VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Gürcüstan və Rusiya müğənnisi Soso Pavliaşvilinin bu ilin dekabrında Bakıda verəcəyi konsertidir.

BAKU.WS ifaçının Bakı konsertinin direktoru Alik Həsənovla əlaqə saxlayıb. A.Həsənov bizimlə söhbətində bildirib ki, S.Pavilaşvili məsələ ilə bağlı özü açıqlama verəcək:

"Yaxın günlərdə siz Soso Pavilaşvilinin məsələyə mövqeyini öyrənəcəksiniz. 4-5 gündən sonra onun böyük müsahibəsi dərc olunacaq. Bu məsələ ilə bağlı başqa şərh verə bilmərəm”.

Xatırladaq ki, haqqında danışılan ifaçı 2004-cü ildə işğal altında olan Dağlıq Qarabağ ərazisində konsert proqramı ilə çıxış etmiş və bununla da Azərbaycan hökumətinin qəzəbini doğurmuşdu. Azərbaycanın Mədəniyyət və Turizm nazirinin sərəncamı ilə S.Pavliaşvilinin bütün mahnılarının respublikanın radio və televiziyalarının efirində verilməsinə, eləcə də artistin konsert proqramı ilə çıxış etməsinə qadağa qoyulmuşdu.

Bir neçə gün öncə Azərbaycanın Xarici İşlər Nazirliyinin saytı (XİN) rusiyalı müğənnilər Timur Temirov və Soso Pavliaşvilinin müraciət məktubunu dərc etdi. Məktubda hər iki müğənni Azərbaycana giriş qadağasının ləğv olunmasını xahiş ediblər və qadağa aradan qaldırılıb.
 
Növbəti gün isə Azərbaycanın qara siyahısından çıxarılması ilə bağlı xəbərə müğənni-bəstəkar Emin Ağalarov münasibət bilirdi. İfaçı açıqlamasında Soso Pavliaşvilinin Azərbaycanda konsertini təşkil edəcəyini deyib.

Qeyd edək ki, Soso Pavliaşvilinin Bakıda konsertinin təşkil olunması Azərbaycanda ictimaiyyət – sənət və sadə adamlar arasında heç də yaxşı qarşılanmayıb. Hər kəs onun Bakıda konsert verməsinə qarşı çıxır.

Hətta "Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru, əməkdar artist Tahir İmanov məsələyə biganə qalmayaraq rəhbəri olduğu teatrın yaradıcı heyəti adından BAKU.WS-ə müsahibə verərək, S.Pavliaşvilinin Azərbaycan xalqından üzr istəməsini tələb edib. 
Aysel.Ş
BAKU.WS