Robert De Niro azərbaycanlı milyarderin ticarət mərkəzində restoran açdı
Hollivudu ulduzu Robert De Niro Moskvada yeni biznes fəaliyyətinə başlayıb.
BAKU.WS-in məlumatına görə, məşhur aktyor Nobu yapon restoranının şərik olub. Hollivud ulduzunun yeni restoranı azərbaycanlı milyarder Araz Ağalarovun "Krokus City Moll"da açılıb.
Robert De Niro sonuncu dəfə Moskvaya 1987-ci ildə gəlmişdi. O, uzun müddətdən öncə Moskva beynəlxalq kino festivalının münsiflər heyətinə başçılıq edib. Yenidənn Rusiyaya qayıdan aktyor Moskvanın xeyli dəyişdiyini bildirib. Xüsusilə gecələr şəhərin gözəlliyi məşhur ulduzu təəcübləndirib.
Xatırladaq ki, Robert De Niro 1943-cü il 17 avqustda Nyu-Yorkda anadan olub. Robert 16 yaşında incəsənət məktəbinə daxil oldu. Və bununla da onun aktyorluq dünyasına cığırı başladı. O, iki ildən sonra aktyorluq studiyasına gəldi və burada yorulmaq bilmədən, usanmadan çalışmağa başladı. O inanırdı ki, bütün bu əziyyətlərinin nəticəsi olacaq. Oldu da. Nəhayət düz dörd ildən sonra o, rejissor Brayn de Palmanın filmində özünün ilk rolunu oynadı. "Manhettendə üç otaq"da onu epizodik rola çəkdilər. De Niro yolunu düz seçmişdi, tale onu bu yolda aparacaqmış. Belə ki, üç ildən sonra De Niro yenidən ekranda göründü. Bu dəfə "Salamlaşma"da Con Rubin obrazında. İlk rolları ilə sənətdə partlayış etməsə də artıq belə demək olar ki, onun önü açılmışdı, yalnız yorulmadan çalışmaq lazım idi. O belə də etdi. Və növbəti il yeni bir filmə - "Semin nəğməsi" lentində Sem Nikoletti rolunda çəkildi.
1974-cü ildə Robert De Niro "Xaç atası 2" filmində çəkildi. Filmdə De Niroya həvalə olunan Vito Karleoni obrazını aktyor çox böyük ustalıqla, bacarıqla yaratmaqla demək olar ki, şöhətin qapılarını öz üzünə açdı. Milyonlarla tamaşaçının sevimli aktyoruna çevirdi. İndi hamı ondan danışırdı. Robert sanki sənətdə özünü təsdiqləmişdi. Bu parlaq obraz kinonun "boss"larının da diqqətini çəkməyə bilməzdi. De Niro məhz bu roluna - ikinci plandakı rol nominasiyasına görə "Oskar" mükafatına layiq görüldü.
De Nironun 1976-cı ildəki yaradıcılığını məhsuldar hesab etmək mümkündü. Belə ki, bu il ərzində o üç filmdən təklif aldı və hər üçündə uğurla çəkildi: "Taksiçi", "İyirminci əsr" və "Sonuncu maqnat". İstedadlı aktyorun uğurları da davam edirdi. 1980-cı ildə onu tamaşaçılara bir də sevdirən, dünyadakı məşhurluğunu daha da artıran bir filmə çəkildi. Martin Skorsezin "Vəhşi öküz" filmində Robert De Niro yenidən əvəzsiz bir ifaya imza atdı. Yaratdığı obraza görə o, "Ən yaxşı aktyor" nominasiyası üzrə yenidən "Oskar" mükafatına layiq görüldü. O, artıq Böyük aktyor, Hollivudun "boss aktyor"larından biri olmuşdu. Yalnız onun iştirakı hər hansı bir filmin uğurunun qabaqcadan tən yarısı demək idi. Elə bu üzdən də o, təkliflərdə seçim etməliydi. Amma aktyor üçün əsas meyar rolun böyüklüyü və ya kiçikliyi deyildi, kifayət idi ki, De Niro özünü həmin rolda görə biləydi.
De Niro uzun müddətli aktyorluq karyerasında 75-dən çox filmdə çəkilib. Onun 37 yaşında çəkildiyi və ona şöhrətin ən uzaq şirinliklərini belə daddıran "Bir dəfə Amerikada" filmindəki Devid Aaraonson (Lapşa) rolu aktyorun şedevrlərindən sayılır. Yaratdığı bu obrazla təkrarsız bir ifa sərgiləyən De Niro həqiqətən də aktyorluq sənətini, sözün ən yaxşı mənasında, silkələdi. Kino mütəxəssisləri etiraf edirlər ki, De Niro rejissorun, ssenaristin, prodüsserin obraz üçün unutduqları, və ya tapa bilmədikləri ştrixləri, xarakterik xüsusiyyətləri özü kəşf edir, standart ölçüləri dağıdır, rolu tamaşaçının yaddaşına həkk etməyi bacarır. Doğrudan da hər kəs onun obrazlarının hər birini öz xarakterində, fərqli-fərqli detallarla görürdü.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Robert De Niro Araz Ağalarov üçün oxudu (VİDEO)
Məşhur Hollivud aktyoru Robert De Niro azərbaycanlı milyarder Araz Ağalarovun ad günü mərasimində mahnı oxuyub. BAKU.WS-in məlumatına görə, azərbaycanlı mily...