16 yaşa qədər sosial şəbəkə qadağası: Ekspert və valideynlər nə düşünür?

16 yaşa qədər sosial şəbəkə qadağası: Ekspert və valideynlər nə düşünür?
Açıqlama
Sosial 25

Azərbaycanda 16 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətin tətbiqi ilə bağlı qərar son günlərin ən çox müzakirə olunan mövzularındandır. Oxşar yanaşma artıq dünyanın bir sıra ölkələrində də tətbiq edilir və əsas məqsəd uşaqları internetdə qarşılaşa biləcəkləri təhlükələrdən qorumaqdır.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan sosioloq Elçin Bayramlı bildirib ki, virtual mühitdə nəzarət problemi uzun illərdir gündəmdə olsa da, hələ də tam həllini tapmayıb.

Onun sözlərinə görə, real həyatda dövlət azyaşlıların qorunması üçün siqaret, alkoqol və digər zərərli məhsulların satışına məhdudiyyətlər tətbiq edir. Lakin internet qlobal məkan olduğundan burada nəzarət imkanları daha məhduddur.

Sosioloq hesab edir ki, bu səbəbdən əsas məsuliyyət valideynlərin üzərinə düşür. O vurğulayıb ki, dövlət məktəblərdə telefon istifadəsini məhdudlaşdıra və maarifləndirici tədbirlər görə bilər, amma uşaqların məktəbdən kənarda internetdən necə istifadə etdiyini tam nəzarətdə saxlamaq mümkün deyil:

"Bir çox valideyn övladına internetə çıxışı olan smartfon verərək onu nəzarətsiz şəkildə virtual mühitə buraxır. Nəticədə uşaqlar narkotik vasitələrin təbliği, əxlaqsız məzmun, kiberdələduzluq, şantaj və onlayn qumar kimi təhlükəli kontentlərlə qarşılaşırlar.

16 yaşa qədər sosial şəbəkə qadağası: Ekspert və valideynlər nə düşünür?

Azyaşlılar internetdən yalnız valideyn və ya müəllim nəzarəti altında istifadə etməlidirlər. Onun fikrincə, 16 yaşına qədər uşaqlara smartfon verilməməsi də müzakirə olunmalıdır. Çünki problem yalnız sosial şəbəkələrlə məhdudlaşmır, ümumilikdə internetə çıxışı olan cihazlardan istifadəyə aiddir. O əlavə edib ki, nəzarətsiz internet istifadəsinin nəticələri bəzi hallarda uşaqları ağır psixoloji problemlərə, hətta intihara qədər sürükləyə bilər".

Valideyn Əfsanə Zülfiqarova da qəbul edilən qərarı dəstəklədiyini bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə uşaqların yaşına uyğun olmayan çoxlu sayda video və paylaşımlar mövcuddur. Bununla yanaşı, o, başqa bir problemin də həllini vacib sayır:

"Uşaqların ev tapşırıqları və testləri "WhatsApp" üzərindən göndərilir. Valideyn işləyirsə, uşağın telefondan necə istifadə etdiyini daim izləyə bilmir. Bu zaman da uşaq dərsdən yayınaraq telefona daha çox vaxt ayırır. İstərdim ki, bu problem də aradan qaldırılsın".

Digər valideyn Ayşən Azadova isə məsələyə daha fərqli prizmadan yanaşıb. O bildirib ki, texnologiyanın həm üstün, həm də mənfi tərəfləri var və uşaqların sosial şəbəkələrdən istifadəsinə yalnız qadağa prizmasından baxmaq düzgün olmaz.

Onun sözlərinə görə, bu gün bir çox dərslər və hazırlıq məşğələləri onlayn keçirilir. İnternet uşaqlara araşdırma aparmaq, məlumat əldə etmək və biliklərini artırmaq imkanı yaradır. Buna görə də texnologiyanın faydalı tərəflərini də nəzərə almaq lazımdır.

Ayşən Azadova hesab edir ki, əsas məsələ valideyn nəzarətidir.

O, həmçinin sosial şəbəkələrdə yayımlanan reklamların və müxtəlif məzmunların uşaqların psixologiyasına mənfi təsir göstərə biləcəyini vurğulayaraq valideynləri övladlarının internetdə nə izlədiyi ilə maraqlanmağa çağırıb.

Mütəxəssislərin və valideynlərin fikirləri göstərir ki, uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması üçün təkcə məhdudiyyətlər kifayət etmir. Bu prosesdə valideyn nəzarəti, düzgün maarifləndirmə və texnologiyadan şüurlu istifadə vərdişlərinin formalaşdırılması əsas rol oynayır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər