SİZİN REKLAM BURADA!
055 213 76 73


Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BAKU.WS -ə verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində bu il noyabrın 30-da “Best Supply Company” MMC, dekabrın 3-də isə “Amotrade” MMC və “Bazarstore” MMC tərəfindən Türkiyədən ölkəmizə idxal edilən bibər məhsulu partiyalarına baxış keçirilib və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində ümumilikdə 5 nümunədə qonur qırışıqlıq virusu aşkar edilib. Faktla əlaqədar respublika ərazisinə idxal edilən təzə bibər məhsulunun bütün partiyalarının qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilməsi qərara alınıb.

Həmçinin yüksək risk səviyyəsi nəzərə alınmaqla, virus xəstəliyi aşkar ediləcəyi təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsul ixracatçı ölkəyə geri qaytarılacaq, ya da fitosanitar və ekoloji təhlükəsizlik qaydaları əsasında məhv ediləcək.

Qeyd edək ki, qonur qırışıqlıq virusu hazırda Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, İspaniya, Niderland və Belçikada geniş yayılıb. Həmin virus bibərlə yanaşı, pomidor, badımcan, kartof və tütün məhsullarına da böyük həcmdə zərər vurur.

İnsan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və meyvənin əmtəə keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu virus məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Xəstəliyə qarşı səmərəli mübarizə metodu olmadığı üçün yoluxmuş bitkinin sağlamlaşdırılması mümkün deyil.

BAKU.WS