2020-ci ildə metropoliten sərnişindaşıma üzrə planın cəmi üçdə birini yerinə yetirib - RƏSMİ
Bakı Metropoliteni 2020-ci ildə plan üzrə 228 milyon sərnişinə xidmət göstərməli olsa da, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb, bu isə planın 32,8%-i deməkdir.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən BAKU.WS-ə verilən məlumatda qeyd olunub.
İnsanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib və Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti il ərzində bir neçə dəfə dayandırılıb.
Ümumiyyətlə, ilk dəfə metropoliten mart ayının son 3 günü ərzində səhər saat 07.00-dan 09.00-a, axşam isə 17.00-dan 20.00-a qədər olmaqla yalnız 5 saat xidmət göstərib.
Martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb. İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb.
Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib.
Beləliklə, 2020-ci il ərzində metropoliten 202 gün, ümumiyyətlə, sərnişin daşımayıb. Sərnişin daşınan 164 günün 3-də isə cəmi 5 saat daşıma xidməti göstərib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...