Mina sükutu pozdu: "Həmişə məni incidən, haqsız şərhlər, tənqidlər almışam"
Müğənni Mina Hüseyn iddialı açıqlamaları ilə diqqət çəkib. Sənətçi ilin sonunda bir sıra maraqlı mövzulara toxunub.
BAKU.WS sözügedən açıqlamaları təqdim edir:
Sənətçi ilkin olaraq geridə qoyduğumuz illəri təhlil edərək, 2026-cı ildə olacaq gözləntilərini dilə gətirib:
"2025-ci il mənim üçün özümü yenidən kəşf etdiyim il oldu. Uzun müddət səhnədən kənar qalmışdım. Dönüşdən sonra çalışdım ki, bu illəri boşluq kimi yaşamayım. Öz içimə baxaraq, güc toplayaraq yenidən musiqiyə qayıtmışdım. Son zamanlar ifalarıma fikir versəniz tamaşaçılarımla səmimi bağımı rahat görərsiniz. Və bu, mənə böyük motivasiya verdi. Qarşıdan gələn 2026-cı il üçün planım odur ki, özümü daha da inkişaf etdirim. Yeni musiqi layihələri, kliplər təşkil etməliyəm. Söz verirəm ki, gələn ildə sevənlərimi daha çox uğurum ilə sevindirəcəm".
İfaçı açıqlamaları zamanı sənətə 1 mahnı ilə vurduğu möhürdən, sənətdəki iddialı yerindən də bəhs edib:
"Mən özümü estradada səhnə enerjisi ilə alışıb-yanan, fövqaladə bir sənətçi kimi tanıyıram. İllər əvvəl cəmi 1 mahnı ilə necə parladığım hamıya məlumdur. Bəzi səbəblərdən uzun illər uzaqlaşmalı olmuşdum. Səhnəyə qayıdışımda qarşınızda fərqli Mina Hüseyn var idi. Düşünmürəm ki, sakit idim. Əksinə, daha dərin, daha emosional və daha yetkin bir Minanı göstərmək istədim. Mənə görə estrada yalnız səs deyil, duyğu, vizual həssaslıq və tamaşaçı ilə əlaqədir. Mən öz yerimi səhnədə daha yetkin, daha təsirli bir sənətçi olaraq görürəm. Bu da mənim üçün böyük güc və məsuliyyətdir".
Mina illərlə özünə qarşı olan maneələr, haqsızlıqlardan da söz açıb:
"Əgər şou-biznes qaydalarını mən yazası olsaydım, mütləq ki, sənətin dürüstlüyü ön planda olardı. Əsasən, mahiyyət, səs - küy, keyfiyyət... Yeni aktyor və müğənnilərə yol açmaq lazımdır. Çatışmazlıqlar da var. Peşəkar etika və dəstək mədəniyyəti haqsız rəqabətdən daha vacibdir. Düzgün olmayan isə tez-tez gündəmdə qalmaq üçün səviyyədən aşağı üsulların işlədilməsi, həm də qadın sənətçilərin daha sərt tənqid olunmasıdır. Bu, ikrah doğurur. Etiraf edim ki, zaman - zaman məni də incidən şeylər olub. Həmişə bir ifaçı olaraq, məni incidən, haqsız şərhlər, təhqirlər almışam. Sözsüz ki, bu kimi xoşagəlməz hallar hər bir sənətçinin yaradıcılığını çətinləşdirir. Amma yalan deməyəcəm. Mina Hüseyn möhkəm qızdır. Mənə qarşı dayanan hər maneə, əksinə, bu illər ərzində mənə daha güclü olmaq üçün səbəb verdi".
