11, 18, 20 saylı avtobuslarda 30 dəqiqə gecikmə halı baş verib
Bu gün səhər saatlarından başlayaraq paytaxtın bir sıra ərazilərində hərəkət edən ictimai nəqliyyatda gecikmə halları yaşanıb.
Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə çoxsaylı şikayətlər daxil olub.
Qeyd edilib ki, bunlar əsasən 11,18, 20 saylı marşrut xəttləridir.
Şikayətçilərin sözlərinə görə, Suraxanı rayonu Günəşli ərazisindən şəhər istiqamətində hərəkət edən 20 saylı avtobusda 30 dəqiqə gecikmə müşahidə edilib.
Eyni hal Təhsil Nazirliyindən 28 May istiqamətində hərəkət edən 11 saylı avtobusda və Yeni Yasamal ərazisindən Sahil istiqamətində hərəkət edən 18 saylı avtobusda da yaşanıb.
Sərnişinlərin adları qeyd edilən avtobusların hər birinin 30-35 dəqiqə gecikmə intervalı ilə hərəkət etdiyini deyib. Nəticədə onlar lazım olan ünvana gec saatlarda çatıblar.
18 saylı avtobusun gecikməsi ilə bağlı "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev BAKU.WS-ə açıqlama verib. Qurum rəsmisi qeyd edib ki, intervalın pozulma halları var və bunun qarşısının alınması üçün şirkət əlindən gələni edir:
"Bu gün səhər saatlarından etibarən müşahidə edilən yağıntı ilə əlaqədar yaranan tıxaclar, eləcə də paytaxtımızda keçiriləcək tədbirlə bağlı bəzi istiqamətlərdə hərəkətin məhdudlaşdırılması səbəbindən bir çox marşrut xətlərində müəyyən interval pozulmaları halları mövcuddur. Bu kimi halların yaranmaması, sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün əlimizdən gələni edirik".
11 və 20 saylı avtobuslardakı gecikmə halları ilə bağlı isə "BakuBus" MMC-in mətbuat katibi Əsmər Əliyeva BAKU.WS-ə açıqlama verib. O bildirib ki, 20 saylı avtobusda gecikmə halı müşahidə edilməyib və ictimai nəqliyyat normal intervalla fəaliyyətinə davam edir:
"BakuBus" MMC-nin istismarında olan 20 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 8-9 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 20 avtobus hərəkət edir.
Qeyd etmək istərdik ki, BakuBus MMC-nin monitorinq mərkəzinin son bir həftəlik müşahidələrinə əsasən, 20 nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmələr müşahidə edilməyib.
Lakin, bu gün qeyd olunan marşrut xəttində yaranmış gecikmə ilə bağlı bildiririk ki, paytaxtda keçiriləcək Zəfər paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən avtobusların hərəkət qrafikində gecikmələr müşahidə olunur.
Bu çərçivədə 20 nömrəli marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq aşağıdakı istiqamət üzrə təşkil edilib: "28 May" NMM – Puşkin küçəsi – Nizami küçəsi – Yusif Səfərov küçəsi – Xocalı prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Süleyman Vəzirov küçəsi – Ağ Şəhər – 8 Noyabr prospekti, daha sonra öz hərəkət sxemi üzrə; əks istiqamətdə isə 8 Noyabr prospekti – Xaqani Rüstəmov küçəsi – Süleyman Vəzirov küçəsi – Nəcəfqulu Rəfiyev küçəsi – Xocalı prospekti – Yusif Səfərov küçəsi – Mehdi Mehdizadə küçəsi – 28 May küçəsi – Rəşid Behbudov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərir. Sərnişinlərdən müvəqqəti narahatlığa görə anlayışla yanaşmaları xahiş olunur".
Əsmər Əliyeva BAKU.WS-ə açıqlamasında 11 saylı avtobusda da heç bir gecikmə halı yaşanmadığını bildirib:
"BakuBus" MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna əsasən 7-8 dəqiqəlik intervalla fəaliyyət göstərir və xətt üzrə ümumilikdə 20 avtobus hərəkət edir. Qeyd etmək istərdik ki, Monitorinq Mərkəzinin son bir həftəlik müşahidələrinə əsasən, 11 nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmələr müşahidə edilməyib.
Lakin, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Salatın Əsgərova,Süleyman Rəhimov , Əbdüləzəl Dəmirçizadə, Təbriz, Əhməd Rəcəbli ,Məhəmməd Hadi küçəsi , Ziya Bünyadov ,Qara Qarayev ,Xətai prospektində müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervallarda artım müşahidə edilir.
Bu gün qeyd olunan marşrut xəttində yaranmış gecikmə ilə bağlı bildiririk ki, paytaxtda keçiriləcək Zəfər paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixlərində bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən avtobusların hərəkət qrafikində gecikmələr müşahidə olunur".
Oxşar xəbərlər
Xəzər dənizinin bir hissəsi NİYƏ QIRMIZI RƏNGƏ BOYANIB? - RƏSMİ AÇIQLAMA
Xəzər dənizinin bir hissəsində suyun rəngi qırmızı olub. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd edilib ki, Xəzərin Türk...