Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır

Bolt, Pony.ai və Stellantis sürücüsüz nəqliyyat sınaqlarına başlayır
Promo 41

Lüksemburq, 9 iyun 2026-cı il – Avropanın aparıcı mobillik platforması Bolt, avtonom idarəetmə texnologiyaları sahəsində qlobal lider Pony.ai və dünyanın aparıcı avtomobil istehsalçılarından biri olan Stellantis Lüksemburqda avtonom mobillik üzrə pilot sınaq proqramının başladığını elan ediblər.

Bu, Bolt-un ilk avtonom mobillik pilot layihəsidir və şirkətin müxtəlif texnologiya tərəfdaşları ilə birlikdə Avropa şəhərlərində avtonom mobillik xidmətlərini genişləndirmək məqsədində növbəti mühüm mərhələ hesab olunur. Stellantis üçün isə bu təşəbbüs şirkətin Avropadakı tərəfdaş ekosisteminin genişləndiyini nümayiş etdirir və L4-Ready Platform™ əsasında qurulan qlobal sürücüsüz mobillik strategiyasını daha da irəli aparır.

Proqram Pony.ai şirkətinin yeddinci nəsil (Gen-7) avtonom nəqliyyat vasitələrinin təhlükəsizlik, performans və normativ tələblərə uyğunluğunun Lüksemburqun real yol hərəkəti şəraitində qiymətləndirilməsinə yönələcək. Bu proses ölkənin avtonom mobillik texnologiyalarının sınaqlarına açıq və innovativ yanaşması ilə dəstəklənəcək. Stellantis isə L4-Ready Platform™ əsasında hazırlanmış orta ölçülü furqon təqdim etməklə mühəndislik və istehsalat sahəsindəki təcrübəsini layihəyə töhfə verəcək.

Tərəfdaşlar hazırda "Living Lab" pilot layihəsinin həyata keçirilməsi üçün hazırlıq işləri aparırlar. Pilot proqram şəhər şəraitində təhlükəsiz avtonom mobilliyin təmin olunması üçün zəruri olan texnologiya və əməliyyat proseslərinin sınaqdan keçirilməsini nəzərdə tutur. Buraya nəqliyyat vasitələrinin istifadəyə verilməsi, ride-hailing platforması ilə inteqrasiyası, donanmanın idarə olunması və tənzimləyici qurumlarla koordinasiya daxildir.

Pilot proqram Stellantis, Pony.ai və Bolt arasında daha əvvəl elan edilmiş əməkdaşlıqların davamı olaraq Avropada avtonom mobillik həllərinin inkişafı və tətbiqini sürətləndirməyi hədəfləyir. Şirkətlər proqramın sonunda tam sürücüsüz istismara hazırlıq səviyyəsinə çatmağı planlaşdırırlar.

Layihə tərəfdaşların aşağıdakı üstünlüklərini bir araya gətirir:

● Bolt-un ride-hailing (mobil tətbiq vasitəsilə nəqliyyat sifariş etməsinə imkan verən xidmət növü) platforması və bazar təcrübəsi;

● Stellantis-in L4-Ready Platform™ həlləri, eləcə də mühəndislik və istehsalat imkanları;

● Pony.ai şirkətinin avtonom idarəetmə texnologiyaları və əməliyyat təcrübəsi.

Markus Villig, Bolt-un təsisçisi və baş icraçı direktoru:

"Avtonom mobillik texnologiyaları artıq bütün dünyada nəqliyyat sektorunu dəyişir. Qlobal miqyasda rəqabət aparan yeganə müstəqil və Avropa mənşəli ride-hailing platforması olaraq biz bu inqilabi texnologiyanın Avropada geniş tətbiqinin önündə olmaq istəyirik. Lüksemburqun bu texnologiyanın sınaqlarına mütərəqqi yanaşmasını yüksək qiymətləndiririk və Avropadakı tərəfdaşımız Stellantis, eləcə də proqram təminatı sahəsində qlobal lider Pony.ai ilə gələcəkdə yeni pilot layihələr həyata keçirməkdən məmnunuq."

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər