Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib

Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib
Siyasət 21

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib.

Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üçün irəli sürdüyü sülh planı dünyada əsas müzakirə mövzularından biridir:

"Donald Tramp ikinci prezidentliyi dövründə əsas diqqətini Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəldib. Bunun üçün də o, bütün təsir imkanlarından istifadə edir. Donald Tramp, ilk növbədə, Avropa Birliyini bu savaşı maliyyələşdirməyə yönəltdi. Digər tərəfdən, iqtisadi təzyiqlə cavab verdi. Bunu həm NATO üzvləri qəbul etməyə məcbur oldu, həm də Ukrayna həmin şərtlərə tabe edildi. Son olaraq Pokrovsk və Kupyansk əməliyyatları Rusiyanın mövqeyini xeyli gücləndirdi. Ukrayna Qərb və Rusiya arasında bazarlıq predmetinə çevrildi. Ukraynanın daxili məsələlərində də böhranla üz-üzə qalan Prezident Volodimir Zelenski xalqa və dünyaya müraciət edərək təklif edilən 28 bəndlik müvəqqəti sülhün və ya atəşkəsin çox amansız olduğunu bildirdi. Zelenskinin bu şərtlərə imza atması Ukraynanın siyasi xəritədə əvvəlki formada qalmasını qeyri-mümkün edir".

Deputat vurğulayıb ki, Ukrayna xalqının faciəsinə baxdıqda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda əldə edilən qələbənin mühümlüyünü bir daha anlamaq mümkündür:

"Bu qələbənin nələrin bahasına başa gəldiyini anlayırıq. Azərbaycanın nəinki haqlı savaşına, hətta ərazilərinin bərpasına da hər hansı bir yardım göstərilmədi. Vətəni uğrunda savaşan Ukrayna xalqı Azərbaycan tərəfdən rəğbəti görür. Azərbaycan qələbədən sonra da öz maliyyə resursları hesabına, xalqına güvənərək həmin ərazilərdə tikinti-bərpa işləri aparır. Bir sözlə, Prezident İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərmişdi. Azərbaycan xalqı və Türk dünyası qələbəmizi dəyərləndirərkən bu qələbənin hansı miqyasda olduğunu anlamalıdır. Ukrayna üçün irəli sürülən sülh formulu Azərbaycanın qələbə ilə əldə etdiyi sülh formulundan çox fərqlidir".

Son xəbərlər