Sənətçi şəxsi həyatı ilə bağlı bəzi məqamlara da toxunub. O, uğursuz ilk evliliyindən, xəyanətdən də danışıb:
"Bilmirəm, çox xanım necə düşünür amma mənə görə, şəxsi həyat özü də bir sənətdir. Qismətim gələn il necə olacaq, hələ bilmirəm. Amma nə yalan deyim, özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Münasibətlərdə səmimiyyət, hörmət və dəstək mənim üçün daha əsasdır. Bilirsiniz ki, ilk evliliyim uğursuz olub. Gələn il ərə gedəcəmmi? Bilmirəm. Evlilik barədə isə deyə bilərəm ki, ikinci dəfə həyat yoldaşı seçmək çətindir. Kifayət qədər ağıllı seçim olmalıdır. Burada ürək və ağlın balansı düzgün olmalıdır. Tam səmimi deyəcəm. Xəyanət sözlə deyil, əməllə ölçülür. Xəyanət, bir seçimdir. Əgər bir insan öz seçimlərinə görə davranıbsa, bu, sırf qadının səbri ilə ölçülə bilməz. Bağışlamaq da mümkündür, niyə də yox? Ola bilər. Amma bu şərtlərlə ki, hər iki tərəf arasında səmimi peşmançılıq və düzgün dialoq olsun. Məncə, xəyanət etibarın sındırılmasıdır və hər kəsin buna reaksiyası fərqli ola bilər".
Ara-sıra açıq geyimlərinə görə tənqid olunan ulduz bu tənqid və iradlardan da danışıb:
"Məndə ara-sıra açıq geyimlərdən istifadə edirəm. Açığı, tənqid də olunmuşam. Mən səhnə adamıyam. Səhnə görünüşü, sənətin hissini ifadə edir. Başa düşürəm, izləyicilərdə əks reaksiya doğurması normaldır. Amma gəl ki, bir çox xanımlar gündəlik həyatda bizdən də rahat geyinir, tənqid olunan isə biz oluruq. İnsanların tənqidi sadəcə fərqlilikdən qaynaqlanır. Geyim əxlaqı göstərirmi? Yenə də razılaşmıram. Məncə, səmimiyyət, hörmət və peşəkarlıq daha böyük əxlaq göstəriciləridir. Yaxşı tamaşaçı, bunu aydın görür".
Mina bu sənətdə heç kimi özünə rəqib görmədiyini də vurğulayıb:
"Düzünü deyəcəm, mən musiqidə duyğuları ön planda tutan sənətçilərə baxıram. Mənə görə, səsin dərinliyi, mesajı olan mahnılar daha əsasdır. Qibtə etdiyim öz üslubunu qoruyan və sahəsində orijinallıq təqdim edənlər sənət adamlarıdır. Mənimçün ikon biri yoxdur. İkon elə mənəm! Heç kimə də xüsusi qibtə etmirəm! Mənim üçün ikon öz səsini və ifadəsini itirmədən tamaşaçı ilə həqiqətən əlaqə qura bilən sənətçilərdir".
Mina Hüseyn 2025-ci ilin qatqısı barədə isə bunları deyib:
"Yavaş - yavaş 2025-ci ili geridə qoyuruq. Bu il mənə daha da səbrli olmağı öyrətdi. Bütün sevənlərimə səslənirəm. Səbr və inam hər zəfərin başlanğıcıdır. Hər səhnə, hər mahnı təkrar şans tələb edir. Xüsusi peşmanlığım olmayıb, güclü dərs və təcrübə qazanmışam. Və özümə söz verdim ki, hər uğur və çətinlikdən bəhs edərkən daha səmimi, daha irəli baxan bir məqamı seçəcəyəm. Çünki sənətimiz səsdən daha çox hiss və dürüstlüklə doludur".
Oxşar xəbərlər
Türkiyədə məşhurlara qarşı istintaq davam edir - Yusuf Güney saxlanıldı
Türkiyədə məşhurlara qarşı aparılan narkotik əməliyyatların istintaqı davam edir. BAKU.WS xəbər verir ki, bu dəfə axtarışa verilərkən ünvanında tapılmayan müğə...