Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB - 2

Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB - 2
Siyasət 1

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb.

"Report" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,53 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir. Eyni zamanda hakimiyyətdə olan partiya Antalya və İzmiri geri ala bilməyib.

Türkiyənin Ali Seçki Komissiyası seçkilərin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir. Bu arada partiya liderləri və namizədlər artıq qələbələrini elan ediblər və ya məğlub olduqlarını etiraf ediblər. Yavaş və İmamoğlu əslində seçkilərdəki qələbələrini qeyd ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində partiyasının seçkilərdə istənilən nəticəni əldə etmədiyini etiraf edib, lakin bunun “son deyil, dönüş nöqtəsi” olduğunu bildirib.

***31.03.2024

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələri ilə bağlı yeni məlumatlar açıqlanıb.

BAKU.WS xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,56 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,31 faizlə birinci yerdədir.

İzmirdə də CHP namizədi irəlidədir. Belə ki, Cemil Tugay 48,08 faiz səs toplayıb.

***21.30

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkisi çərçivəsində bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.

Seçki qutularının 22,52 faizi açılıb.

Ölkə üzrə ilkin nəticələrə əsasən CHP liderdir. Kemal Kılıçdaroğlunun partiyası 39,24 faiz səslə irəlidədir.

"AK Parti" isə 38,16 faiz səslə ikincidir.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir.

İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə ilk sıradadır.

***20:52

Türkiyədə bu gün keçirilən bələdiyyə seçkisi çərçivəsində bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.

BAKU.WS xəbər verir ki, İmamoğlu 49,53%, AK partidən olan namizəd Murat Kurum 41,72 % səs toplayıb.

Ankara üzrə isə Mansur Yavaş 56,24 %, hakim parityadan olan namizəd Turgut Altınok isə 36,47 % səs toplayıb.

CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.

Bütövlükdə ölkə üzrə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderlik edir. AKP 38,6%, onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyası 35,26% səs toplayır.

Son xəbərlər