Kamran Əliyev aşağı sürətlə hərəkət edən sürücülərin cərimələnməsi məsələsinə aydınlıq gətirib
Rusiyada baş verən yol qəzalarının səbəblərindən biri də avtomobillərin aşağı sürətlə hərəkət etməsidir. Açıqlanan rəsmi statistik məlumata görə, bu hal qəza səbəblərinin 10 faizini təşkil edir. Azərbaycanda da sürücülər mütəmadi olaraq qarşıdakı maşının aşağı sürətlə hərəkət etməsindən narazılıq edirlər. Avtomobilin ön işıqlarını yandırıb-söndürməklə, siqnal verməklə, əl hərəkətləri ilə, başını pəncərədən çıxarıb qışqırmaqla həmin maşının sürücüsündən sürəti artırmasını və ya zolağı dəyişməsini tələb edirlər.
Yol polisləri tez-tez sürət həddinin aşılmasına görə reydlər keçirir və qanunvericilikdə də yüksək sürətlə hərəkətə qarşı mübarizə üçün cərimələr daha da sərtləşdirilir. Bəs daha aşağı sürətlə hərəkətə görə qanunvericilik nə deyir?
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanda sürət həddinə yanaşma bir çox parametrlər üzrə çox anormaldır: "Bizdə "maksimum sürətin məhdudlaşdırılması” nişanı tətbiq edilir. O nişan da deyilir ki, mənim müəyyən etdiyim sürətdən yuxarı getmə. Amma aşağı getmək olar. Yol şəraitinə, havanın meteoroloji vəziyyətinə və avtomobilin texniki vəziyyətinə görə sürət aşağı salına bilər. Qanun da buna icazə verir. Sadəcə bəzi yerlərdə çoxzolaqlı yolun 1 və ya 2 zolağında minimal sürətin məhdudlaşdırılması nişanı quraşdırıla bilər. Azərbaycanda isə bu nişan heç yerdə quraşdırılmayıb. Qanunvericilikdə də göstərilən sürət həddindən aşağı sürətlə sürməyə görə cərimə nəzərdə tutulmayıb, praktik olaraq bunu ölçmək də mümkün deyil”.
Ekspert əlavə edib ki, bu halla bağlı qanunda sadəcə qadağası olub cəriməsi olmayan bir qayda var: "Yol hərəkəti haqda qanunun 50-ci maddəsində qeyd olunub ki, lüzumsuz yerə asta sürətlə hərəkət edərək nəqliyyatın hərəkətinə maneə yaratmaq qadağandır. Avtomobili asta sürətlə idarə edən sürücünün bunu lüzumsuz, yoxsa lüzumlu səbəbdən etməsini müəyyən etmək isə qeyri-mümkündür. Buna görə cərimə də tətbiq oluna bilməz, qanunvericilikdə də cəza nəzərdə tutulmayıb.
Oxşar halla bağlı qanunda yalnız bir müddəa var. O da nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində yerləşdirilmə qaydalarıdır. Yəni, hərəkət zolaqlarında sürət rejiminə uyğun olaraq sağ solağı seçmək məcburiyyəti tətbiq olunur. Sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət etməyə görə 40 manat cərimə nəzərdə tutulub. Bu qayda da yaşayış zonalarında tətbiq edilə bilməz. Bizim ölkəmizdə "asta gedirlər deyə, mənə maneə olurlar” deyənlərin yanaşması düzgün deyil.
Yol hərəkəti təhlükəsizliyində belə bir yanaşma var ki, avtomobilin sürəti digər nəqliyyat vasitələrinin sürətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, hansı zolaqda hərəkət etməsindən asılı olmayaraq qəzaya səbəb ola bilər. Əhəmiyyətli dərəcədə o deməkdir ki, 110 km/saatlıq yolda hamı 100 km/saat sürətlə gedirsə, bir maşın 40 km/saat sürətlə hərəkət edəndə qəzaya səbəb ola bilir. Amma intensiv hərəkət yoxdursa, tıxac yaranmaq üzrədirsə, hamı 40-la gedəndə sən də 40-la getməlisən. Yaxud qar yağanda hamı 20 km/saat sürətlə gedirsə, sən də məcbur olaraq o sürətlə hərəkət etməlisən”.
