Türkiyəyə ərə gedən Azərbaycanlı aparıcı: "... çox peşmanam" - (FOTO)
Bir zamanlar AzTV-nin efirində gözəl bir xanım vardı. Məlahətli səsi, aydın nitqi, qüsursuz tələffüzü və peşəkarlığı ilə çoxlarını özünə sevdirə bilmişdi...
Bir zamanlar AzTV-nin "Səhər" proqramına məhz ona görə baxırdıq, "Xəbərlər"i məhz onun dilindən eşitmək istəyirdik...
Vaxt gəldi, bu məşhur aparıcı səssiz-sədasız efiri tərk etdi. Qəfildən, tamaşaçıların heç gözləmədiyi və istəmədiyi anda...
Artıq 10 ildir, o, efirdən uzaq düşüb. Elə vətəndən də. Nə mətbuatda görünür, nə sosial şəbəkədən istifadə edir. Özünü, həyatını yalnız ailəsinə və övladlarına həsr edib. Bəlkə də artıq bildiniz söhbət kimdən gedir - Azərbaycan efirində özünəməxsus iz buraxmış teleaparıcı Esmira Çərkəzqızından.
BAKU.WS lent.az-a istinadən Esmira Çərkəzqızı ilə olan müsahibəni təqdim edir:
- Esmira xanım, sizi vətəndə görmək çox xoşdur. İllər öncə AzTV-dən getdiniz və sanki efirdə bir boşluq yarandı. Niyə televiziyadan ayrıldınız? Bu, bir inciklik idi, yoxsa...?
- Yox, inciməmişdim. Uzun illər idi ki, televiziyada çalışırdım. Həm fiziki, həm də psixoloji baxımdan tamamilə yorulmuşdum. Belə olanda insan bir yenilik axtarır. Bilirsiniz, mənim ikinci ixtisasım da var - Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm. İkinci ixtisasıma uyğun dövlət işində çalışmağa başladığım üçün AzTV-ni tərk etdim. Amma televiziyaya və jurnalistikaya "əlvida" demədim, "hələlik" dedim.
Televiziya həmişə mənim içimdədir. Jurnalistika çox sevdiyim bir işdir və həmişə də ondan zövq almışam. Həmişə efirə işimi, tamaşaçını sevərək çıxmışam, məşhurluğu, reytinqi yox. Bir az yorğunluq, özünəgəlmə dövrü var idi və efirdən uzaqlaşmaq daha məqsədəuyğun idi.
- Deyəsən, bu uzaqlaşma şəxsi həyatınıza da düşərli oldu...
- Bəli, bu qərar ümumiyyətlə, həyat axarıma müsbət təsir göstərdi. Çünki AzTV-dəki iş rejimim çox çətin idi. Sabahın yox, axşamın yox, bütün günü sənin bir ailən var idi, o da televiziya. Özümü yalnız televiziyaya həsr etmişdim. Proqramımın biri səhər tezdən, digəri axşam idi. Ortada qalan zaman kəsimində isə ya çəkilişlər olurdu, ya layihələrimin ssenarisini yazırdım. Səhər 6-da evdən çıxırdım, axşam 12-də qayıdırdım. Nə özümə bir qadın kimi zaman ayıra bilirdim, nə də şəxsi həyatıma. Amma dövlət işində stabil iş saatım var. Səhər 9-dan axşam 6-ya kimi. Özümə də zaman ayırırdım, dincəlirdim. Siz dediyiniz kimi, şəxsi həyatıma da düşərli oldu və ailə həyatı qurdum. Gözəl bir ailəm oldu, övladlarım dünyaya gəldi.
- Bildiyimizə görə, gec ailə qurmusunuz. Buna görə ətrafdan, qohum-əqrəbadan sizə "niyə ərə getmirsən?" kimi basqılar olurdu?
- 39 yaşımda ailə qurdum. Əlbəttə, hər zaman deyirdilər ki, gözəl-göyçək qızsan, təhsil almısan, yaxşı işin var, məşhursan, bəs niyə ailə qurmursan, başqalarından nə əskiyin var? Bütün bu suallar məni yormurdu, əksinə, gülürdüm. Amma xoşuma da gəlmirdi, çünki bu, mənim özəl həyatımdır. Məsləhət bilsəydim və uyğun birinə rast gəlsəydim, təbii ki, ailə qurardım. Avropada, Türkiyədə hər kəs bəlli bir karyera qurduqdan sonra evlənir. Çünki bu zaman özünə güvəni olur, maddi büdcəsi formalaşır. Təbii ki, mənə deyilən sözlərin təsirinə düşmürdüm. Amma haradasa qəlbimin dərinliklərində məni sevən birinin, isti yuvamın, övladlarımın olmasını istəyirdim.
