Elşad Xose: “Məmurlardan biri mahnımı radiodan çıxartdırıb” (VİDEO/FOTO)
Tanınmış repçi Elşad Xose BAKU.WS-in redaksiyasında qonaq olub.
İfaçı həmçinin saytımızın "Facebook” səhifəsində canlı efirə qoşularaq, fanatlarının suallarını cavablandırıb.
Repçinin ona ünvanlanan suallara verdiyi ən maraqlı cavablarını oxucularımızla bölüşürük:
"İndi rus dilində danışanda adama gülürlər”
"Baxıram ki, sualların bəziləri rus dilində verilir. Bilirsiniz, 90-cı illərdə hamı rus dilində danışırdı. 2000-ci ildə də rusdillilər çox idi. Amma indi rus dilində danışanda adama gülürlər”.
Xosenin saqqalının həddən artıq uzandığını diqqətdən qaçırmayan canlı efir izləyiciləri bunun səbəbini onun özündən soruşublar. Repçi isə cavabında "20 günə film çəkəcəyik. Ona görə saqqalımı uzatmışam” –deyib. Ardınca isə zarafatyana "Həvəs ölüb deyə, yas saxlayırıq”, – söyləyib.
"Hüseyn Dərya ilə aramızda olan davalara görə peşman deyiləm”
"Vaxtilə mərhum repçi Hüseyn Dərya ilə qalmaqal yaşadığınıza görə peşman deyilsiniz?”- sualına isə E.Xose "Çalışıram ki, həyatda atdığım addımlara görə peşman olmayım. Amma hərdən əksinə də olur. Lakin onu deyim ki, Hüseyn Dərya ilə olan dava-dalaşımıza görə peşman olmamışam. Müəyyən hərəkətlərimiz, davranışlarımız cavan olmağımızla əlaqədar idi” – cavabını verib.
"Yerli şou-biznesdən iyrənirəm”
Repçi söhbət əsnasında payızda hesabat konserti verəcəyini də söyləyib:
"Çalışacağam ki, hesabat konserti verim. Bəlkə də sonuncu, vida konsertim oldu, bu haqda fikirləşirik”.
E.Xose son illər efirlərdə az görünməyindən söhbət açıb:
"Axı, necə yoxa çıxmayasan?! Efirləri, şou-biznesi görürsünüz. Sözün açığı, adam zamanla belə bir mühitin içində olmaqdan iyrənir. Bunu yaşa dolduqca daha çox dərk edirsən. Son 4-5 ildə mahnı oxumuram. Bayaq qeyd etdiyim kimi, yeni film olacaq. Filmin "saundtrek”i ilə "partlatmağı” düşünürəm”.
"Oksana ilə birlikdəyiksə, bunun kimə nə dəxli var?!”
"Son günlər söz-söhbət gəzir ki, keçmiş həyat yoldaşınız Oksana Rəsulova ilə barışımısınız. Bu, nə dərəcədə həqiqəti əks etdirir?” – sualına E.Xose "Gəlin, Oksana Rəsulova haqqında danışmayaq. Həmin söz-söhbətin böyüməsində, jurnalistlərin də buna müdaxilə etməsində xoş olmayan məqamlar çox oldu. Necə deyərlər, adamın başı daşa bir dəfə dəyər. Bir də belə səhv etmərəm. Ümumiyyətlə, bir də bu mövzu haqqında danışmayaq. Birlikdəyik, birlikdəyik da, kimə nə dəxli?!”
Azərbaycanda repin əvvəlki qədər sevilmədiyini önə çəkən repçi, bunda özünü və bəzi həmkarlarını günahlandırır:
"Bunda bizim hamımızın günahı var. Elə Nağılbaz da (Anar Nağılbaz), mən də, rəhmətlik Hüseyn (Hüseyn Dərya) də günahkarıq. Hamımız... "Dəyirman” qrupunu bura aid etmirəm. Çünki "Dəyirman” mənim üstüörtülü dediyim "vəziyyətlər”ə düşməyib. O uşaqlar hər zaman ibadət edən olublar. ANS telekanalı meyxanaya efir verəndən sonra çox inkişaf getdi. Amma repə efir verən olmadı. Ona görə də rep elə "underground” olaraq da qaldı”.
Meyxanaçı Vahid Qədimlə birgə oxuduğu "Şoubiznes” mahnısından danışan E.Xose, daha bir maraqlı məqama toxundu. Dedi ki, sözegedən mahnıdan sonra növbəti dəfə "Hər şey tərsinədir” adlı duet oxuyublar:
"Amma indi adını çəkə bilmədiyim bir məmur, həmin mahnının radiolarda səslənməsini dayandırdı. Səbəbini isə bilmədik”.
Repçi rəssamlıq fəaliyyətindən də söhbət açaraq, gələcəkdə əsərlərindən ibarət sərgi təşkil edəcəyini bildirdi:
"Rəssamlıq mənim son və ən çox sevdiyim məşğuliyyətlərimdən biridir. Çox gözəl müəllimim var, Zöhrab Dadaşov. Rəsm əsərlərimi nadir hallarda satıram. Çünki istəyirəm ki, əsərlərimdən ibarət sərgi təşkil edim. Daha sonra isə bu işin biznes tərəfini düşünüm. Rəsm çəkmək uzun bir zaman alan işdir. Ona görə də yaxın gələcəkdə sərgi gözlənilmir”.
"Türk seriallarından zəhləm gedir, heç baxmıram da”
Repçi Türkiyə serialları ilə də bağlı fikrini bildirib:
"Narkobaron Pablo Eskobarla bağlı seriala baxırdım. Sonra yarımçıq saxladım. "İqra prestolov” serialına baxıram. Türkiyə istehsalı olan seriallardan zəhləm gedir, baxmıram və heç kimə də məsləhət görmürəm”.
Aytən Həsənova
BAKU.WS
Oxşar xəbərlər
Elşad Xose 18+ parti keçirəcək
Məşhur azərbaycanlı reper Elşad Xose yeni 18+ partiyə hazırlaşır. BAKU.WS-in məlumatına görə, reper 23 iyul tarixində Novxanıda pərəstişkarlarının qarşısına ç...