Ə.Hüseynov deyib ki, təcrübədə yüksək sürətli zolaqda aşağı sürətlə hərəkət etməklə qəzaya səbəb olma halları dəfələrlə olub: "Məsələn, daş yüklü "KAMaz” 3-cü zolaqda 40 km-saat sürətlə getdiyi üçün həmin zolaqda daha yüksək sürətlə hərəkət edən avtomobil məcbur olaraq həmin yük maşınını sağ tərəfdən ötür. Bu zaman isə ötməni başa çatdıra bilmədiyi üçün sağ zolaqda qarşısında gedən avtomobilə çırpılır və qəza baş verir”.
Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev açıqlamasında bildirib ki, radarların aşağı sürət həddini müəyyən edə bilməsi texniki olaraq mümkündür:
"Azərbaycanda magistral yollarda minimum sürət həddi 50 km/saat-dır. Hansısa nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulan maksimum sürəti 50 km/saatadəkdirsə, onların magistral yolda hərəkətinə icazə verilmir. Əks halda istənilən maşın magistral yolda hərəkət edə bilər. Azərbaycanda rayonlararası yollar magistral deyil. Amma kimisə 100 km/saatlıq yolda 70 km/saatla getdiyinə görə məsuliyyətə cəlb etmək olmaz. Qanunvericilikdə bu, nəzərdə tutulmayıb. Sürücü yalnız sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət etməyə görə məsuliyyət daşıyır.
Əgər magistral yolu bildirən nişan varsa, minimal sürətin məhdudlaşdırılması nişanının quraşdırılmasına ehtiyac yoxdur. Hansısa nəqliyyat vasitəsinin aşağı sürətlə hərəkət etməsi yox, onun arxasınca gələn sürücünün diqqətsizliyi qəzaya səbəb ola bilər. Sürücülər bəzən sağ zolaqdan ötməyə cəhd edirlər və həmin zolaqda hərəkət edən maşını əvvəldən görmədikləri üçün toqquşma baş verir.
50-ci maddənin tələbinin pozulması hallarına əsasən şəhər daxilində rast gəlinir. Sürücülər heç bir səbəb olmadan həddən aşağı sürətlə hərəkət edərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə olurlar. Qanunvericilikdə buna görə cərimə nəzərdə tutulmayıb. Sürücü yalnız əsaslı səbəb olduqda buna görə məsuliyyət daşımır. Məsələn, maşında texniki nasazlıq olduqda bu hal baş verə bilər. Bu zaman isə sürücü qəza dayanma işıqlarını yandırmalıdır”.
K.Əliyev rayonlararası yollarda yük avtomobillərin asta sürətlə hərəkətindən şikayət olunması ilə bağlı bunu deyib: "Bizim yollarda onsuz da yük maşınlarının 70 km/saatdan artıq hərəkətinə icazə verilmir. Həmin maşınları 40-50 km/saat sürətlə hərəkət etməyə görə isə cərimə yoxdur”.
Bu müzakirələrdən və qanunvericilikdəki qaydalardan çıxan nəticə budur ki, Azərbaycanda aşağı sürətlə hərəkətin məhdudlaşdırılmasına görə konkret bir hədd müəyyən olunmayıb. Sadəcə səbəb olmadan həddən artıq aşağı sürətlə sürmək qadağan edilir. Buna görə isə cərimə nəzərdə tutulmayıb.
BAKU.WS
Oxşar xəbərlər
YPX 120-lik yolda "protiv" sürdü (VİDEO)
Yol polisi əməkdaşı sürücülərə təhlükəli anlar yaşadıb. Hadisə şahidlərinin Missiya.Az-a göndərdiyi videoda polis əməkdaşının xidmət avtomobili ilə yolun əks i...