- İndi necə düşünürsünüz bəs, gec ailə qurmağınıza peşman deyilsiniz ki?
- Gec ailə qurmağımı bircə ona görə özümə bağışlamıram ki, övlad sevincini gec yaşadım. Məni zamanında istəyənlər çox olub. Qohumdan, tanışlardan, efirdən, hətta tamaşaçılar arasından da. Onlardan biri ilə niyə ailə həyatı qurmamışam ki? Bunu övladlarımın indiki şirinliyini görəndə özümə deyirəm. Kaş, zamanında bu övlad sevgisini dadaydım. Özümü yalnız bu mənada qınayıram ki, niyə eqom imkan vermədi vaxtında ailə qurum?
- Evləndiyiniz şəxs Türkiyə vətəndaşıdır, özü də hərbçidir. Maraqlıdır, niyə məhz o? Hansı xüsusiyyəti ilə sizin diqqətinizi cəlb etdi ki, evlənməyə razı oldunuz?
- Hərdən mən də zarafatla Tayyara deyirəm, sən mənə hansı tilsimi etdin ki, qısa zamanda tanımadığım biri ilə ailə qurdum. Əslində onun ailəsini uzun illər idi tanıyırdım, amma şəxsən özünü yox. Lakin bu yolu heç düşünmədən qət etdim, sadəcə fikirləşdim ki, ailəsini tanıyıram və özü də çox mədəni biridir.
- Maraqlıdır, necə tanış oldunuz, sizə harda evlilik təklifi etdi?
- Mən hər il Türkiyəyə hər tərəfli müayinəyə gedirdim. Müayinə həkimimlə rəfiqə olduq. O həkim həyat yoldaşımın qardaşının xanımı idi. Mənim barəmdə Tayyara danışıb. Sonra bizi tanış etdilər. Həmin vaxt Ukraynada istirahətdə idim. Baxırdım ki, davamlı mənimlə maraqlanır, mütəmadi zəng vurur, yazırdı. Daha yaxından tanıdıqca gördüm, tam istədiyim bir insandır. Təhsilli, ziyalı, mədəni, anlayışlı, mülayim xasiyyətlidir. Baxmayaraq ki, adətən hərbçilər daha sərt xarakterli olurlar.
Evlilik təklifini isə heç gözləmirdim. Mən Ukraynada tətilimi bitirdim və İstanbula getdim. Bir gün məni "Floriya"da səhər yeməyinə dəvət etdi. Getdim, gördüm böyük bir süfrə hazırlanıb. Düşündüm ki, burada neçə nəfər olacağıq görəsən? Tanımadığım insanlarla birlikdə necə oturacam deyə bir az xoflandım da. Amma sonra baxdım ki, yox, yalnız ikimizik və bu süfrə sadəcə bizim üçün hazırlanıb. Oturduq, xeyli söhbət etdik və məlum oldu ki, mənimlə evlənmək istəyir. Təbii ki, ikimiz də ağlı başında insanlarıq, uşaq deyildik və düşünülməmiş ailə qura bilməzdik. Quracağımız ailənin özülünü, büdcəsini hər tərəfli müəyyənləşdirdik. Özülü möhkəm olan mükəmməl bir ailə qurduq. Hərdən yoldaşımın uşaqları ilə münasibətində də görürəm ki, o, necə yaxşı bir atadır. Və mən özümə bir daha deyirəm ki, yanılmamışam...
- Yoldaşınız sizin məşhur aparıcı olduğunuzu bilirdi yəqin ki...
- Xeyr, aparıcı olduğumu ümumiyyətlə bilmirdi. Özüm demək istəməmişdim. Mənim "Səhər"də olan xatirələrimlə bağlı kitabım çıxmışdı. Toy günümdə həmin kitabları bir-bir imzalayaraq, qonaqlara hədiyyə etdim. Yoldaşım da onda bildi ki, mən aparıcı olmuşam. Sonra CD-lərimi göstərəndə dedi ki, nə yaman məşhur imişsən?
