Karantin dövründə keçirilən və ölkədə böyük qalmaqala səbəb olan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan yeni görüntülər yayılıb. 

BAKU.WS xəbər verir ki, toydan yeni kadrlar "Show Xeber" səhifəsinin “YouTube” kanalında yerləşdirilib. Görüntülərdə mərasimdə iştirak edən qonaqların rəqsi yer alıb.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə qohumlar, dövlət məmurları, eləcə də ailənin yaxın dostları iştirak edib. 

Toydan görüntülər internetdə yayıldıqdan sonra bəzi qonaqlar cərimələniblər. Cərimələnənlər arasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə və s. var.

R.Mehdiyevin kürəkəni isə 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi mart ayından qadağandır.

BAKU.WS