Afaq Gəncəli "Ailəli qadın bunu edə bilməz..." (VİDEO)

Afaq Gəncəli Ailəli qadın bunu edə bilməz... (VİDEO)
Video
Şou-biznes 5076
BAKU.WS-in budəfəki müsahibi tanınmış aparıcı Afaq Gəncəlidir. - Müsahibəyə sizin ənənəvi sualınızla başlmaq istərdim. Təqdimata ehtiyac var?- Əlbəttə var. Gəncəli Afaq Aqil qızı.- Bəs hansı suala sualla cavab vermək olmaz?- Mən hər suala sualla cavab verirəm, amma əgər hər hansısa bir verilişdəyəmsə, qonağamsa və artıq mənə deyirlər ki, suala sualla cavab vermək olmaz, onda hörmət naminə, əlbəttə ki, şərtləri yerinə yetirirəm.- Qaydalara həmişə riayət edirsiniz?- Yox, qaydalara riayət etməyi sevmirəm. Mən həmişə qaydaları pozmağı sevirəm, amma elə bir məqamlar var ki, məcburam edim. Hər zaman çərçivədən çıxan biriyəm.- Hansı suala bu günə kimi cavab axtarırsınız?- Bu haqda oturub fikirləşməmişəm. Əlbəttə ki, həyatla, yaşam tərzimizlə bağlı elə suallar var ki, onlara heç vaxt cavab tapılmayacaq. O da ümumi, hər kəsin bildiyi suallardır. Sırf özümlə bağlı yox. Mən heç vaxt özümə "niyə? , nə üçün?, niyə etdim?" kimi suallar vermirəm. Ona görə də suallar mənim üçün bir az uzaq məsələdir.- Ötən il televiziya fəaliyyətinizin 20 ili tamam oldu. İlk efir gününüzü xatırlayırsınız?- Bəli, 1998-ci il martın 19-da mənim Azərbaycan Televiziyasında ilk efirim idi. Elə bil ki, 18-si işə gəldim, 19-u efirə çıxdım. Heç hazırlaşmamışdım, kamera görməmişdim. Mənim üçün yeni bir məkan idi. Yenə də, şükürlər olsun ki, bacardım. Bizim İncəsənət Universitetində Arzu Tağıyev adlı rejissorumuz var idi. Ona təşəkkürümü bildirirəm. İlk dəfə məni kamera qarşısına çıxaran məhz o olub. O vaxt "Çay dəstgahı"nı aparan çox sevimli aparıcımız, publisist Cavanşir Cahangirov da mənə inandı və söylədi ki, niyə də yox, olsun. Mən onda avtomobil verilişinin ilk qadın aparıcısı idim. Avtomobildən başım çıxmaya-çıxmaya nə isə yaratdım.
- 20 illik fəaliyyətiniz boyu televiziya sizdən nələri aldı, nələri verdi?- Əslində, mən sizə bir söz deyim ki, televiziya aparıcılarının və efirdə olan tanınmış xanımların 99 faizi xoşbəxt deyil. Bədbəxt də deyillər. Biz sərbəstliyimizi, xoşbəxtliyimizi, şəxsi həyatımızı qoyuruq kənara və özümüzü televiziyaya həsr edirik. Çəkilişlərimiz, tədbirlərimiz elə bir məqam yaradır ki, ailəli, yanında sevdiyi şəxs olan insan bunu edə bilməz. Ona görə də tanınmış xanımlar hər zaman nəyisə qurban verməlidirlər. Hələ də tanınmış xanımlar, aparıcılar, müğənnilər, simalar şəxsi həyatları ilə bağlı çətinlik çəkirlər. Ona görə də aldığını alıb, saxladığını da saxlayıb.- Bu günə qədər kimdən müsahibə almağı çatdırmamısınız?- Rafiq Hüseynovdan. Allah rəhmət eləsin! Hər zaman istəmişəm. Elə bilmişəm ki, onu çəkməyə vaxtım var. Alınmadı, qismət olmadı. Bir tək ondan istəyirdim. Fuad Poladovdan, Fəxrəddin Manafovdan, Anar Məmmədxanovdan istəmişdim, almışdım.

