SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhərində tıxacları aradan qaldırmaq üçün ən alternativ yol paytaxtda tramvay və trolleybus xətlərinin çəkilməsidir.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib.

O bildirib ki, əgər Bakıda tramvay və trolleybus xətləri çəkilərsə, bu şəhərdə sıxlığı aradan qaldıra bilər:

"Şəhərdaxili ictimai nəqliyyatın bütün variantlarını inkişaf etdirə bilsək, xidmətin kəmiyyət və keyfiyyətini artıra bilsək çox yaxşı olar. Yəni bunun üçün tramvay və trolleybus xətlərini çəkməklə yanaşı, xidməti də komfort etmək vacibdir.

Belə olarsa, əhali şəxsi nəqliyyat vasitələrindən az istifadə edər və bu da şəhərdə tıxacların qarşısını alar. Həmçinin ətrafı ərazilərə dəmir yolu qatarlarının da bərpası paytaxtda avtomobil sıxlığını azalda bilər".

Xəzər dənizi vasitəsilə şəhərdaxili nəqliyyatın təşkilinə gəlincə isə, Ə.Hüseynov bildirib ki, bu layihə sıxlığı aradan qaldırmaq üçün o qədər də əlverişli vasitə deyil:

"Bu sıxlığı aradan qaldırmaq üçün o qədər də effekt verməyəcək: "Məsələn, Əhmədli, Zığ qəsəbəsindən "dəniz taksisi" deyilən marşrutla Bulvar ərazisinə və ya Bayıl qəsəbəsinə hərəkət etmək olar. Bu yalnız həmin ərazilərdə tıxaclara kömək edəcək.

Digər ərazilərdə sıxlığa təsiri olmayacaq. Bundan başqa, Əhmədlidən həmin dəniz taksisindən istifadə etmək istəyən şəxs limana qədər hansısa nəqliyyat vasitəsilə gəlməli, gəldiyi yerdən isə şəhərin hansısa istiqamətinə digər nəqliyyat vasitəsindən istifadə etməlidir.

Ona görə də bu marşrutdan istifadə edəcək şəxslərin çox olmasını düşünmürəm".

BAKU.WS