Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi
"Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolu getdikcə artır.
Xüsusilə ortaq tarixə, mədəniyyətə, dilə və strateji maraqlara malik dövlətlərin birlik modeli artıq yalnız siyasi platforma deyil, həm də təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və humanitar əməkdaşlığın mühüm mexanizminə çevrilib. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə qlobal və regional siyasətdə təsir imkanlarını sürətlə artıran mühüm beynəlxalq institutlardan biri kimi çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana işgüzar səfəri və Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı da məhz bu baxımdan xüsusi siyasi və strateji əhəmiyyət daşıyır. Bu səfər yalnız diplomatik hadisə deyil, eyni zamanda Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi platforma kimi tarixə düşür.
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın türk dünyasında oynadığı rol nəzərəçarpacaq dərəcədə artıb:
"Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və prinsipial xarici siyasət nəticəsində Azərbaycan Türk Dövlətləri Təşkilatında aparıcı mövqeyə malik ölkələrdən birinə çevrilib. Azərbaycan hər zaman türk dövlətləri arasında inteqrasiyanın gücləndirilməsini xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab edib. Ölkəmizin təşəbbüsü ilə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Xüsusilə Azərbaycanın coğrafi mövqeyi türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm üstünlük yaradır. Şərqlə Qərbi birləşdirən strateji tranzit imkanları ölkəmizi regional əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib. Dövlət başçımızın qeyri-rəsmi Zirvə görüşündə qeyd etdiyi kimi, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək".
Parlamentari bildirib ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ənənəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında reallaşıb:
"Tədbirdə çıxış edən dövlətimizin başçısı İlham Əliyev də bu məsələyə toxunaraq qeyd etdi ki, sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü təşəbbüsü artıq ənənəyə çevrilir. Ötən il isə bu tədbir Macarıstanda baş tutub və estafet bu il Qazaxıstana ötürülüb. Qardaş ölkənin Türküstan şəhərində keçirilən builki qeyri-rəsmi Zirvə görüşü də yüksək təşkilatçılığı ilə seçildi. Qazaxıstanın tədbirə ciddi hazırlıq görməsi türk dövlətləri arasında əməkdaşlığa verilən önəmin göstəricisidir. Zirvə görüşünün Türküstan kimi qədim və müqəddəs məkanda keçirilməsi isə xüsusi rəmzi məna daşıyır. Türküstan türk dünyasının ortaq mənəvi irsinin, tarixi yaddaşının və mədəni kimliyinin mühüm mərkəzlərindən biridir. Belə bir məkanda keçirilən görüş türk dövlətlərinin ortaq keçmişə hörmətinin, eyni zamanda ortaq gələcək qurmaq iradəsinin ifadəsidir".
"Azərbaycanla Qazaxıstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi bu münasibətlərin dinamik inkişafını aydın şəkildə nümayiş etdirir. Son 5 il ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qazaxıstana səkkizinci səfərin həyata keçirilməsi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən isə Azərbaycana altı dəfə səfər edilməsi iki ölkə arasında siyasi dialoqun davamlı və sistemli xarakter daşıdığını göstərir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə isə Azərbaycan-Qazaxıstan əlaqələrini rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksəldərək, qarşılıqlı etimadın və siyasi iradənin hüquqi-siyasi əsasını daha da möhkəmləndirib. Bu sənəd iqtisadi, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb. Hazırda iki ölkə arasında münasibətlər Xəzər regionunda sabitlik və inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir. Xüsusilə Orta Dəhliz çərçivəsində nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, enerji resurslarının ixracında koordinasiyalı fəaliyyət və ticarət dövriyyəsinin artırılması Azərbaycan-Qazaxıstan əməkdaşlığının praktiki nəticələrini daha da gücləndirir. Eyni zamanda, mədəni-humanitar sahədə həyata keçirilən layihələr xalqlar arasında tarixi dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Bütün bu amillər göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər təkcə ikitərəfli çərçivə ilə məhdudlaşmır, həm də geniş türk dünyasının inteqrasiyasına və regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir", - millət vəkili vurğulayıb.
Oxşar xəbərlər
Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, f...