VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün mərhum sənətkar, Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın doğum günüdür. 

BAKU.WS xəbər verir ki, Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub.
 
Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
 
Əmək fəaliyyətinə 1957-1958-ci illərdə Azərbaycan Dövlət Estrada Birliyində başlayan Səyavuş Aslan 1958-1959-cu illərdə Quba Dövlət Dram Teatrında, 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. 1994-cü ildə o, Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib. 1996-cı ildə Səyavuş Aslan yenidən Akademik Milli Dram Teatrına qayıdıb və ömrünün sonuna orada çalışıb.
 
Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Səyavuş Aslan həm də məşhur kino ustası olub. 
Onun filmlərdə işlətdiyi məşhur sitatlar: "8 min pul alıblar məndən, oynamaqlarına bax!”,  "Evdə də uşaqlar deyir atamız işə gedib” ("Bəyin oğurlaması”), Heç bir vicdansız bunu eləməzdi, amma sən elədin!”, "Yalansa franzuski ilan vursun dilindən”, "Sən qələtini elə, söz veriləndə danışarsan. Mollalıq eləmə" ("Yol əhvalatı”) və başqaları hələ də dillər əzbəridir.

O, "Hamlet", "Böyük Romul", "Ax, Paris, Paris", "Mənim sevimli dəlim", "Hicran" , "Poçt şöbəsində xəyal", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz" tamaşalarında, "Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Yaşıl eynəkli adam, "Qaynana əməliyyatı" və s. teletamaşalarda yaratdığı bir-birindən yaddaqalan obrazlar qalereyası ilə böyük tamaşaçı sevgisi qazana bilib.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 
 
Prezident təqaüdçüsü idi. 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
Xalq artisti ağır xəstəlikdən sonra 27 iyun 2013-cü ildə Bakıda vəfat edib.
 
Aysel.Ş
BAKU.WS