Bakının insanlara "toy tutan" TOY QİYMƏTLƏRİ (CƏDVƏL)
-Ayə, bu toydur. Toyda neyləmək lazımdır?
-Oynamaq.
-Bəli, oynamaq lazımdır!
-Nə təhər oynayaq e?! Səs o yandan gəlir, çalğıçılar da burada oturub.
-Ayə, nə təfavütü var bunun?! Burdan eşit, burdan da oyna da! Şair də yaxşı deyib: xalqımın toy kimi bir adəti var. Bu gözəl adətinə hörməti var.
Bu dialoqu oxuyan kimi güman ki, söhbətin hansı filmdən getdiyini anladınız. Doğrudur, "Bəyin oğurlanması” filmində mərhum aktyor Səməndər Rzayevin kənd camaatı ilə söhbətindəndir. Məqsədimiz sizə bu filmlə bağlı danışmaq deyil. Sözümüzün canı başqadır.
BAKU.WS-in məlumatına əsasən, məlumdur ki, bir neçə gündən sonra Məhərrəmlik ayı bitir. Bu da o deməkdir ki, Azərbaycanda – ümumiyyətlə müsəlman aləmində yenidən toylara, el-şənliklərinə start veriləcək.
Hər bir dövrdə Azərbaycandakı toy mərasimləri özünün ağırlığı ilə seçilib. Bəzən bizə elə gəlir ki, bu ənənə yaxın keçmişdə nisbətən yüngül olub. Amma belə deyil. Qız evinin cehiz hazırlığı, oğlan evinin aldığı pal-paltar, zinət əşyaları, toya çəkdikləri xərclər, dəvət olunan qonaqların verdiyi nəmərlər, təzə əlbisələr və sair kimi adət-ənənələr uzun illərdir ki, davam edir və bu gün daha dəbdəbəli halını yaşayır. Zamanın bütün dövrlərində toyların insanlarda yaratdığı narahatlıq müzakirə mövzusu olub. Nə yazmaqla, nə bəyanatlarla, nə də inzibati yolla toy israfçılığından xilas olmaq mümkün deyil. Hazırda böyük toy biznesi daxili ticarət dövriyyəsində əhəmiyyətli yeri tutub. Toy mövsümündə əlaqəli sahələrdə çalışan hər bir sahibkar gəlir götürməyə çalışır.
Son vaxtlar tez-tez səslənən neftin ucuzlaşması, manatın devalvasiyası, gəlirlərin azalması, iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər toy bazarına az da olsa təsir edib. Amma əfsuslar olsun ki, orta statistik azərbaycanlı övladına toy edirsə, bunu bütün təmtərağı ilə həyata keçirir. Hətta "qonşudan qalma geri” prinsipini əsas tutaraq, borca girir, yaxud bankdan kredit götürüb, Röya, Aygün Kazımova və ya Nazənin, Rəqsanə kimi müğənniləri də toyuna gətirib, oxutdurur...
Məsələnin daha bir maraqlı məqamı isə hər hansı bir toya dəvət alan adamın "faciəsidir”... Belə ki, aşağı əməkhaqqı ilə bu aydan digərinə zorla keçən bir insanın hər hansı bir qohumunun, iş yoldaşının, dostunun və ya tanışının toyuna dəvətnamə alması acınacaqlıdır, desək, yanılmarıq.
Kiçik bir araşdırma aparan zaman belə qənatə gəlmək olar ki, ayda 400-500 manat əməkhaqqı alan azərbaycanlı qadın toya gedərkən, ən azı, 150-200 manat xərcləməli olur.
O, 20-30 manat gözəllik salonunda xərcləyir. Bütün qadınlara sirr deyil ki, hər bir xanımın qarderobunda mütləq bir neçə ziyafət geyimi olur. Yəni bunun üçün hər dəfə toya gedəndə paltar almağa gərək yoxdur. Toya taksi ilə gedəndə əlavə 20 manat xərclənilir. Toyda bəy və gəlinlə xatirə şəkli çəkdirəcəksənsə, əlin yenə də cibində olsun, 2 şəkilə 4 manat verəcəksən. Toya nəmər yazdırmaq isə ev yiyəsinin sosial vəziyyətinə baxır. Yəni əgər toyuna dəvət aldığın adam imkanlıdırsa, 100 manat və ya da çox pul yazdırırsan. Yox, əgər elə deyilsə, 50 manatla kifayətlənməli olursan.
Kişilərdə vəziyyət başqadır. Burada ailəli və ya subay olmaq məsələsi var. Evli kişi çağırıldığı toya ailəsi ilə gedəndə, minimum 250-300 manat xərcləyir. Burada daha bir məqam, toy yiyəsinin onun toyunda iştirak edib-etməməsindən də asılıdır. Yəni əgər indi toy edən adam sənin toyuna yazdırdığı pul, indiki vəziyyətə hesablanaraq, yuvarlaqlaşdırılır və həmin məbləğ toya yazılır. Subay kişi isə bir toyu 50-100 manatla toyu yola verir.
Buradan da belə qənaətə gəlmək olar ki, orta yaşayışı olan bir azərbaycanlı toya 200-300 manat arasında pul xərcləməli olur. İmkanlı şəxslərdə isə vəziyyət dəyişir. Burada qiymət daha yüksək olur.
Bəli, indi sadə vətəndaş üçün hazırki toy adətlərini qarşılamaq çox çətinləşib. Ona görə də, demək olmaz ki, toy sevinc hissi ilə qarşılanır. Yaxşı ki, Məhərrəmlik, Ramazan ayları olanda insanlar nəfəs alırlar...
Göründüyü kimi, toy yiyəsi qədər, məclisə dəvət alan adam da xərcə düşməli olur. Getməsən də olmur, çünki bizdə belə bir deyim var: toy borc kimidir. Bu gün mənim toyuma gəliblər, sabah da mən onun toyuna getməliyəm. Hər halda, bir toya görə bu qədər xərcə düşmək də yaxşı hal deyil. Düşünürük ki, toy adətlərimizdə islahatlar aparmaq lazımdır. Belə olan halda, toy biznesinin miqyası da kiçilər, sadə insanların düşüncəsi də dəyişər. Yəni iki insanın xoşbəxt bir ömür yaşamağı üçün bu qədər həngaməyə də gərək qalmaz.
Oxucularımıza aşağı yaşayışlı və sosial statusu nisbətən yaxşı hesab edilən azərbaycanlının bir toya çıxan xərclərinin cədvəlini təqdim edirik.
Aytən Həsənova
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kişilər hansı qızlarla evlənirlər? (FOTO)
Oğul: - Belə evlənmək olar? Sevgisiz, filansız... Ata: - Sonra sevərsən də. Bu dialoqu oxuyan kimi güman ki, söhbətin hansı filmdən getdiyini anladınız. Doğrud...