"Faytonçu" Nazim onu xəstə salan həkimi POLİSƏ VERDİ: "62 min dollarımı qaytarsın" (VİDEO)

Faytonçu Nazim onu xəstə salan həkimi POLİSƏ VERDİ: 62 min dollarımı qaytarsın (VİDEO)
Video
Şou-biznes 5858
Bir müddət öncə ölüm xəbəri yayılan müğənni “Faytonçu” Nazim Pişyari onu əməliyyatla pis hala salan Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, polisə müraciət edərək ona dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb: “Bu cür həkimlərin qarşısını almaq lazımdır. Mən bu halla üzləşən birinci və sonuncu adam deyiləm. Bu insanı həkimlikdən azad etmək lazımdır. Bu insan öz peşəsi ilə məşğul deyil. Təsəvvür edin, xanəndə pop janrında oxuyur. Praktoloq bu gün cərrahlıq edir. Bu həkim 2 ay kurs keçib, gəlib cərrahlıq edir. Bu həkimlə bağlı polisə müraciət elədim. Mənə dəyən maddi ziyanı qaytarsın. Bütün qəbzlər əlimdədi. Düz 62 min dollar xərcim çıxıb. Bu qədər pulu həkim səhvinə görə xərcləmişəm. Bundan əlavə mənə dəyən mənəvi ziyanı ödəsin. Nələr çəkdiyimi bir Allah bildi. Mən işimdən, səhnəmdən, qazancımdan qaldım. Bunu kim ödəyəcək? Mənimlə bərabər doğmalarım - ailəm, anam, qohumlarım əzab çəkdi. Həkim isə etdiyi əməlləri boynuna almır. Deyir “düz eləmişəm”. Digər ölkələrdə mənə baxan həkimlər isə bunu həkim səhvi kimi qiymətləndirir. Bir sözlə, bütün bunlara görə bir neçə gün öncə hüquq-mühafizə orqanlarına getdim, şikayət ərizəmi yazdım. Artıq bununla vəkilim məşğuldur. Azərbaycanda qanunlar işləyir. Səhv edən insanlar öz cəzasını almalıdır”. Müğənni onu da əlavə edib ki, 3 ay ərzində 4 dəfə əməliyyat etdirdiyinə görə maddi sıxıntısı olub: “Mən nə kasıb, nə də varlı insanam. Normal durumda olan insanam. Xalqın mənə etimad göstərdiyi, toylara dəvət elədiyi pulnan öz əməliyyatlarımı elədim. Müəyyən çatışmayan nəsə olanda isə ailəm və bacılarım mənə kömək oldu". N.Pişyari xəstəliyinin ilk mərhələsində başına gələnləri danışdı: “Heç bir zaman xəstəliyim olmayıb. Sadəcə öd kisəmlə bağlı sancılar yaranırdı. Mən də qərara aldım ki, öd kisəmi kəsdirim. USM-də baxan kimi dedilər ki, bu öd kisəsi artıq simasını itirib. Kəsib, götürmək lazımdı. Mən də Elman Əzimov adlı həkimin yanına gəldim. Naşı bir həkim əlinə düşdüm. O da məni necə əməliyyat elədisə, əməliyyat zamanı məni qanaxma götürdü. Fəsadlar yarandı, həkim mənim öd kisəmin yollarını tikdi. Təsəvvür edin ki, ödüm 12 barmaq bağırsağa axmalıdı, amma indi bayıra axır. Həkim səhvinin ucbatından bu hallara düşdüm. Sonradan da mənə dedi ki, sən onkoloji xəstəsən. Təcili mənim kimya terapiya olunacağımı söylədi”. İfaçı bildirib ki, həkimin bu sözlərini eşidəndən sonra İsrailə yollanmalı olub: “İsrailə getdim, həkimlər baxdılar, güldülər. Dedilər ki, sizə kim deyib ki, siz onkoloji xəstəsiz? Söylədilər ki, sizi belə əməliyyat etmək olardı? Deformasiyaya uğramış öd kisəsini laparoskopiya ilə əməliyyat etmək olmaz. Bu həkim səhvidir. Həkimin digər səhvi də onda olub ki, qanaxma olması barədə məni xəbərdar etməyib. Qanaxma başlayan zaman açıq əməliyyata keçməli idi. Amma keçməyib. Qan hər yanı bürüyüb, ürək də zəifləməyə başlayıb. Həkim də həmin an panikaya düşdüyü üçün qanı saxlamaq üçün hər şeyi tikməyə başlayıb. Öd axarlarımı da tikib. Bir sözlə, onun etdiklərindən sonra İsraildə bir əməliyyat keçirtdim. Bakıda həkimin tikdiyini orda aça bilmədilər. Bakıya Surxay doktorun yanına gəldim. O da dedi ki, qardaş, sən Azərbaycanda özünə imdad axtarma. Ya Türkiyəyə, ya da Almaniyaya get. Mən də üz tutdum Türkiyəyə. Orada 2 əməliyyat etdirəndən sonra Bakıya qayıtdım. Şükürlər olsun ki, indi yaxşıyam. Reabilitasiya dövrünü yaşayıram. O itirdiyim çəkiləri indi yığmağa çalışıram. Təsəvvür edin, 3 ay içində 4 əməliyyat keçirmişəm. 6 saat bir, 4 saat bir, 2 və 1 saat da bir narkozda olmuşam. Çəki itirməyim də buna görədir”. "Faytonçu" Nazim bir neçə gün öncə mətbuatda ölüm xəbərinin yazılması barədə də danışıb: “Bu xəbər yayılanda mən yatmışdım. Dostlarım yuxudan oyatdılar ki, necəsən? Onlar da mənlə ehtiyatla davrandılar. Dedilər ki, saytlarda yazılanlardan xəbərin var? Söylədilər ki, ölüm xəbərin yayılıb. Bunu eşidən kimi xeyli güldüm. Bu da mənə həmin gün çox müsbət bir enerji verdi. Bir onu deyə bilərəm ki, ömrüm uzandı. Minlərlə insan mənim üçün təlaşa düşdü. Nə qədər insanlar mənə sosial şəbəkədə yazdılar. Buna görə də həmin insanlara təşəkkürümü bildirirəm ki, mənə diqqət ayırdılar”. BAKU.WS

Son xəbərlər