Hyundai-ın beynəlxalq "Yeni Düşüncə" kampaniyasının 4 qalibindən biri Azərbaycandandır.
Həmyerlimiz Mahir Mədətov  internet üzərindən yarışmada iphone 6 qazanıb. 
 
1 ay ərzində davam edən yarışın qalibləri 2 ipad, 2 iphone qazanıblar. Bu hədiyyələrlə "Sizin hekayələr bizi innovativ düşüncələrə ilhamlandırır” mesajı verən Hyundai texnologiyaların onun üçün necə böyük əhəmiyyət daşıdığını vurğulayıb.
 
Qeyd edək ki, Hyundai-ın bu rəqəmsal kampaniyası Kann Film Festivalının Bürünc Şiri ilə mükafatlandırılıb.
 
Kampaniyanın hər kəsin yadında olması şübhəsizdir  – aprel-iyul aylarında YouTube-da 70 milyonadək baxış sayı olan video ən çox izlənən və sosial şəbəkələrdə ən çox paylaşılan reklamlardan sayılmaqla yanaşı, bütün dövrlərin ən yaxşı 2 avtomobil reklamından biri hesab olunub.
 
Belə şöhrətə səbəb reklamın çəkilişləri zamanı sərf olunan böyük zəhmət, eləcə də onun emosional və həssas ideyasıdır. Beynəlxalq Kosmik Stansiyada çalışan və uzun müddət Yerdə olmayan atasına mesaj göndərmək istəyən texaslı Stefaninin arzusunu Hyundai reallaşdırır - ABŞ-ın Nevada səhrasında yerləşən Delmar Quru Gölündə 11 ədəd Hyundai Genesis modeli Stefaninin "Stefani səni sevir” ismarıcını kosmosa "göndərir”. "Ən geniş təkər izi rəsmi” kimi Ginnesin Dünya Rekordları kitabına düşmüş bu kampaniya çətin videoçəkilişləri ilə də diqqəti çəkib və Kann Film Festivalında həm də video nominasiyasında Bürünc Şir qazanıb.
 
Həmyerlimizin qatıldığı internet yarışmanın qalibləri təsadüfi seçim əsasında müəyyənləşdirilib. İştirakçılar kampaniyanın səhifəsində Stefaninin "Steph loves you” mesajının əvəzinə öz ismarıclarını yazmaqla seçimə qoşulublar. Mahir Mədətovun "Elnur, you`re my best friend” ismarıcı ona uğur gətirib.