- Həyat yoldaşınız qısqancdır?
- Xeyr, qısqanc deyil. Hətta indi də televiziyaya qayıtsam, yaxşı qarşılayar. Mənə həmişə deyir ki, niyə bu cür istedadını gizlətmisən? Amma geyimimə, saç və makiyajıma qarışır bəzən. Bəzi geyimlərimi görəndə deyir, sən üç uşaq anasısan, məncə, özün özünə bu geyimi yaraşdırmazsan. Və bunu o qədər mədəni şəkildə deyir ki, fikrimdən daşınıram. Nəyəsə hirslənəndə bunu səsini qaldırmadan bildirir. Hər ailədə bəzən söz-söhbət olur. Bizdə olanda uşaqların gözü qarşısında mübahisə etmərik əsla. Mənə "Esmira sultan" deyə müraciət edir. Məsələn, "Esmira sultan, rica etsəm, mənə bir çay verərsinizmi?". Bir sözlə, çox nəzakətli insandır. Bu xüsusiyyətini çox sevirəm.
- Xanımların gec ailə qurmasının yaratdığı problemlərdən biri ana olmağın çətinliyidir. Siz də belə bir çətinliklə qarşılaşdınız?
- Bəli, çətin olur. Mən heç düşünmürdüm ki, üç övladım birdən olar. Fikirləşirdim ki, gec ailə qurmuşam, yəqin bir övladım ancaq olar. Buna baxmayaraq, övladımın olması üçün xüsusi müalicə almadım. İlk hamiləliyim yarımçıq pozuldu. Ondan bir müddət sonra yenidən hamilə qaldım. Həkim müayinəsində məlum oldu ki, uşaqlar əkizdir. Bizim nəslimizdə, ana tərəfimdə əkizlər çoxdu. Bacılarım, anamın özü əkizdir. Yəni bu, bizdə genetikdir. Ona görə buna elə də təəccüblənməmişdim. Bir neçə həftə sonra yenidən həkim müayinəsinə gedəndə dedi, bir kisə daha var. Amma özünü gizlədir, çox göstərmir. Həkim dedi ki, bu kisə çox kiçikdir, inkişafdan qala bilər. Məsləhət gördü ki, o üçüncü dölün ürəyini tibbi müdaxilə ilə dayandırsınlar. Dedi üstəlik üçəm sizin yaşınız üçün risklidir. Mən qəti etiraz elədim. Həkim bizi əmin etdi ki, onsuz da inkişaf etməyəcək və biz yolumuza əkizlərlə davam edəcəyik. Amma həftələr keçdi və həmin uşaq da inkişaf etdiyi üçün üçəm oldu - iki oğlan, bir qız. Həkim özü də buna məəttəl qalmışdı.
- Uşaqların sağlamlığı necə idi? Həkim sizə riskli doğum olduğu barədə xəbərdarlıq etmişdi.
- Uşaqlarım yarımçıq - 26 həftəlik doğuldular. Beyin, göz qanaması keçirdilər. 64 gün reanimasiyada qaldılar. Problemlər çox oldu. Mən həyatımda çox acılar yaşamışdım, amma sən demə, həmin acılar bunun yanında heç nə imiş. Həkim dedi, ilk 3 gün çox risklidir. Uşaqlar 3 günü sağ çıxdılar. Sonra dedilər bir həftə risklidir, inanmırıq uşaqlar yaşayacaq. O dövrdə mən intihara belə cəhd etdim. Düşündüm ki, uşaqlarım qalmırsa, mən niyə qalım həyatda?! Sadəcə güclü psixoloji travma almışdım. İndi düşünürəm ki, bu, ağılsızlıq və ən əsası günahdır. Amma bir həftə keçdikdən sonra həkim dedi, bu, sadəcə bir möcüzədir - uşaqlar yaşayır. Onları Acıbadem xəstəxanasında dünyaya gətirdim. Oradakı həkimlər olmasaydı, mənim uşaqlarım yaşamayacaqdı. Təsəvvür edin, əməliyyatımda 36 nəfərlik tibbi personal iştirak edirdi. Özüm də çox qorxmuşdum ki, görəsən nə təhlükə var. Soruşdum, dedilər üçəm və riskli hamiləlikdə belə olur, normal, adi haldı. Əməliyyatdan 3 gün sonra məni evə yazdılar. Amma 64 gün səhər-axşam mən o xəstəxanada zülm çəkdim. Uşaqlar xüsusi nəfəs cihazına bağlı idi. Bir də görürdün ki, nəfəsləri dayanırdı, hərəkət etdirib özlərinə qaytarırdılar. Evdə də bizə bu cür xüsusi çarpayılar aldırmışdılar ki, nəfəsləri dayananda çarpayını hərəkət etdirək. Çox balaca idilər, əl boyda. Hətta onları qucağıma almağa qorxurdum. Ancaq 6 ay ərzində mən onlara yalnız ana südü verdim. Onların sağ qalmasının bir səbəbi də bu oldu.
