Bir neçə gündür Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olan erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyan Bakıya gəlməyəcək.

BAKU.WS xəbər verir ki, Zaranın adı 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalınnda iştirak edəcək müğənnilərin siyahısından çıxarılıb.

Onun adı festivalda səhnə alacaq 81 sənətçinin arasında yoxdur. 

Festivalın rəsmi saytında göstərilən əlaqə nömrələrindən biri ilə əlaqə saxlayıb, Zara Mqoyanın festivala gəlib-gəlməyəcəyini soruşduq. Adını açıqlamayan şəxs festivalda iştirak edəcək müğənnilərin siyahısı ilə tanış olmağımızı məsləhət gördü: "Əgər müğənninin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”.

“Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək.

Zülfiyyə Qurbanova
BAKU.WS