Nazir: "Dərmanların 90%-i ucuzlaşıb"
"Prezidentin tapşırığına uyğun olaraq, Tarif (qiymət) Şurasının qərarı nəticəsində qiyməti tənzimlənmiş dərman vasitələrinin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşüb. Belə ki, 20 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox enib".
BAKU.WS-in məlumatına görə, bunu İqtisadiyyat və sənaye naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev "Azərbaycan" qəzetinə müsahibəsində deyib. Nazir bildirib ki, hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənən dərman vasitələrinin 90 faizinin qiymətləri enmiş, qalan hissəsinin qiyməti isə dəyişməyib:
"Qiymətlərin tənzimlənməsi ilə dövlət başçısının qeyd etdiyi kimi şəffaflıq təmin ediləcək, hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi vətəndaşa dərman vasitəsini bütün apteklərdən eyni və optimal qiymətə almağa imkan yaradır və süni qiymət artımı məsələsi aradan qalxır. Pərakəndə satış qiyməti dərman vasitəsinin üzərində göstərilməklə yanaşı, müvafiq rəsmi internet resurslarında və KİV-də də yerləşdiriləcəkdir ki, bu da qiymət intizamına ictimai nəzarəti təmin edəcək".
Ş.Mustafayevin sözlərinə görə, bütün bunlarla yanaşı, bu islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına əlavə imkanlar yaradacaq: "Digər tərəfdən dövlət büdcəsinin xərcləri azalacaq, sığorta şirkətlərinin müvafiq xərclərinə qənaət etməyə imkan yaratmaqla sığorta sisteminin inkişafına töhfə verəcəkdir. Nəhayət, idxalçıları dərman vasitələrinin daha məqbul qiymətlərlə idxalına sövq edəcək, apteklər üzrə isə rəqabət qiymət müstəvisindən keyfiyyət müstəvisinə keçəcəkdir ki, bu da nəticədə xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq", - deyə nazir əlavə edib.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Ehtiyatlı olun: Bakıda saxta pullar var
Azərbaycanda xeyli miqdarda saxta pul dövriyyədən çıxarılıb. BAKU.WS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat Baş Cinayət...