VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Təhsil naziri Mikayıl Cabbarov "Bilik Günü" münasibəti ilə müəllimləri, şagirdləri və tələbələri təbrik edib.
 
BAKU.WS nazirin təbrikini təqdim edir:
 
"Əziz müəllimlər, məktəblilər, valideynlər və əlbəttə ki, birincilər!

15 sentyabr təkcə "Bilik günü” deyil, həm də hər birimizin həyatında yeni başlanğıc anı və təqvimidir.

Dövlət başçımızın təhsilə xüsusi qayğısı nəticəsində bu sahədə atılan uğurlu addımlar günbəgün öz bəhrəsini verir. Ölkəmiz daha böyük, daha qüdrətli olur.

Uzun tətildən sonra yeni qüvvə ilə tədrisə başlayırsınız. Sizi qaynar məktəb həyatı, sevimli müəllimləriniz, məktəbli dostlarınız, yeni tapşırıqlar və bir sözlə maraqlı anlar gözləyir. 

İlbəil məktəblərimizə gələn birincilərin sayı artmaqda davam edir. Bu il məktəbə ilk dəfə qədəm qoyacaq birinciləri təbrik edirəm, onlara demək istəyirəm ki, təhsil ən maraqlı, yaradıcı və əyləncəli məşğuliyyətdir. 

Əziz şagirdlər! Biz sizinlə birlikdə sabaha baxırıq. Sizin qazandığınız bilik və bacarıqlar sizin hər birinizin həyat uğurunun zəruri şərtidir. Sizin uğurunuz Azərbaycanın uğurudur. Ölkəmizin gələcəyi, onun dünya ölkələri arasında şərəfli yer tutması üçün bu çox vacibdir. Əminəm ki, bunun üçün daim öyrənməyi, axtarmağı və araşdırmağı siz öz həyat vərdişinizə, xarakterinizə çevirəcəksiniz. Təhsilin bizə göstərdiyi bu yol uğur qazanmağın, özünütəsdiqin ən şərəfli yoludur.

Əziz müəllimlər! Bilik çırağını yandıran müəllim təkcə bu missiya ilə deyil, həm də vətəndaş tərbiyəsi ilə məşğuldur. Uğurlu şagird-tələbə, uğurlu təhsil müəssisəsi, uğurlu vətəndaş - sonda uğurlu cəmiyyət deməkdir. Bu həlqəni birləşdirən isə məktəb, öyrənməyi öyrənən məktəbli və müəllimdir.

Əziz valideynlər! Məktəbə daha yaxın olun, övladlarınızın təhsilində fəal iştirak edin. Bu zaman təhsil mühiti daha sağlam və bütöv olur. Tədqiqatlar sübut edib ki, valideynin gündəlik olaraq övladının dərslərinə diqqət yetirməsi onların təhsil göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir. 

İnanırıq ki, bu gün məktəbə səsləyən zəng sədaları yaxın vaxtlarda Azərbaycanın ayrılmaz parçası olan Şuşada, Xankəndində çalınacaq. 

Bu günü yaxınlaşdırmaq üçün Sizə və bizim hamımıza yeni təhsil ilində uğurlu başlanğıclarla!" 
 
ŞAHİN Həbibov
BAKU.WS