Yekaterinburqda azərbaycanlılara qarşı kampaniya: Moskvanın etnik siyasətinin nəticəsi

Rusiya Federasiyasında, xüsusilə də Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının əsassız şəkildə saxlanılması ölkə ictimaiyyəti və siyasi dairələrdə ciddi narahatlıq doğurub.
Milli Məclisin deputatı Aydın Hüseynov məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verib.
Deputatın sözlərinə görə, Rusiyanın keçmiş sovet məkanında yaşayan xalqlara, o cümlədən azərbaycanlılara qarşı davranışları köhnəlmiş imperiya düşüncəsinə əsaslanır:
"Beynəlxalq hüququ və insan haqlarını açıq şəkildə pozaraq digər xalqlara qarşı öz hegemon niyyətlərini diktə etməyə çalışan Rusiya XXI əsrin reallıqlarını görməzlikdən gəlir. Rusiya bu gün də ötən əsrin Leninqrad doktrinası ilə hərəkət edir. Onların davranışı hüquqa yox, zor tətbiqinə, qarşı tərəfi susdurmağa və etnik qruplara qarşı təzyiqə əsaslanır. Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının ardıcıl şəkildə saxlanılması və bu məsələnin şəffaf şəkildə ictimaiyyətə izah olunmaması rəsmi Moskvanın digər xalqlara qarşı aqressiv və sayğısız münasibətinin göstəricisidir".
Millət vəkili bildirib ki, azərbaycanlıların günahsız yerə saxlanılması həm beynəlxalq hüquq, həm də insan haqları baxımından ciddi pozuntudur. Bu, təkcə Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda, bütün region xalqlarına qarşı təzyiq siyasətinin tərkib hissəsidir:
"Bu cür davranışlar Rusiyanın beynəlxalq arenadakı nüfuzunu daha da zədələyir və onun təcridinə səbəb olur. Əgər dünya Leninqrad modelinə əsaslanan qanunsuzluqla idarə olunsa, heç bir beynəlxalq sabitlikdən danışmaq mümkün olmayacaq. Avropa və dünya ictimaiyyəti bu kimi hallara qarşı daha sərt və prinsipial mövqe nümayiş etdirməli, digər xalqların hüquqlarının pozulmasına laqeyd yanaşmamalıdır".
"Problem ondadır ki, biz əsl səbəbi dərk etmədən nəticə ilə üzləşirik. Səbəb isə dövlət quruluşunun özündə və Rus İmperiyasından miras qalan ideologiyadadır. Millətlərarası kəskin münaqişələr səbəbindən Sovetlər Birliyinin dağılmasından sonra sistem sarsıldı və nəticədə Qorbaçov hakimiyyətdən getdi. SSRİ dağıldıqdan sonra Rusiyada yeni dövlət ideologiyası formalaşdı - "rus dünyası"nı digər xalqlara sırımaq üzərində qurulan bir ideologiya. Bu konsepsiya çərçivəsində keçmiş ittifaq respublikaları müvəqqəti olaraq nəzarətdən çıxmış ərazilər kimi qəbul olunur və yenidən Moskvanın nəzarətinə qaytarılmalı sayılır. Bu cür düşüncə tərzi avtomatik olaraq milli azlıqlara və digər xalqlara qarşı dözümsüzlük yaradır. Təəccüblü deyil ki, Rusiyada qeyri-ruslara qarşı inamsızlıq artır, toqquşmalar daha çox baş verir. Xarakterik nümunə kimi "rus icmaları"nın yaradılmasını göstərmək olar ki, bunlar əslində digər millətlərin nümayəndələrinə qarşı yönəlir. Azərbaycanlılar da istisna deyil.
Bu siyasətin təhlükəsi ondadır ki, Rusiyada yaşayan milli azlıqlar özlərini müdafiə etmək üçün yollar axtarmağa başlayırlar. Əvvəlcə azərbaycanlılar və qırğızlar kimi narazılıq, sonra isə özünü təşkilatlandırma. Artıq "Qafqaz icması" yaradılması ilə bağlı çağırışlar səslənir. Əgər onlara özbəklər, azərbaycanlılar qoşulsa, bu, qarşısıalınmaz genişmiqyaslı daxili münaqişəyə gətirib çıxaracaq. Azərbaycan diplomatik kanallar vasitəsilə, o cümlədən Rusiya hökumət sədrinin müavininin səfərindən imtina etməklə, haqlı olaraq etirazını bildirir", - deyə A. Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, bu, düzgün və prinsipial mövqedir. Yekaterinburq şəhərində baş verənlər şovinizm və ksenofobiyanın nəticəsidir. Yekaterinburqdakı hadisələr Rusiyada azərbaycanlılarla bağlı son bir il ərzində baş verən ilk belə hadisə deyil. Həmçinin bunu 2024-cü ilin dekabrında Qroznı səmasında AZAL sərnişin təyyarəsinin vurulmasına Rusiya hakimiyyətinin reaksiyası kimi də yanaşması kimi təqdim etmək olar:
"AZAL təyyarəsinin vurulmasından sonra Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi daha da gücləndi. Azərbaycanın ədalətin təmin olunması ilə bağlı mövqeyini sındırmaq, insidenti ört-basdır etmək cəhdləri oldu. Lakin nəticə əksinə oldu. Bakıda hadisənin daha qətiyyətlə araşdırılması tələb edildi".
Oxşar xəbərlər
Şimali Kipr Prezidenti Şuşada Ceyhun Bayramov və Hikmət Hacıyevlə görüşüb
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının...
