...Xocalı soyqırımını, bu vəhşiliyi, həmin gün qətlə yetirilən körpələri, tarixdə görünməmiş şəkildə təcavüzə məruz qalan analarımızı, bacılarımızı, qızlarımızı, 27 ildir gözümüzün önündən və beynimizdən silinməyən ata-qardaşlarımıza edilənləri unutmaq olarmı? Olmaz!... Mümkün deyil!... Bunu 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə yaşanılanları kənardan izləyici kimi deyirik.

Faicənin kənardan şahidiyik biz, sadəcə kənardan. Həmin günü çəkilən fotolara, video-görüntülərə baxıb dəhşətə gəlirik. Bəs bu faciəni gözü ilə görüb, bütün mənəviyyatı ilə yaşayan, gözləri önündə sevdiklərinə işgəncə edilən, körpəsinin son nəfəsini duyaraq cismani yaşamağa məhkum anaların iliyinəcən sızıldayan faciəsini unutmaq olarmı? Olmaz!... Bu, mümkün deyil!...

Bəs bu günlərdə müsahibim olan Xocalı sakini və şahidi, bircə qardaşını da Xocalıda itirən Fiqurə Rüstəmovanın ürək yanğınısını necə, unutmaq yaraşarmı bizə?! Xocalı soyqırımında üç oğlunu itirmiş Şahəddin nənədən danışmışdı Fiqurə xanım. Üç oğlu ermənilərin gülləsinə və işgəncəsinə tuş gəlib Şahəddin nənənin... Hər günün hər saniyəsi yaşamına nifrət edən bu ananın naləsini bəs unutsaq, vicdan əzabından yaşaya bilərikmi? Həmin gecənin ah-nalələri bizi rahat yaşamağa qoyarmı? Fevralın 25-dən 26-na keçən gecə...



27 ildir bu tarix Azərbaycanın Qan yaddaşıdır! Faciə tariximizdir bu bizim. Bu dəhşətli tarixi yadda saxlamaq çətindirmi sizcə? İllər öncə Xocalı soyqırımı günü ölkənin hüdudlarından kənarda konsertlər verən, deyib-gülən şou əhlinin nümayəndələri, el qınağından heçmi qorxmursuz? Heçmi o anaların göz yaşları sizi narahat edib, gecələr yuxularınızı ərşəyə çəkmir? Düşünəcəksiz ki, illər öncə baş verən hadisənin yenidən gündəmə gətirilməsinə nə lüzum var. Heç nə səbəbsiz deyil...!

News24.Az olaraq, şou nümayəndələri arasında Xocalı soyqırımının tarixi ilə bağlı sorğu keçirmək qərarına gəldik. Məqsədimiz sadəcə Xocalı tarixini və bu soyqırımdan neçə il keçdiyini bilib-bilməmələrini müəyyənləşdirmək idi. Lakin... Lakin onların sualımızı yetəri qədər cavablandırmamaları bir tərəfə, həmin günlə bağlı suala ala-babat, tərəddüdlə cavab verərək gülmələri... Hətta “xatırlamıram, nə vaxt idi? 94, yox 92”...

Əslində bütün bu yazdıqlarım sorğu ilə bağlı çəkdiyimiz videoda da var. Xocalı faciəsini eşidib, gülmək olarmı, cənablar?! Barı, Xocalının adını eşidərkən, başınızı aşağı dikib susardınız... “Qan yaddaşımızdır Xocalı bizim” – deyib, özünüz özünüzdən utanardız... Amma gülməzdiniz...
Yazdıqlarım üç ünvana aiddir və daha davam etmək istəmədik, daha çox sarsılmamaq üçün... Bu tarixdir, faciə tarixi... İtirdiyimiz Xocalının, işgəncə verilən insanlarımızın tarixidir! Şəhidlərimizin tarixidir bu! Hər birinizdən rica edirəm Vətən övladı kimi – bir gün toyunuz olduğunu da unudun... Amma bu tarixi unutmayın.

P.S. Sorğuya baxdıqdan sonra düşündüm: Bunu verməmək daha düzgün olar deyə. Rəqqasə Renka kimi tanınan Rəna Ağamuradova iki uşaq anasıdır. Müğənnilər Kərim Abbasov və Niyam Salami... Bu siyahı bəlkə də daha çox ola bilərdi, ya da elə üç nəfərlə kifayətlənərdi. Daha təsirli cavablar eşidə bildiklərimiz də ola bilərdi. Amma bu bizə yetdi... Xocalı ilə bağlı gülüş səslərinizi eşitdiyimdə mən utandım sizin yerinizə. Bunu yayımlamaqda məqsədimiz faciə tariximizə hörmət etməyə sizi məcbur etməkdir! Vətənə, Torpağa, Şəhidlərimizə, gözü yaşlı Analarımıza hörmət etmək borcundasınız!

Qeyd: 27 il bundan əvvəl, 1992-ci ildə Xocalı soyqırımı törədilib. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

BAKU.WS