Dərmanların qəbul edilməsi üçün ən uyğun vaxtı açıqlanıb
Dərmanların effektivliyi onların günün hansı saatında qəbul edilməsindən əhəmiyyətli dərəcədə asılıdır.
BAKU.WS-in mlumatına görə, mütəxəssislər bildirirlər ki, insan orqanizmində baş verən bioloji ritmlər dərmanların mənimsənilməsinə və təsir gücünə birbaşa təsir göstərir.
Kimya elmləri namizədi, biotexnologiya və sənaye əczaçılığı üzrə mütəxəssis Aleksey Panovun sözlərinə görə, orqanizmin sutkalıq ritmlərinin nəzərə alınmaması müalicənin effektivliyini azalda, bəzi hallarda isə toksik reaksiyalara səbəb ola bilər.
Ekspert qeyd edib ki, dərmanların parçalanması və mənimsənilməsi əsasən qaraciyərdə baş verir. Qaraciyər fermentlərinin fəaliyyəti günün ilk yarısında daha yüksək olduğundan, səhər saatlarında qəbul edilən preparatlar daha sürətlə təsir göstərir. Axşam saatlarında isə bu proseslər ləngiyir və dərman maddələri qanda daha uzun müddət qalır.
Mütəxəssisin fikrincə, qan təzyiqini tənzimləyən preparatların gecə saatlarında qəbul edilməsi daha məqsədəuyğundur. Bu zaman dərmanın təsiri səhər saatlarında müşahidə olunan təzyiq yüksəlməsi dövrünə təsadüf edir. Xolesterini azaltmaq üçün istifadə edilən statin preparatlarının da axşam qəbul olunması daha effektiv hesab edilir, çünki xolesterinin əsas sintezi gecə saatlarında baş verir.
Panov bəzi dərman qruplarının qəbul vaxtının dəyişdirilməsinin təhlükəli nəticələr doğura biləcəyini də vurğulayıb. Xüsusilə antiaritmik preparatlar və bəzi antibiotiklər yalnız həkimin təyin etdiyi qrafik üzrə qəbul edilməlidir. Əks halda, müalicə effekti zəifləyə və ya orqanizmdə zəhərlənmə riski yarana bilər.
Bundan əlavə, dərmanların qəbul vaxtı onların yan təsirlərinə də təsir edir. Məsələn, iltihabəleyhinə preparatların səhər acqarına qəbul edilməsi mədə selikli qişasını daha çox qıcıqlandıra bilər. Sidikqovucu dərmanların axşam saatlarında istifadəsi isə yuxu rejiminin pozulmasına səbəb ola bilər.
Mütəxəssis vətəndaşlara dərman qəbul etməzdən əvvəl təlimatları diqqətlə oxumağı və qəbul vaxtını həkimlə məsləhətləşmədən dəyişməməyi tövsiyə edib. Onun sözlərinə görə, dərmanların özbaşına fərqli saatlarda qəbul edilməsi müalicənin nəticələrini zəiflədə və əlavə sağlamlıq problemləri yarada bilər.
Qeyd edək ki, həkimlər antibiotiklərin də özbaşına istifadəsinin ciddi fəsadlara səbəb ola biləcəyi barədə mütəmadi xəbərdarlıq edirlər.
Oxşar xəbərlər
Sabah Yasamal, Nizami və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
İyunun 25-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. BAKU.WS xəbər verir...