Sürət həddi saatda 90 kilometr olan yolda 86 km/saat sürətlə gedən sürücü haqsız olaraq cərimələndiyini iddia edir.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Ağstafa rayon sakini Turan Nağıyev hadisənin Bakı-Qazax yolunda baş verdiyini deyib.

Sürücü mütəmadi istifadə etdiyi yolda haqsız olaraq tətbiq edilən cərimənin silinməsini istəyir. Cərimə ilə bağlı aidiyyəti qurumlara ərizə ilə müraciət etsə də, cərimə silinməyib.

Ödəniş vaxtı gecikdirildiyi üçün 50 manatlıq cərimə hazırda 78 manata qədər yüksəlib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına sorğu ünvanladıq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, sosial şəbəkələrdə Ağstafa rayon sakini Turan Nağıyevin özünə məxsus “Mercedes-Benz” markalı avtomobil ilə Bakı-Qazax-Gürcüstan avtomagistralının 453-cü kilometrliyində maskimal sürət həddinin 90 km/saat olduğu halda 86 km/saat sürətlə hərəkətdə olduğu zaman cərimə olunması ilə bağlı yayılan məlumatlar araşdırılıb:

“Məsələ ilə əlaqədar polis əməkdaşları vətəndaşın iştirakı ilə həmin əraziyə baxış keçirib, müvafiq araşdırmalar aparıblar. Araşdırmaların nəticəsində həmin ərazidə maksimal hərəkət sürətinin saatda 90 kilometr deyil, 60 kilometr olması müəyyən edilib və bu barədə vətəndaşla profilaktik söhbət aparılıb.

Araşdırmanın nəticəsindən razı qalan T.Nağıyev hər hansı bir şikayətinin olmadığını qeyd edərək polis əməkdaşlarına təşəkkürünü bildirib”.

BAKU.WS