SİZİN REKLAM BURADA!
055 213 76 73


"R-Pharm" Şirkətlər Qrupunun Azərbaycandakı əczaçılıq kompleksi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı arasında universitet tələbələrinin Bakıdakı "R-Parm" zavodunda əczaçılıq texnologiyası üzrə tədris təcrübəsi keçməsi haqqında əməkdaşlıq sazişi imzalanıb.

Praktiki məşğələlər dərman preparatlarının (onların substansiyalarının) hazırlanması, istehsalı, qablaşdırılması, saxlanması, daşınması, dövlət qeydiyyatı, farmakoloji nəzarətin həyata keçirilməsi, sertifikatlaşdırılması, keyfiyyətə nəzarət və təhlükəsizliyi kimi sahələri əhatə edəcəkdir.

Tədris təcrübəsi zamanı tələbələr müxtəlif istehsalat zonalarında əczaçılıq müəssisəsinin əməkdaşlarının vəzifələri ilə tanış olacaq, dərman maddələrinin və yardımçı maddələrin nomenklaturasını və çeşidini öyrənəcək, dərman formalarının hazırlanması texnologiyası ilə tanış olacaqlar. Bundan əlavə, tələbələr keyfiyyətə nəzarət şöbəsinin və laboratoriyanın işinin təşkili, əczaçılıq məhsullarının istehsalındakı prosesləri və istifadə olunan avadanlıqlar, habelə hazır məhsulun saxlanma şəraiti barədə öyrənəcəklər.

Tələbələrin qazandıqları təcrübə və əldə etdikləri biliklər gələcək gənc mütəxəssislərə kursdan-kursa keçid və dövlət imtahanlarına müvəffəqiyyətlə hazırlaşmağa, eləcə də gələcək peşə fəaliyyəti zamanı müasir əczaçılığın aktual məsələlərini həll etməyə imkan verəcəkdir.

Qeyd etmək lazımdır ki, "R-Pharm" Şirkətlər Qrupu ixtisasyönümlü işlərə xüsusi diqqət yetirir - şirkətin hazırkı əməkdaşları məktəblilərlə görüşlər keçirir, təhsil düşərgələrinin işində iştirak edir, istehsalat ekskursiyalar təşkil edirlər.

"R-Pharm" iri təhsil layihələrini fəal şəkildə dəstəkləyir, təhsil müəssisələrinin müasir tədris avadanlığı ilə təchiz olunmasında yaxından iştirak edir, bir sıra ixtisas fənləri üzrə təhsil standartlarının işlənib hazırlanmasına kömək göstərir.

Bütün bu layihələr elmi-təhsil potensialının inkişafına və gənclərin bu sahənin perspektivləri barədə məlumatlılığının artırılmasına yönəlib.

Bakıdakı "R-Pharm" əczaçılıq kompleksi MDB ərazisində istehsal, laboratoriya və logistika bloklarını özündə birləşdirən ən müasir zavodlardan biridir. Yüksək texnologiyalı avadanlıqla təchiz edilmiş istehsalat zonasının sahəsi 4,6 hektardır. Zavodun istehsal gücü ildə 250 milyondan çox məhsul vahidi təşkil edir.

Keçən il zavod Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin sertifikatlaşdırılmış auditini müvəffəqiyyətlə keçmiş və müvafiq istehsalat təcrübəsinin prinsip və qaydalarına, o cümlədən Avropa İttifaqı ərazisində tətbiq olunan prinsip və qaydalara (GMP EU) uyğunluğunu təsdiq etmişdir.

Beləliklə, zavod ölkədə GMP (Good Manufacturing Practice / Etibarlı İstehsalat Təcrübəsi (EİT)) sertifikatı alan ilk və yeganə əczaçılıq müəssisəsidir.

BAKU.WS