SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı və aktyor Azər Aydəmir efirdə qadına şiddəti dəstəkləyən Mətanət Əliverdiyevanı tənqid edib.

BAKU.WS xəbər verir ki, o, belə aparıcının hələ də işdən qovulmamasında kanal rəhbərliyini günahlandırıb:

“Kanal niyə reytinq vurğununu, özünəvurğunları işdə saxlayır axı? Məktəblərdəki kimi TV-lərə də psixoloq yerləşdirmək lazımdır ki, aparıcıların psixoloji durumunu hər həftə yoxlasın?”

Azər bəy uzun illər ANS ÇM radiosunda ancaq səsi ilə tanınan M.Əliverdiyevanın ANS TV-nin efirində görünməməsinin səbəbini belə izah edib:

“18 il bir otaqda saxlamışdılar, efir üzünə həsrət qoymuşdular bir nəfəri... Qardaş bilirdi də neyləyirdi. Niyə bəyənmirsiz axı?”

Azər Aydəmir bu sözlərlə ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin Mətanət Əliverdiyevanı televiziya aparıcısı kimi görmədiyini bildirib və ona haqq qazandırıb.

Xatırladaq ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb. Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O, mənə aid deyil” - deyə aparıcıya cavab verib. Onların bu dialoqu ictimaiyyətdə narazılıqla qarşılanıb.

Nəticədə Ağayev efirdə işlətdiyi ifadələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub və müğənni hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO