SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlər ölkədə nəqliyyatın bahalaşacağı barədə söz-söhbətlər səngimək bilmir. Düzdür, Bakı nəqliyyatı ilə bağlı məsələlərə aidiyyəti qurumlar açıqlama veriblər. Lakin müzakirə olunan məsələlərdən biri də rayon və şəhərlərarası avtobuslarda gediş haqlarının artırılmasıdır.

BAKU.WS xəbər verir ki, iddialara görə, yaxın vaxtlarda şəhərlərarası daşınmada gediş haqqı artımı olacaq. Hətta bildirilir ki, bununla bağlı daşıyıcı özəl şirkət rəhbərləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət edib. Xidmət rəhbərli də, bununla bağlı Tarif Şurasına müraciət ünvanlayıb.

Məsələyə aydınlıq gətirmək üçün qurumun sözçüsü Nuridə Allahyarova ilə əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, səslənən iddiaların əsası yoxdur.

“Bu dəqiqə bizim qurum tərəfindən qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edilməyib. Daşıyıcı şirkətlər tərəfindən də, gediş haqqı artımı ilə bağlı bizim quruma rəsmi müraciət daxil olmayıb. Ola bilər, şifahi şəkildə kimsə nəsə deyib, amma bununla bağlı rəsmi müraciət olunmayıb”.

Ziya SƏCCAD
BAKU.WS