Siyavuş Kərimi: “Özünü kişi hesab edənin adı Soso olmaz”

Siyavuş Kərimi: “Özünü kişi hesab edənin adı Soso olmaz”
Şou-biznes 13360

Azərbaycanın görkəmli sənət adamları arasında Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin noyabrın 30-da Bakıda – Heydər Əliyev Sarayında verəcəyi konsertinə qarşı etiraz edənlərin sayı artmaqdadır. 

Bu dəfə məsələyə münasibətini BAKU.WS vasitəsilə Azərbaycan milli konservatoriyasının rektoru, xalq artisti, bəstəkar Siyavuş Kərimi və xalq artisti, sənətkar Flora Kərimova bildirib.

S.Kərimi əməkdaşımızla söhbətində Soso Pavliaşvilinin öz müsahibəsində "Mən Bakını ermənilərə görə sevmişəm” ifadəsinə öz sərt mövqeyini ifadə edib.

"Soso erməniləri belə çox sevəndir, gedib, onlar üçün oxusun! Niyə Bakıya gəlir ki?! Bu adam gedib, Qarabağda çıxış edirsə, onu ümumiyyətlə, Azərbaycana, Bakıya buraxmaq düzgün deyil. İkinci bir tərəfdən isə Soso Pavliaşvili haqqında danışarkən, ağıla heç də böyük musiqi və ya sənət gəlmir. O, restoran müğənnisidir. O, uzaqbaşı gedib, kababxanada oxuya bilər. Gedib ermənilər üçün oxusun. Gəlib, bu camaata "mədəniyyət dərsi” keçməsin. Onu bura niyə çağırırlar axı? Onu bura çağıran da onun tayıdır. Soso deyir, "Mən Bakını ermənilərə görə tanımışam”. Bu nə sözdür? Mən anlamıram, Bakı məgər erməni şəhəridir ki, sən buranı ermənilərə görə tanıyasan? O, sənətkar deyil, restoran oxuyanıdır. Nə qədər piyan olasan ki, Sosoya qulaq asa biləsən. Özünü kişi hesab edənin elə adı olmaz: Soso...”

"Soso, Azərbaycan xalqı sənin üzünə tüpürür!"

Xalq artisti Flora Kərimova da ortaya sərt mövqe qoyub:

"Soso Pavliaşvili, sən hansı üzlə Azərbaycana gəlirsən? Səndən soruşuram, hansı üzlə, hansı sifətlə, hansı haqla? Millətimin qürurunu tapda, get, oğullarımın qanı ilə sulanmış, 24 ildir üzünə həsrət qaldığım Qarabağımda konsert ver, pul qazan, sonra o millətin özü kimi qondarma erməni soyqırımını tanı, onlarla qardaş olduğunu de. Bir qarın çörək üçün Qarabağımda diz üstə sürünən sən, hansı haqla bu torpağa- məmləkətimə gəlib, mənim udduğum havanı udacaqsan, yediyim yeməyi yeyib, paytaxtımda gəzəcəksən? 

Sən soruşdun ki, bu millət səni görmək istəyir ya yox!? Od içində yanan torpağa hansı ürəklə ayaq basacaqsan? Azərbaycan xalqı sənin üzünə Qarabağa ayaq basanda tüpürdü! Tüpürcəyi üzündən silsən də, ömür boyu ləkəsi qalacaq! Torpağımın yiyəsi var, o da xalqımdır! Bura gəlmə! Sənin burada qazandığın xeyriyyəçiliyin öz qarnına belə çatmaz. Millətim o günə qalıb ki, sənin kimisi gəlib, burada xeyriyyə konserti versin?! Milli qeyrətini erməni yollarında səpələyən, Soso, sənin xeyriyyə konsertinə ehtiyacımız yoxdur, ay bədbəxt! Millətimin heysiyyatını çəkən, namusunı qoruyan, sabahını düşünən, vuran əli, sizin kimi satqın, qeyrətdən xəbəri olmayan heçlərə cavab verən ordum var. Millətim var, dövlətim var”.

Aysel.Ş

BAKU.WS

Son xəbərlər