- Üç uşağa birdən baxmaq çox çətin və əziyyətlidir. Bunun öhdəsindən necə gəldiniz?
- İfadə edilməyəcək qədər çətin idi. Üstəlik xüsusi diqqət tələb edən, pambığa bükülmüş uşaqlar idi. Bacım Xalidə sağ olsun, mənə çox kömək etdi. Bakıda bütün iş-gücünü atıb yanıma gəldi. Yoldaşım iki tibb bacısı tutdu. İlk 6-7 ay çox çətin idi, amma öhdəsindən gəldik. Yoldaşıma təşəkkür edirəm ki, maddi sıxıntılara, çətinliklərə baxmayaraq, hər zaman mənə dəstək oldu. Uşaqlar artıq böyüyüblər, şükür, 4 yaşları var.
- Esmira xanım, demək olar ki, artıq uşaqlarınız da sizin kimi məşhurluq yolunu seçiblər. Onlar məşhur "Möhtəşəm yüz yıl" serialına çəkiliblər.
- Bəli, o zaman uşaqlar 5 aylıq idi. Mən onların şəklini heç bir kastinqə, reklam agentliklərinə verməmişdim. Serial üçün üçəm uşaq axtardıqlarına dair elan vermişdilər, Acıbadem xəstəxanasına da sorğu göndərmişdilər. Həkimim görüb zəng vurdu ki, "Möhtəşəm Yüzyıl" serialı üçün üçəm axtarırlar. Razısınızsa, şəkilləri göndərək baxsınlar. Razı oldum. O serialı çox sevirdim və izləyirdim. Uşaqların üçü də bir-birinə çox bənzədiyi üçün xoşlarına gəldi və seriala çəkməyi təklif etdilər. Yoldaşım istəmirdi, amma çox israr etdilər, mən də onu razı etdim. Çəkilişlər yanvar ayında açıq bir ərazidə aparılırdı. O zaman uşaqlardan biri soyuqladı, xəstələndi və arıqladı. Hətta o ərəfədə bir uşaq qidası şirkəti ilə müqavilə bağlamışdıq və pulunu da almışdıq. Lakin müqaviləni pozduq, pulu da geri qaytardıq, çünki uşaqların hamısı eyni çəkidə olmalı idi. Elə o vaxtdan oğlanlardan biri bir az zəifdir. Ona görə də uşaqların seriala çəkilməsinə razılıq verdiyim üçün çox peşmanam.
- Tanınmış və illərlə efirdən düşməyən, indi isə həyatını ailəsinə, övladlarına həsr etmiş bir qadının evdə günü necə keçir?
- İndi mənim analıq vəzifəm var. Necə deyərlər, evimin həm xanımıyam, həm də qulluqçusu. Demək olar ki, günün 24 saatını ayaq üstdə keçirirəm. Yatmaq belə, mənim üçün xəyallara dönüb. 1 saat yataram, ya yox. Yatanda da tez-tez oyanıram ki, bəlkə uşaqlar tərləyiblər, üstlərini açıblar, ya çarpayıdan yıxılıblar. Bəzən həyat yoldaşım deyir ki, bu qədər uşaqların üstündə əsmə. Qoy həyatda yaşamağı, çətinlikləri özləri öyrənsin. Amma bu halımdan çox məmnunam. Çünki uşaqlar mənim həyatımı yaxşıya doğru tamamilə dəyişdilər.
- İndi Azərbaycan efirini izləyirsinizmi? Hazırki aparıcılar sizi qane edir?
