"Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirilib

Gənc həmkarlarla inkişafa doğru tədbiri keçirilib
Foto
Promo 275

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gənc həmkarlarla inkişafa doğru" tədbiri keçirilib.

Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində təşkil olunan tədbirdə AHİK-in və dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqlarının gənc üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasətindən, cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyevin Fondunun reallaşdırdığı sosial, mədəni və humanitar layihələrin gənclərin inkişafına və cəmiyyətdə rolunun artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Konfederasiya sədri ölkəmizdə həyata keçirilən gənclər siyasətinə dəstək olaraq AHİK-in həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirləri də qeyd edib.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında ölkəmizdə gənclərin fiziki, mənəvi və sosial inkişafının təmin olunması məqsədilə həyata keçirilən dövlət proqramları və layihələrdən danışıb. Nazir müavini gənclərin sağlam həyat tərzinin təşviq olunmasının, idman infrastrukturlarının genişləndirilməsinin, onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal iştirakının təmin edilməsinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərin inkişafında təhsilin strateji roluna toxunaraq bildirib ki, Azərbaycanın müasir təhsil sistemi gənclərin bilik və bacarıqlarının, yaradıcılıq qabiliyyətinin və peşəkar kadr potensialının formalaşmasına xidmət edir, onları məsuliyyətli vətəndaş kimi yetişməyə yönəldir.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev isə gənclərin təşəbbüslərinin stimullaşdırılması, onların sosial, innovativ və ictimai əhəmiyyət daşıyan ideyalarının layihələr vasitəsilə dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb, Fondun gənclərin fəallığının artırılmasına, liderlik bacarıqlarının inkişafına və onların cəmiyyətin müxtəlif sahələrində daha aktiv iştirakına verdiyi töhfəni qeyd edib.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra gənclər - "Uğur yolu" müsabiqəsinin qalibi, İqtisadiyyat Nazirliyinin İnsan resurslarının inkişafı şöbəsinin əməkdaşı Hüriyyə Məmmədova, 3-cü "Yüksəliş" müsabiqəsinin qalibi, Mərkəzi Bankın şöbə rəisi İlahə Baxışova Tahirli və Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Camo Əliyev çıxış edərək uğur hekayələrini iştirakçılarla bölüşüblər.

Sonra "Rəqəmsallaşma və innovasiyaların tətbiqində gənclərin rolu" mövzusunda panel müzakirə aparılıb.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər