"Ölkə başcısının tapşırığına uyğun olaraq 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır”.

 

 

BAKU.WS-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev söyləyib. Nazir müavini bildirib ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkədə dərman qiymətlərinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədi ilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılmış Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb:

 

"Dərmanların qiymətinin təyin olunması məqsədi ilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qayda üzrə seçilir. Bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar əsasında müəyyən edilmiş əlavələr edilməklə dərman preparatının qiyməti formalaşdırılır. Hər bir dərman preparatının üzərində Tarif Şurasının müəyyən etdiyi qaydalara müvafiq olaraq əhaliyə satış qiymətinin qeyd olunması nəzərdə tutulub”.


E.Ağayev bildirib ki, yeni satış qiymətləri sentyabr ayının 15-dən qüvvəyə minəcək. Belə ki, hazırlıq işlərinin, o cümlədən əczacılıq subyektləri tərəfindən dərman qutularının üzərində yeni qiymətlərin qeyd olunması, dərman qalıqlarının yenidən qiymətləndirilməsi, istehsalçılarla hesablaşmaların aparılması və digər hazırlıq işləri müəyyən zaman tələb edir:


"Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaqdır. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcəkdir. Beləliklə, Azərbaycanda aptek şəbəkəsinin fəaliyyəti artıq tamamilə yeni müstəviyə keçir ki, bu da əczacılıq müəssisələrinin dərmanların qiyməti ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparmalarına şərait yaradacaq”.


Nazir müavini həmçinin əlavə edib ki, ilin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq.

 

Azad Əliyev 

BAKU.WS