Şəhid düşən əsgərimizin anası: "İmran zəng vurdu ki, ana..."
"Mənə elə bir kağız versinlər ki, orada oğlumun öldüyü yazılsın. Bu yazını sərhəddə oxuyanlar da məni incitməsinlər".
BAKU.WS xəbər verir ki, bunu azvision.az-a açıqlamasında təmas xəttində şəhid olan İmran Mirzəyevin anası Sevinc Mirzəyevə deyib.
Onun oğlu ilə bağlı səsləndirdiyi fikirləri olduğu kimi təqdim edirik:
"Mənim oğlumu Yevlaxda dəfn ediblər. Türkiyə vətəndaşlığını almağımla bağlı siyahıya yazılmışam və gələ bilmirəm. Bu gün, sabah bəlli olmur. Bir də burada qalma vaxtımdan 7 ay ötüb. Cəzam var. Uşaq əsgərlikdə olduğuna görə, əlimizdə olan qəpik-quruşu da ona göndərdik. Zəng vurdu ki, ana, siqaretim yoxdur. Siqaret pulu göndərdik. Hər həftə ona pul göndərirdik (red - türk mətbuatı 120 lirə (60 manat) göndərdiyini dərc edib). Mənim burada qalmaq icazəmin vaxtından 7 ay keçib. İcazəni ehtiyatsızlıqdan ala bilmədim.
Yoldaşım Ankaraya zəng vurub. Ordan isə bildiriblər ki, əgər oğlum ölübsə, birinci gün zəng edək və sənədləri ilə maraqlanaq. Birinci gün Ankaraya zəng edəcəyik. Əgər birinci gün icazə verilsə, mən ya həmin gün, ya da sabah Azərbaycana gələcəyəm.
Jurnalistlər konsulluqlara zəng etsinlər, kağız göndərsinlər. Desinlər ki, bu qadının oğlu ölüb, sənədləri yerində olmadığı üçün ölkəsinə gedə bilmir. Onlar mənə şərait yaratsınlar ki, Azərbaycana gedən zaman sərhəddə mənə hər hansı bir problem törətməsinlər. Qızlarım gəlməsə də, mən özüm Azərbaycana gedəcəyəm. Azərbaycan-Gürcüstan-Türkiyə sərhəddində məni incitməsinlər.
Əlimə elə bir kağız versinlər və desinlər ki, bunun oğlu ölüb. Məni incitməsinlər. Tək istəyim onlar məni sıxışdırmasınlar. İmran kimi övlad yox idi. O, çox gözəl övlad idi”.
Qeyd edək ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz, əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. O, Yevlax şəhərində dəfn olunub.
İmranın valideynləri boşanıb. Daha sonra onun anası Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.
İmran da bacıları ilə birikdə Türkiyənin Bursa vilayətinə anasının yanına gedib. O, 2014-cü ildə Azərbaycana qayıdıb, könüllü olaraq hərbi xidmətə yollanıb. Təxrisinə 54 gün qalmış düşmən gülləsinə tuş gəlib.
BAKU.WS
Oxşar xəbərlər
İlhamə Quliyeva müsahibə verdi və ağladı
Xalq artisti İlhamə Quliyeva APA-ya müsahibə verib. BAKU.WS həmin müsahibəni olduğu kimi təqdim edir: - İlhamə xanım, əhvalınız necədir? Son günlər mətbuatda...