“Çimərliyə gedərkən bunları etməyin” (FOTO)
Qızmar yay günlərində orqanizm daha çox maye və mikroelementlər itirdiyinə görə qidalanmaya daha diqqətlə yanaşmaq lazımdır. Yay aylarında özümüzü sağlam və gümrah hiss etmək üçün düzgün qidalanmaq şərtdir.
Dietoloq Leyla Zülfüqarova BAKU.WS-ə müsahibəsində bu haqda danışır:
-Yay fəslində havaların istiləşməsi insanları qida seçimi edərkən daha diqqətli olmağa vadar edir. Bunun üçün nələri etməyi məsləhət görürsünüz, hansı qidalara üstünlük vermək vacibdir?
-İsti vaxtlarda daha çox detoks effekti verən qidalara üstünlük vermək lazımdır. Belə olan halda, bədənimizdə toplanan toksinləri atmaqla, eyni zamanda sərinləmiş olacağıq. Bədənin istiliyindən aşağı temperaturda olan qidalara üstünlük verəndə daha yaxşı olar. Mən məsləhət görərdim ki, insanlar isti havalarda daha çox qatıq, ayran qəbul etsinlər. Qatığın içərisinə bir çox göyərti və tərəvəzləri əlavə edərək, kokteyllər hazırlaya da bilərik. İsti havalarda həmçinin C vitamini ilə zəngin olan meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır. Həmçinin C vitamini ilə zəngin olan meyvələrin yeni çəkilən şirələrini içmək lazımdır. Məsələn, alma şirəsi və ya turşməzə meyvələr ola bilər. Bu qidalarla həm daxili tempraturumuzu azaldarıq, həm də bədəndə toplanan artıq toksinləri atmış olarıq.
-Nədənsə bizdə insanlar dənizə gedərkən, özləri ilə xeyli qida azuqəsi aparırlar... Bəzən olur ki, qızmar günəş altında qəbul etdikləri qidalar, daha sonra ishal kimi fəsadlara yol açır. Çimərliyə gedən zaman nə kimi qidalara üstünlük verilməlidir?
-Çimərlik mövsümündə bir çox lazım olmayan qidaların qəbulu zamanı allergik məqamlar ortaya çıxa bilir. Eyni zamanda, bağırsağın pozulması, diareya kimi hallarla da üzləşməli oluruq. Dəniz kənarında insanlar günəşin yüksək istiliyini hiss etmədən, bir sıra qidalara – məsəl üçün qızardılmış ətə üstünlük verirlər. Bu zaman da həzm prosesinin pozulması baş verir, bununla da diareya halları yaranır. Qızardılmış ətlər, yağlı qidalar orqanizmdə fəsadlara səbər olur. Bundan başqa, gigiyenik baxımdan təmiz olmayan qidaların qəbulu zamanı da problem yaranır. Bağırsaq mikroflorası zədələnir. Yaxud da dəniz kənarında təmiz yuyulmayan tərəvəzləri qəbul edən zaman parazitlər, bakteriyalar orqanizmə daxil olur və bağırsaq mikroflorasını pozur. Bu zaman çox ehiyatlı olmaq lazımdı. İsti tempraturda qidaların qəbulolma ardıcıllığı var. Normal şəraitdə, soyuq tempraturda qəbul etdiyimiz qidalar ziyan vermirdisə, tempratur yüksələn zaman qidanın keyfiyyətinin itməsi, zəhərlənmə ola bilər. Ümumiyyətlə, tövsiyyə edərdim ki, dəniz kənarında olan zaman qidalanmaya çox da üstünlük verilməsin. Meyvə şirələri, su içmək olar. Çimərlikdən öncə normal qidalanıb, sonra dənizə girmək lazımdır. Yaxud da sudan çıxdıqdan sonra əllər təmiz yuyulsun, sonra normal formada süfrədə əyləşilsin.
-Ata-babadan görmüşük ki, susuzluğu yatırmaq üçün qaynar və ya isti çay içirik? Bu nə dərəcədə doğrudur. Susuzluğu aradan qaldırmaq üçün nə kimi içkilər tövsiyə edirsiniz?
-Ümumiyyətlə, susuzluğu yatırtmaq üçün ən unikal vasitə elə sudur. Adi qazsız, təmiz suyun faydalarını saymaqla bitməz. Suyun tempraturu insanın bədəninin istiliyindən azacıq yüksək olmalıdır. Məsələn, əgər bayırda 40 dərəcə isti varsa, bizim daxili tempraturumuz da yüksək olur. Bu zaman sərin, qazsız suların içilməsi tövsiyə olunur. Həmin mərhələdə isti çayların içilməsi tövsiyə olunmur. Bu zaman əksinə, insan tərləyir, ona həddən artıq isti olur. Soruşa bilərsiniz ki. isti çayların soyuq aylarda içilməsinin əlaqəsi nədir? Soyuq tempraturda insan orqanizmində də tempratur aşağı düşür.
BAKU.WS
Oxşar xəbərlər
Ramazanda 17 saat aclığı hiss etməmək üçün nə yeyək?
Ramazan ayı bu il də yayın ən isti günlərinə təsadüf edir. Havaların isti keçməsi, 17 saat müddətində ac-susuz qalmaq oruc tutan insanların sağlamlığı ilə bağlı...