- Türkiyədə olanda çox az izləyə bilirəm. Amma bura gələndə baxıram. Yaxşı aparıcılar var, sadəcə çox azdır. Xüsusilə nitq üslubunda kifayət qədər yanlışlıqlar var. İndiki aparıcıların əksəriyyəti qonağın, tamaşaçıların üstünə qışqırır. Mən qarşımdakı qonağın üstünə bağıraraq danışmırdım. İndi baxıram, verilişə qonaq gəlib. Elə bağıraraq danışır ki... Sənə kim haqq verib, qonağın üstünə belə bağırırsan? Olmaz! Bu efirdir. Efir etikasına aid olmayan suallar verməklə aparıcı olmaq olmaz. Aparıcı çağırdığı qonağı əvvəlcədən tanıyıb araşdırmalıdır.
- 10 ildir efirə çıxmırsınız. İllərinizi sərf etdiyiniz bu peşə üçün, aparıcılıq etmək üçün darıxırsız heç?
- Əvvəllər kimsə məni yolda tanıyanda narahat olurdum. Amma indi bu, xoşuma gəlir. Mən öz efirim üçün, aparıcılığım üçün darıxıram. Təvazökarlıqdan uzaq olsa da, mən çox yaxşı, kifayət qədər savadlı, aydın, gözəl tələffüzə sahib aparıcı idim. Bəzən evdə yoldaşımla danışanda zarafatla deyirəm ki, "Salam, sabahınız xeyir, hörmətli tamaşaçılar", "Axşamınız xeyir, xəbərlərin növbəti buraxılışı efirdədir". Yoldaşım da deyir, yenə başladı köhnə xatirələri yad eləməyə. Hərdən insanın mənəvi ehtiyacı olur. Televiziyadan çıxdıqdan sonra hazırki işimdə nahar vaxtı başqaları yeməyə gedəndə mən yazı yazırdım. Məsələn, Telman Adıgözəlov rəhmətə gedəndə çox təsirləndim və kompüteri açdım. Öz-özümə dedim ki, mən indi efirdə olsaydım, belə yazardım. Və oturub bir yazı yazdım. Yaxud Yaşar Nuri öləndə çox gözəl şeylər yazmışdım. O yazılar heç yerdə getməyib, hələ də məndə qalır. Hərdən deyirəm, mən efirdə olsaydım, belə ifadə işlədərdim, belə deyərdim. İndi efirdə olanlar qonağı tanımadan, bilmədən efirə çağırır. "Səhər"ə şənbə qonağı çağıranda günlərlə onun haqqında öyrənirdim. Hətta onu tanısam belə. Məsələn, Ramiz Həsənoğlu bizimlə işləsə də, neçə gün televiziyanın yeməkxanasında çay içdik. Guya çay içirdik, amma mən onu müşahidə edirdim. Bu, ona görə idi ki, proqramım səviyyəli olsun. Mən qara qaş-gözümü göstərmək üçün efirə çıxmırdım. Yadımdadır Habil Əliyevin televiziya ilə incikliyi vardı. Amma "Səhər"ə mənə görə gəldi. Eləcə də Arif Məlikov və başqa karifeylər. Bu, o cür ziyalıların mənə verdiyi dəyərdir. Sevinirəm ki, illərlə yığdığım kapital budur. Müəyyən tamaşaçı auditoriyası var ki, mən o auditoriyaya işləmişəm. Orada ziyalı da, orta nəslin nümayəndələri də, gənclər də olub və mən bununla fəxr edirəm. Televiziya işi mənim peşəmdir, həm də çox sevdiyim və aşiq olduğum peşə. Amma mən istəsəm belə, efirə dönüşüm imkansızdır, çünki Türkiyədə yaşayıram. Bəlkə irəlidə orada bu işimi zövqlə davam etdirə bilərəm. Hazırda isə mənim 3 fanatım var ki, onları həyata hazırlamaq, analıq sevgimi onlara doyunca vermək istəyirəm. Bir sözlə, əyləndirmək, maarifləndirmək və informasiya vermək kimi televiziyaçı missiyamla 3 mələk üzlü, saf tamaşaçımın xidmətindəyəm.
BAKU.WS
Oxşar xəbərlər
AzTV-nin aparıcısının canlı efirdə qəfil halı pisləşdi - VİDEO
Azərbaycan Televiziyasının canlı efirində aparıcı çətin anlar yaşayıb. BAKU.WS A24.Az-a istinadla xəbər verir ki, canlı efirdə xəbər oxuyan xanım spiker Nərmin...