Xankəndi-Laçın yolunda etiraz aksiyası bu gecə də davam etdiriləcək - FOTO

Xankəndi-Laçın yolunda etiraz aksiyası bu gecə də davam etdiriləcək - FOTO
Foto
Siyasət 91

Xankəndi-Laçın yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bu gecə də davam etdiriləcək.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi məlumata görə, bu barədə aksiya iştirakçıları bildiriblər.

Bu isə ermənilərin dinc aksiyanın bu gün yekunlaşacağı ilə bağlı yaydığı məlumatın həqiqətə uyğun olmadığını göstərir. Aksiya iştirakçıları tələblərinin yerinə yetirilənə qədər dinc aksiyanın davam etdiriləcəyini bildirirlər.

Onlar qeyd edirlər ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Belə ki, aksiya iştirakçıları bu gün ərzində növbəti dəfə də bu mövqeni nümayiş etdirərək Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus maşınlarda həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükünün aparılmasına şərait yaradıblar.

Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin və aksiya keçirən fəalların dinc erməni əhalisi ilə heç bir problemi yoxdur.

Aksiya hazırda şüarlarla davam edir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolu yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər