Yaba ilə ayağı kəsilən gəlinin ACI DRAMI

Yaba ilə ayağı kəsilən gəlinin ACI DRAMI
Şou-biznes 1183

Ailədə gördüyü işgəncələr onun yolunu paytaxta salır. Bakıya televiziya kanallarından birinə müraciət edən kimi orada ona mütləq kömək olunacaq ümidiylə gəlir. Lakin aldığı cavab onu məyus edir. Kömək ancaq efirə çıxarsa, ola bilərdi. O isə bundan imtina edir. Bu halda onu qadın sığınacağına yönəldirlər. Sığınacaq adı ona yad olduğundan bir az qorxudur. 5 gün əvvəl boxçasını qucağında çəkinə-çəkinə gəldiyi "Təmiz dünya" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağından bu gün çox razılıq edir.

Qarşımda 40 yaşlarında çəlimsiz bir qadın var. Saçlarını arxadan toplayıb. Danışdıqca üzünə düşən telləri qabar bağlamış barmaqları ilə kənara atır. Müsahibimi şərti olaraq Samirə adlandıracam.

Samirə 1975-ci ildə şimal rayonlardan birində dünyaya gəlib. Ailədə 4 qardaş, 3 bacı olublar. O, qızların son beşiyidir. Özündən kiçik 2 qardaşı var. 5-6 yaşında olanda əmisi ona dəfələrlə ögey olduğunu deyib. Bu haqda soruşanda, anası "inanma ona, sən bizim qızımızsan. Səni mən dünyaya gətirmişəm", deyir. Bir neçə il sonra əmisi rəhmətə gedir və bu söhbətin balaca Samirənin yadından çıxır. İllər sonra qardaşlarının ona qarşı etdiyi əziyyətlər əmisinin dediklərini xatırladır ona. "Bəlkə mən həqiqətən də ögeyəm deyə qardaşlarım mənimlə belə davranırlar?!", deyə düşünür:

- İndi düşünürəm, mənim nə atamla, nə də anamla bir oxşarlığım yoxdu. Heç qardaş-bacılarıma da oxşamıram. Bəlkə də əmim düz deyirmiş elə. Belə şeylə zarafat etməzlər.

- Valideynlərinizdən sağ olanı varsa, soruşa bilərsiniz.

- Atam rəhmətə gedib. Maşın vurmuşdu. Bir qədər xəstə yatdı. Ağlı gedib gəlirdi. Qəzadan bir neçə il sonra rəhmətə getdi. Anam sağdı amma.

Gözləri dolur. Ağlamamaq üçün özünü sıxsa da, yanağından yaş süzülür.

- Onu nə görmək istəyirəm, nə də nəsə soruşmaq. Onu da bağışlamayacağam! (pauza). Tutaq ki, bildim. Nə dəyişəcək? 42 yaşım var. Bundan sonra nə xeyri var?! Mən gördüyümü gördüm...

BAKU.WS xəbər verir ki, bugünkü qəhrəmanımız öz həyat hekayətini lent.az-a danışır.

- Böyük qardaşımın evlənməyə qız axtarırdı. Qızı alıb Çitaya (Rusiya Federasiyası) gedəcəkdi. Bakıda bir qız bəyənmişdi. Əslən Füzulidən idilər. Qardaşımla evləndilər. Bir qədər sonra məni gəlinimizin xalası oğluna istədilər. Onda gəlinimiz dedi ki, bax ha, özün qərar ver. Sonra söz-söhbət olar, mənim boynumda qalmasın. Mən getmək istəmirdim. Elə atam da vermək istəmirdi. Gəlinimizin anası israr etdi ki, bacımı Füzulidən gətirtmişəm bura, qızı ver, getsin. Mamam da verdi.

- Oğlanı görmədən?

- Oğlan özü də elçi gəlmişdi. Elə mən də buna təəccüb qalmışdım. Biz tərəfdə oğlan elçi gəlməz. Ondan əvvəl də məni dilə tutub Bakıya gəzməyə gətirmişdilər. Gəlinimizin qohumları kimi. Belə söhbət yox idi. Bulvarı gəzdik. Oğlanı ilk dəfə orda görmüşdüm. Mənə yaxınlaşıb dedi, "anamın gəlini olarsan?". Dedim, mən bir söz demirəm, atam-anam bilər. Amma evə gələndə qəti etiraz elədim ki, oğlan uşaqdı, mən ondan çox böyüyəm.

- Neçə yaşı vardı ki?

- Onun 20, mənimsə 30. Sən demə, oğlanın anası da atasında yaşda çox böyükmüş deyə buna normal baxırlar. Amma mən heç istəmirdim. Onda məni dilə tutdular ki, sən gənc görünürsən. Heç yaşını vermirsən. Yanaşı duranda yaşıd görünürsünüz. Oğlanın anası dedi, əgər vermirsinizsə, biz çıxaq gedək. Onda anam dedi, mən qapıma gələn adamı dala qaytarmıram. Beləcə gəlinimizin xətrinə məni verdi. Onlar da dedilər, qız bizimdirsə, elə bu gecə onu da özümüzlə aparırıq. Nə "ZAQS" oldu, nə nişan, nə toy. 2005-ci il avqustun 27-si idi. Gecə məni götürüb gəldilər Bakıya. Əlimdə yarımçıq xalçam qalmışdı. Zəng etdim qızlara ki, məni apardılar. Xalçamı siz bitirin. Qayınanamgil Füzulidə yaşayırdı. Qayınlarım Bakıda kirayə tutub qalırdılar. Qaldıqları ev köhnə çörək bişirilən yer idi. Pərdə ilə otağı 3 yerə bölmüşdülər. Birində qayınla arvadı, digərində yoldaşımla mən, sonuncu da isə qayınatam, qayınanam və subay qayınlarım qalırdı. 6 nəfər qaldıq bu bir otaqda.

- Orda nə qədər qaldınız?

- Bir həftə. Sonra biz Füzuliyə getdik. Toya hazırlaşırdıq ki, qayınanamın qardaşı rəhmətə getdi. Dedi, eyibdir, bir az keçsin, sonra. 4 ay sonra "Təbriz" restoranında toyumuz oldu. Sənədlərim evdə qalmışdı deyə nikah kəsdirə bilmədik. 3 gün orda mənə çox yaxşı baxdılar. 3 gündən sonra qayınanam dedi, "bu evin torpağını-daşını öz əllərimlə daşımışam. Bəzəkli otaqda qalmaq mənim haqqımdı".

Beləcə, onların ailəsindəki söz-söhbətlər başlayır. Əvvəl qayınanası sözlə sancırdısa, zamanla bu kötəyə keçir. Döyülməkdən hər yanı göm-göy olarmış.

- Dırnaqları uzun idi. Boğazımdan tutub boğurdu məni. Dırnaqları boğazıma keçirdi. Qayınatam deyirdi, başa sal gəlini. Yola gedin, mehribançılıq olsun.

- Həyat yoldaşınız buna nə deyirdi?

- Biz evlənəndən bir qədər sonra o Bakıya qayıtdı. Usta işləyirdi. Evləri təmir edirdi. Mən deyəndə, inanmırdı. Həyat yoldaşımdan narazı deyiləm. Anası beynini doldurmasa, yaxşı idi. Qayınanam baxıcıdır. Mollalıq edirdi. Bir otağı baxıcılıq üçün ayırmışdı. Taxçalarda şəkillər. Kitablar düzmüşdü. Ora ayrı adamı girməyə qoymurdu. Yoldaşım rayona gələndə onu həyətə aparıb başını doldururdu. Evin bütün işini mən görürdüm. Evin işini də görürdüm, əkin də əkirdim. Pambığa da gedirdim. Avqust ayı idi. Pambığın alağını çəkəndə qayınanam yoldaşıma dedi, guya mən qəsddən alaq əvəzinə pambıqları çıxarıram. O da əsəbiləşib yabanı atdı mənə. Yaba ayağımı kəsdi. Böyük yara idi. Ayağım şişib top kimi oldu. Həkimə də aparmadılar. Yoldaşım qollarımı bağlayıb yarama yod tökürdü ki, sağalsın. Bir gün anam zəng elədi ki, qardaşım Çitadan gəlir. Sizi də qonaq çağırır. Görüşmək istəyir, gəlin. Ayağım sağalmamışdı. O vəziyyətdə getdik anamgilə.

