SİZİN REKLAM BURADA!
055 213 76 73


Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır. İstehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır.

Əgər məhsul hermetik qablaşdırmadadırsa, ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir. Quru meyvə satışını həyata keçirən obyektin gigiyenik qaydalara əməl etməsinə, məhsulun piştaxtada və şüşə rəflərdə satılmasına diqqət yetirmək də vacibdir. Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.

Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Bir ədəd qurudulmuş meyvənin üzərində bu qüsurlarla rastlaşsanız, düşünməyin ki, onu kənara qoysanız məsələ həll olunur. Belə məhsulu ümumiyyətlə almağınız tövsiyə olunmur. Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır. Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir. Quru meyvə alarkən rənginə də diqqət yetirmək vacibdir. Satışda süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olur.

Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir. Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir. Üzərində kif əlamətləri müşahidə edilməyən və bərk gavalı qurusu keyfiyyətcə üstündür. Alma qurusunun rəngi bej və ya krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur. Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir. Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır. Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.

Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik qoxuya malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir.

Qeyd edirik ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində Agentlik tərəfindən risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və məhsullar laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanuna müvafiq tədbirlər görülür.
Əgər vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı hər hansı şübhə olarsa, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər.

BAKU.WS