmuş kilsəyə İsa Məsihin apostollarından olan Varfolomeyin adı verilir. Apostol Varfolomey xristianlığı yaymaq məqsədilə Kiçik Asiyanı gəzmiş, oradan Hindistana getmiş, sonda Bakıya gəlmişdir. Kilsəyə onun adının verilməsi heç də təsadüfi deyildir. Deyilənlərə görə, Varfolomey məhz Qız qalasının yaxınlığında bütpərəstlər tərəfindən öldürülmüşdür.

1895-ci ildə tikilmiş Bəylər məscidinin inşasında Bakı milyonçusu Murtuza Muxtarov şəxsən iştirak edib. Onun maliyyə dəstəyi ilə tikilən daha bir müqəddəs abidə Əmircanda yerləşən Murtuza Muxtarov məscididir. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.

Bakını Bibiheybət məscidi olmadan təsəvvür etmək çox çətindir. Məşhur şeirdə deyildiyi kimi: Bakı başlayır Bibi-Heybətin qara nəzir qutusundan... Məscidin adı yeddinci İmam Museyi Kazimin qızı, İmam Rzanın bacısı Həkimə xanım və onun qulamı Heybətin adı ilə bağlıdır. Rəvayətə görə, Həkimə xanım Ərəb Xilafətinin təqiblərinə məruz qalaraq vətənindən didərgin olur. O, öz qulamı Heybətlə birlikdə Səbayıldə, Şıx kəndi ərazisində məskunlaşıb. Yerli əhali Həkimə xanımın burda yaşamasını düşməndən gizlətmək məqsədilə onu “Heybətin bibisi” və ya “Bibi-Heybət” deyə adlandırıb. Hər iki şəxs uzun illlər burada yaşayıb, elə burada da dəfn olunublar.

Bibi-Heybət çox ilklərin şahidi olub: Hacı Zeynalabdin Tağıyev ilk quyunu burada qazdırıb, Xurşidbanu Natəvan Bibi-Heybəti ziyarət etdikdən sonra ilk övladı dünyaya gəlib. Aleksandr Düma Qafqaza səfəri zamanı Bakıda olarkən ilk Bibi-Heybət məscidini ziyarət edib. Bu məscid Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında tikilib. SSRİ-də dinə qarşı mübarizə zamanı bu dini abidə 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılır. Buna baxmayaraq 1959-cu ildə rejissor Əlisəttar Atakişiyev “Bir qalanın sirri” filmində Simnar xanın sarayını təsvir edərkən Bibi-Heybət məscidinin maketini göstərir. Əvvəllər bir minarədən ibarət olan məscid, bərpa işlərindən sonra qoşaminarəli məscidə çevrilir.

Bakının ən məşhur ibadət yerlərindən biri də Təzəpir məscidi olub. Bu məscidin yaranması haqqında müxtəlif versiyalar var. Əvvəllər şəhər sakinlərindən biri Təzəpirin yerləşdiyi ərazidə su quyusu qazanda təsadüfən məzar aşkar edib. Dindarlar oranı ziyarət yerinə çevirib və “Təzəpir” adlandırıblar. Tarixçi Sara Aşurbəyli “Bakı şəhərinin tarixi” kitabında bu məzarı XIV əsrdə yaşayan və dövrünün görkəmli alimi Əbu Seyid Abdullaya aid edib.

Sara Aşurbəylinin yazdığına görə, Nabat Aşurbəyovanın oğlu həbs olunur, lakin ertəsi gün bəraət alaraq azadlığa buraxılır. Həbsdə qaldığı gecə yuxuda bir ağsaqqalı görür. Ağsaqqal ona deyir: “Sən günahkar deyilsən, səbirli ol, sabah azadlığa buraxılacaqsan. Bu müjdəyə görə Şeyx Əbu Səid məzarın yerində təzə məscid tik”. Aşurbəyova oğlunun azad olunmasından sonra məscidin tikintisi ilə bağlı daha əvvəl bir neçə məscidin memarı olan Zivər bəy Əhmədbəyova müraciət edir. 1905-ci ildə yeni məscidin inşası başlanılır.

Nabat xanım bünövrə daşını qoymaq üçün Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Deyilənə görə, tikinti zamanı Aşurbəyovanın maddi çətinlikləri yaranır. Tağıyev ona yardım təklif edir, lakin Nabat xanım qəbul etmir. O öz mülkiyətini sataraq, məscidin tikintisini davam etdirir. 1914-cü ildə ibadət evinin inşası başa çatır. Layihənin son daşını da məhz Hacı Zeynalabdin qoyur.

1918-1920-ci illərdə Məscidlər daha çox siyasi məqsədlər üçün istifadə olunub. Mart soyqırımı zamanı Bakı Qoçuları şəhəri erməni daşnaklardan müdafiə etmək üçün məscidlərdə yığıncaqlar keçiriblər. Nəriman Nərimanov Aprel inqilabından sonra Bakıya gəlişi zamanı Məsciddə yığıncaq keçirib, əhali ilə söhbətlər aparıb.

Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2250-dir və onların 136-sı Bakıda yerləşir. Şiələrlə sünnilərin birlikdə namaz qıldığı Heydər məscidinin istifadəyə verilməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının ifadəsidir.

Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

BAKU.WS
VİDEO