Mələkxanım "Leyli"ni niyə bir dəfə oynayıb? - 25 illik sirr açıldı - VİDEO

Xalq artisti Mələkxanım Əyyubova "Leyli və Məcnun" operasında Leyli obrazını yalnız bir dəfə oynayıb.
M.Əyyubova illərdir gizli saxladığı sirri ilk dəfə dilinə gətirib:
"Ümumiyyətlə, mən öz həyatımı operaya həsr etmək istəmədim. Çünki mən çoxjanrlı ifaçıyam. 1996-cı ildə "Leyli və Məcnun" operasında bir dəfə oynamışam. Mən Leyli, Məcnun obrazında isə Alim Qasımov idi. Bir dəfə oynadım və bitdi.
Mənə badalaq vurmaq istəyənlərin çoxu indi dünyasını dəyişib. Məsələ belə olmuşdu, 1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyi idi. Azərbaycanlı musiqiçilərdən ibarət 4 avtobus nümayəndə heyəti Kərbəlaya yola düşdük. Gənc ifaçılardan mən və Mənsum İbrahimov idi. Mənsum hələ Məcnun obrazını təzə-təzə ifa edəcəkdi. Mən də uşaqlıqdan bütün operaları əzbər bilirəm. Düzdür, mən sənətə təzə gələndə Opera və Balet Teatrına dəvət etdilər, amma məni "İrs" Folklar ansanblından, Xalq Çalğı Alətləri Ansanblından buraxmadılar. Orkestrin rəhbərləri dedi ki, Şövkət Ələkbərovadan sonra orkestri ancaq Mələkxanım saxlaya bilər və mən də qaldım.
Kərbəlada dedilər ki, orada "Leyli və Məcnun"dan mütləq bir səhnə oynanılmalıdır. Nə isə, Kərbəlada Mənsumla məşq etdik. Oynayacaqdıq, bir ifaçımız dava saldı. "Olmaz! Mələkxanım heç vaxt operada oynamayıb, o niyə oxumalıdır, özüm oxuyacam" dedi və özü oynadı. İndi sağ deyil.
O hadisədən sonra qarşıma məqsəd qoydum ki, Opera və Balet Teatrının səhnəsində oynayacam. Mən qarşıma məqsəd qoydumsa, ölərəm, çataram. Kərbəladan qayıtdıqdan sonra Opera və Balet Teatrına gəldim və dedim ki, Leylini oynamaq istəyirəm. Dedim, yalnız Alim Qasımovla oynayaram. 1 il məşq etdik və 1996-cı ildə səhnəyə çıxdıq. Bir dəfə və sonuncu dəfə Leyli obrazını yaratdım. Məhz o ifaçının sözünə görə Opera və Balet Teatrının sənhəsinə çıxdım".
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə tele-opera çəkildi - VİDEO
Görkəmli bəstəkar Fikrət Əmirovun Sevil operasının tele operası çəkilib.BAKU.WS xəbər verir ki, layihənin ideya müəllifi Azərbaycan televiziyası “Mədəniyyət” ka...
