13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Bir qrup şəxs Lerik rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahiblərindən şantaj yolu ilə pul tələb edir.

Bu barədə bir neçə istirahət mərkəzlərinin müraciətlərində deyilir ki, onlar özlərini müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edən ictimai qurumların rəhbərləri kimi təqdim edirlər və istirahət mərkəzlərində yoxlamalar apardıqlarını bildirirlər. Maraqlıdır ki, həmin şəxslər yoxlama aparmağa səlahiyyətlərinin olması barədə, eləcə də təmsil etdikləri qurum barədə heç bir sənəd təqdim etmirlər və ödəniş olmayacağı təqdirdə turizm obyektlərinin fəaliyyəti ilə bağlı aidiyyəti üzrə şikayət edəcəklərini deyirlər. Obyekt sahibləri isə bu şəxslər barəsində Baş Prokurorluğa şikayət edəcəklərini bildirir.

BAKU.WS xəbər verir ki, "report" həmin şəxslərin birinin nömrəsini əldə edib, onunla əlaqə saxlayıb, hansı ictimai qurumdan olması ilə maraqlansa da, konkret cavab ala bilməyib.

Məsələ ilə bağlı açıqlama verən "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Dübəndi isə deyir ki, turizm obyektlərinin fəaliyyətini adətən dövlət qurumları yoxlayır və bu yoxlamalar əksər hallarda monitorinq xarakteri daşıyır.

"Hansısa ictimai qurumlar da monitorinqlər keçirə bilər. Amma bu qarşılıqlı anlaşma şəraiitndə olur. Hazırda pandemiya ilə əlaqəli karantin dövrü hələ də davam edir. Bir çox yumşaldılmalara gedilsə də, bəzi karantin qaydaları hələ də qalır. Bu qaydalara riayət edilib-edilməməsi ilə bağlı bəzi qurumlar biznes subyektlərini yoxlaya bilər. Amma proses şirkətə öncədən məlumat verərək həyata keçirilir. Yaxud hansısa xidmətlərin göstərilmə səviyyəsini ölçmək məqsədilə Dövlət Turizm Agentliyi, bu qurumun regional nümayəndəlikləri turizm sahəsindəki biznes subyektlərində monitorinqlər aparır. Eyni zamanda qida təhlükəsizliyinə, gigiyena qaydalarına nə dərəcədə riayət edildiyini bilmək məqsədilə AQTA da obyektlərdə monitorinq apara bilər. Amma bu sadaladıqlarıma yoxlama adı vermək olmaz. Bunlar monitorinq xarakteri daşıyır".

Assosiasiya sədri vurğulayıb ki, bu gün turizm sektoru yüksək canlanma dövrünü yaşayır: "Turizm obyektləri daha çox insan qəbul edir. Onlara göstərilən xidmətin keyfiyyətini yoxlamaq məqsədilə ola bilər ki, hansısa dövlət qurumu obyektlərdə monitorinq aparsın. Amma “qışqır-bağır”la sərgilənən davranışla bu monitorinqlər arasında heç bir əlaqə yoxdur. Bir də obyektlərdə kameral yoxlama olur ki, onları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları aparır. Belə yoxlamalar müntəzəm baş vermir, öncədən sahibkara yoxlama keçiriləcəyi barədə məktub gəlir və yoxlamanın vaxtı sahibkarla razılaşdırılır. Müəyyən reydlər zamanı hüquq-mühafizə orqanları tərəfindən obyektlərdə qəfil yoxlama aparıla bilər. Belə hallar istisnalıq təşkil edir", - deyə o, qeyd edib.

S.Dübəndinin sözlərinə görə, bu gün Azərbaycanda biznes üçün əlverişli şərait yaradılıb: "Dövlət başçıı dəfələrlə bizneslərin hədər yerə yoxlanılmaması barədə tapşırıqlar verib. Yoxlamanın da bir qaydası var. Son illər ümumiyyətlə yoxlamaların olmadığını görürük. Yeni yaradılan şirkətlərə bir neçə il ümumiyyətlə yoxlama olmadan fəaliyyət göstərmək imkanı yaradılır. Sonradan kameral yoxlamalar olur. Amma bunlar nadir hallarda olur. Ümumilikdə demək olar ki, artıq biznes elektronlaşıb, öz hesabatlarını vaxtında verir və məsuliyyətini anlayır”.

Redaksiyamıza edilən şikayətlə bağlı məsələyə gəlincə, müsahibimiz burda qərəzli davranışın ola biləcəyini istisna etməyib: “Eyni adamlar müxtəlif obyektlərdə bu cür hallar yaradıbsa, onların qərəzli və mütəşəkkil şəkildə sahibkarlara problem yaratdıqlarını düşünmək olar. Digər tərəfdən, onu da istisna etmək olmaz ki, bu insanlar bəlkə də həqiqətən obyektdə nədənsə narazı olublar. Belədirsə, müəssisə onların könlünü almalıdır ki, narazılıqlar olmasın. Digər tərəfdən istisna etmirəm ki, onlar mərdimazar insanlar ola bilər, ödəniş etməmək üçün və yaxud digər səbəblərdən obyektdə problem yaratmağa çalışa bilərlər”.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun qəbul edilib. Ötən il həmin qanuna edilmiş dəyişikliyə əsasən yoxlamaların dayandırılmasının müddəti bu ilin sonuna qədər uzadılıb. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

BAKU.WS