- İndiki dövrdə kimdən müsahibə almaq arzusundasınız?- Sizə deyim ki, hamıdan müsahibə almışam. Bizim sahəmizdə elə adam yoxdur ki, ondan müsahibə almayım. Bir tək Zeynəb xanım Xanlarovadan almamışam. Çox istərdim ondan müsahibə alım, amma qismət. Alınsa nə gözəl olar. İnşallah o şərəfə nail olaram.- 20 illik fəaliyyətiniz boyu apardığınız verilişləriniz haqda nə danışa bilərsiniz?- Məndə elə də çox veriliş olmayıb. Ümumiyyətlə, eyniliyi sevən, radikal insanam. Nəyisə dəyişməyi qorxuram. 1998-ci ildə Azərbaycan Televiziyasında "4 çarx" verilişində işləmişəm. 2002-ci ildə Space TV-də səhər verilişi hazırlanırdı. Məni həmin verilişə aparıcı təyin etdilər, amma Azərbaycan Televiziyasından çıxmamışdım. Paralel gedirdim ki, nə olacaq, nə olmaz. Elə oldu ki, birdən-birə ailə həyatı qurası oldum. Tam veriliş başlayırdı ki, efirə çıxmadım. 2 illik fasilədən sonra Cabir Novruz adına "CNF" prodakşında çalışmağa başladım. "CNF"dən sonra da ATV telekanalına gəldim. O gün, bu gün “10lar”, daha sonra "ATV maqazin onlarla" verilişini aparıram. Bugün-sabah adımı Yakuboviç qoyacaqlar. O necə ki, ilərdir "Pole çudes"i aparır, mən də artıq 13 ildir bu verilişi aparıram. Sadiq insanam. Bir yerdə oturub qalmağı sevirəm. Ona görə də 13 ildir bir kanalda, eyni verilişdəyəm.
- Bu günə kimi saysız-hesabsız çəkilişləriniz olub. Bilirik ki, hər bir xırda çəkilişin belə kadrarxası məqamları olur. Onlardan ən yadda qalanı hansıdır?- Çox olub. Məsələn, elə bir məqam olub ki, "50 sual" rubrikasında ("10lar" verilişi-red.) bir tanınmışın vəziyyəti o qədər pis idi ki, mən sual verirdim, o insan isə yatırdı. Müsahibim yatanda müxbirim çönüb mənə dedi ki, Afaq xanım, bir dənə dünyasını dəyişsəydi, bu da bir olay olardı. Dedim ki, Allah eləməsin, bir dənə burada eləməsin (gülür-red.). İnsan yatırdı və birdən ayılırdı ki, nə sual verdiniz. Tanınmışlarla işləyirik deyə, onların sirlərini də çox vermək olmur. Yıxılanlar da, duranlar da, dava edənlər də, küsüb gedənlər də, kameramıza təpik vuranlar da olub. Biz nələr görmüşük, nələr... İndi hansını deyəsən? Deyəcəksən, deyəcək məndən danışdı.- Bir insan kiminlə tez-tez ünsiyyətdə olursa, bəzən onun xasiyyətini, davranışlarını mənimsəyir. Siz isə daim, belə deyərdim, özündənrazı, ayağının altını görməyən, yəni şou əhli ilə ünsiyyətdəsiniz. Elə olubmu ki, onlarla ünsiyyətdən sonra özünüzə deyəsiniz ki, Afaq, dayan, sən axı belə deyilsən...- Mən kiminsə xasiyyətini götürə bilmirəm. Xasiyyətimi verə bilirəm, amma götürə bilmirəm. Məsələn, mənə hərdən deyirlər ki, sən Nərgiz Cəlilova kimi danışırsan. Mən də artıq hər kəsə başa salıram ki, uşaqlıqdan Nərgiz Cəlilovaya baxıb onun kimi diktor olmaq istəmişəm. Nərgiz xanımın oturuşunu, duruşunu onun kameraya baxışını, jestlərini, özünü aparma qabiliyyətini çox bəyənmişəm və onun kimi olmaq istəmişəm. Diktor olmaq istəmişəm. O vaxt aparıcı anlamı var idi, amma mən anlamırdım. Orada kağızdan oxuyurdular ki, saat 08:00-da cizgi filmi, 10-da xəbərlər. Mən də baxırdım, öz-özümə düzəldib oxuyurdum.

- Nəyə görə peşmansınız?- Heç vaxt heç nəyə peşman olmuram. Həyatdır, bu olubsa olub. Bu hərəkətim səhvdir və belə bir hərəkət etdimsə və artıq etmişəm və onu düzəltmək olmursa, çalışacağam ki, onu təkrar etməyim. Yox, əgər təkrar edirəmsə, demək, bu, mənim xasiyyətimdir. Çalışacağam xasiyyətimi dəyişim, amma bundan sonra hara xasiyyət dəyişirsən. Mən hər şeyə açıqlama tapıram, real baxıram və deyirəm ki, bu artıq budur. Yaxud özüm üçün deyirəm ki, mən artıq buyam. Mən bunu belə edəcəyəm. Heç nəyə peşmançılıq çəkmirəm. Həyatda tək bir şey var... Ona da peşmançılığım yoxdur. Hərdən tam dini tərəfdən yanaşdığım zaman, bəlkə də, təskinlik olan bir şeydir. Təskinlik tapdığım üçün özümü aldatmıram. Bayaq söylədiyim ki, özümü aldatmağı sevmirəm. Yeganə bəlkə o peşmançılığın "p" hərfi varsa, onda ola bilər, amma yenə də orada özümü düzəldirəm. Tez dini nöqteyi-nəzərdən özümə düzəliş verirəm. Olmaz. Nə zamansa o peşmançılıq aradan qalxacaq. Yenə peşmançılıq deyirəm, amma o deyil. Hər şey yaxşı olacaq.- Geriyə dönmək şansınız olsaydı, hansı ana, dəqiqəyə, saata qayıdardınız? Bir günlük belə olsa...- Heç birinə. Niyə? Çünki qayıdardım xoşbəxtçilik duyduğum o ana və yenidən gəlib çıxardım bu vaxta... Yox... Qoy o öz dadında-duzunda qalsın. Mən ora qayıdım və tezdən qayıdım bura. Tezdən bilim ki, bu gerçək deyildi, bu, yalnız bir an idi, gəldi keçdi. O an olaraq da qoy qalsın. Lazım olsa, həyat onu mənə yenidən yaşadacaq. Yox, əgər lazım deyilsə, qoy elə gözəl an kimi orada da qalsın.
- Zəngin bir aparıcı olsaydınız, hansı sosial layihəni həyata keçirərdiniz?- Bilmirəm, onu edə bilərdim, edə bilməzdim. Nə qədər mənim ona gücüm çatardı, ya çatmazdı. Bilirəm ki, onun çarəsi yoxdur, amma əgər çox zəngin olsaydım, inanılmaz dərəcədə çox pulum olsaydı, xərçəng xəstəliyinin çarəsini tapardım. Bilmirəm, bəlkə hər şeyimdən keçərdim, hər şey edərdim. Hansısa yola əl atardım, dərman icad edərdim, kiməsə müraciət edərdim ki, onu icad etsin. Bilmirəm... Amma bunu edərdim. Bunun yolu nədirsə, axtarıb-tapıb və bu xəstəliyin çarəsini tapardım. Əgər məni yarı yoldan geri qaytarsalar və desələr ki, bunu etmək olmaz, bu, alınmır, onda əlbəttə ki, uşaq evi açardım. Özüm oranı idarə edim, atılmış uşaqlara baxım, onların qayğısına qalım. Açım, ildə, ayda bir dəfə gedim yox, özüm onlarla bərabər yaşayaraq böyüdüm. Onlara təhsillərində, peşə seçimində kömək edim.- Cavabınız başqa səmtə yönəldiyinə görə, bilmirəm, bu sualı sizə verim, yoxsa verməyim... Övladlığa uşaq götürərdiniz?- Yox, övladlığa uşaq götürmərəm. Niyə? Əslində, mən ailə həyatı quranda ilk fikrim o olub ki, övladlığa uşaq götürüm. Bilmirəm, niyə birdən-birə ağlıma elə fikir gəlmişdi. Yenicə ailə həyatı qurmuşdum. Övladım olandan sonra bu fikirdən daşındım. Bilirsiniz necədir, onu bir qadın kimi sizə başa sala bilmirəm. Qarşımda gərək qadın olsun ki, məni anlasın. İnsanın özü deyilən bir şey var. Başqa bir şey. Onu bilmirən necə anladım. Hər bir uşağa, körpəyə çox böyük sevgim var. Qəribədir ki, onlar özləri də mənim üstümə oppanırlar, mənimlə oynayırlar. O qədər ciddi, məsuliyyətli bir işdən qorxaram. Bəlkə də ana olaraq bəlli hadisələr baş verdiyinə görə… Bax o məsuliyyətdən qorxaram ki, Allah etməsin... Bir var sənin özünküdür, bir də var sən götürdüyün övladdır. Sabah nə olar, nə olmaz. Sən artıq o uşağın məsuliyyətini öz üzərinə götürürsən. Sabah nə baş verərsə, sən cavabdehsən. Ona görə mən bu səbəbdən qorxaram. Təki hər şey yaxşılığa doğru olsun, amma övladlığa uşaq götürmərəm.
BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və Afaq Gəncəli

- Səmimi müsahibəyə görə çox sağ olun, Afaq xanım. Sizinlə ünsiyyətdə olmaq çox xoş oldu. Suallarımı bəyəndiniz?- Sualları çox bəyəndim, amma axırda elə bil bir az kövrəltdin məni, amma yaxşı, rahat idi. Rahat müsahibə verdim. Mən mənfilik alanda sevmirəm və, sözün açığı, danışa da bilmirəm, çox qısa cavab verirəm. Çox yaxşı suallar idi. Təşəkkür edirəm.- Hansı sualı eşitmək istərdiniz?- Mənə mənim suallarımı verirsən? (gülür-red). Heç eşitmək istəməzdim, yaxşı da vermədin. Şəxsi həyatında kim var? Sualları oxuyanda deyirdim ki, bir dənə o sual olmasın. Yaxşı ki, yox idi. Bu, o deməkdir ki, sırf müsahibədir, sırf insanın iç dünyası, onun peşəsi haqqında müsahibə gedir. Şəxsi həyatla bağlı bütün bunlar o qədər yorucudur ki. Onsuz da "yox" cavabı alırlar, yenə də danışırlar, soruşurlar. Nə gözəl ki, o sual olmadı. Ona görə çox sevinirəm. Eşitmək istədiyim sualların hamısını da vermisən. Təşəkkür edirəm!Hüseyn MəmmədsalahovVideoqraf: @_elvinophotographerBAKU.WS

Son xəbərlər