27 yaşında bitən ömür: Emi Uaynhausun dramatik taleyi

27 yaşında bitən ömür: Emi Uaynhausun dramatik taleyi
Video
Şou-biznes 108

Dünya musiqisinin ən parlaq, lakin ən faciəli talelərindən biri britaniyalı müğənni Emi Uaynhausun həyatı ilə bağlıdır. Bir gecənin içində qlobal şöhrət qazanan sənətçinin son illəri qalmaqallar, asılılıq problemləri və səhnədə yaşanan çətinliklərlə yadda qalıb. Şəxsi həyatındakı böhranlar və sağlamlıq problemləri onun karyerasına ciddi təsir edib.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

2006-cı ildə çıxan "Back to Black" albomu Emi Uaynhausu dünya səviyyəli ulduza çevirdi və 2008-ci ildə o, bir gecədə beş "Qremmi" mükafatı qazanan ilk britaniyalı qadın ifaçı kimi tarixə düşdü. Lakin şöhrətin zirvəsində olduğu dövrdə belə onun şəxsi həyatı qalmaqallardan uzaq olmadı.

Müğənninin 2005-ci ildə tanış olduğu Bleyk Filder-Sivillə münasibəti tezliklə mediada geniş müzakirə olunan mövzuya çevrildi. Bu münasibət dövründə narkotik və alkoqol asılılığı daha da dərinləşdi və sənətçinin psixoloji vəziyyəti ağırlaşdı.

Sonrakı illərdə Emi bir neçə dəfə reabilitasiya mərkəzlərinə müraciət etsə də, sağlamlıq problemləri onun səhnə fəaliyyətinə də təsir göstərirdi. Konsertlərə gecikməsi, mahnı sözlərini unutması və yorğun görünməsi tez-tez mediada gündəmə gəlirdi.

2011-ci ilin iyununda Serbiyanın Belqrad şəhərində keçirilən konsert isə ən səs-küylü hadisələrdən biri kimi yadda qaldı. Emi səhnədə mahnıları düzgün oxumadı, orkestrdən geri qalaraq tamaşaçılarla əlaqə qura bilmədi.

Zalda narazılıq artdı, bəzi tamaşaçılar fit çaldı, bəziləri isə açıq şəkildə "pulumu qaytarın" deyə qışqırdı. Bu görüntülər sosial mediada sürətlə yayıldı və müğənninin vəziyyəti barədə ciddi müzakirələr başladı.

Hadisədən sonra onun turnesi dayandırıldı və müalicəyə fokuslanması tövsiyə edildi. Ailəsi və yaxın çevrəsi də müğənninin vəziyyətindən ciddi narahat idi.

Lakin uzun illər davam edən asılılıq onun sağlamlığını xeyli zəiflətdi. 2011-ci ilin 23 iyulunda Emi Uaynhaus Londondakı evində 27 yaşında ölü tapıldı.

Rəsmi məlumata görə, ölümün səbəbi alkoqol zəhərlənməsi olub və bu xəbər musiqi dünyasında böyük sarsıntı yaradıb.

Son xəbərlər