- Hamınız?

- Yox, qayınanam getmədi. Qayınatam, qaynım, yoldaşım və mən. Yedik-içdik, axşam olanda hazırlaşırdıq ki, gedək, qardaşım dedi, gəlmişkən bir-iki gün qalın. Uzaq yol gəlmisiniz. Yoldaşım qalmaq istəyəndə qayınatam dedi, sabah işə getməlisən, hara qalırsan? Mənə dedilər, sən qal. Özləri getdilər. 3 gün gözlədim, 5 gün gözlədim, dalımca gələn olmadı. Zəng etdim qayınanama. Dedi, sənin dalınca gəlməyəcəyik. Bizimki səninlə qurtardı. Yoldaşıma zəng elədim. Dedi, sənin haqqında anam mənə çox sözlər deyib. Sən anamla yola getməmisən, istəmirəm səni. Anam nə deyir, mənə qanundur!

- Nə qədər ailəli qaldınız?

- Bir il. 2005-in avqustun 27-si getmişəm, 2006-cı il, avqustun 30-da qayıtmışam.

- Ailənin bu ayrılığı necə qarşıladı?

- Rəsmi nikahım olmadığından məhkəməyə müraciət edə bilmədik. Həm də uşaq yox idi axı. İki gündən sonra cehizimi özləri maşın tutub yollamışdı. Gəlinimiz Çitadan gələndə getdi Füzuliyə, xalası ilə dalaşdı. Üstündən 10 ildən çox vaxt keçib, hələ də danışdırmır. Bu yaxınlarda gəlinimizin anası rəhmətə getdi. Onun yasını Füzulidə verdilər. Yasdan gələndə dedi, anası oğlanı təkrar evləndirib. Bir qızı da var. Böyük qardaşım mənə qarşı yaxşıdır. Amma digər qardaşlarım bu 10 ildə məni çox incitdi. Yola vermədilər. Kiçik qardaşım açıqca mənə dedi ki, hara gedirsən get, mən sənə baxa bilmərəm. Öz ailəmi güclə saxlayıram.

- Cehiz vermişdilər?

- Hə, mebellər. Onlar oğlana ayrıca ev, altına maşın və mal-qarada istəmişdilər. Kasıbıq deyə ancaq mebelə almağa çatdı, onu vermişdilər.

- Elçilikdə elə bir söhbət olmuşdu ki, oğlana ev, maşın da alınacaq?

- Yox, məni aparandan sonra qayınanam anamdan istədi.

- 5 gündür burdasınız. Ailəniz sizi axtarır?

- Hə, dünən polis gəlmişdi. Elə qorxdum ki, məni məcbur aparacaqlar. Polis dedi, qorxma. Sadəcə izahat almağa gəlmişik. İstəməsən, kimsə səni zorla aparmaz.

Samirə sığınacaqda ailəsi üçün qətiyyən darıxmır. Evə dönməyi də istəmir. Anası ölüm yatağında olsa da, onu da görmək istəmir. Deyir, mənə çox zülm veriblər. Anam da bunları görüb susub. Yaxşı xalça toxuyur. Buna uyğun iş axtarır. Xalçaçılıq olmasa da olar, "təki, iş olsun", deyir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər