Tramp Putinə qarşı mövqeyini dəyişdi: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur?

Tramp Putinə qarşı mövqeyini dəyişdi: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur?
Siyasət 108

Son zamanlar beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından biri Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməsi fonunda ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi gözlənilməz açıqlamaları olub.

Hətta Trampın Rusiyanı "kiçik sürprizlər"in gözlədiyini bildirməsi və Putinə qarşı müəyyən narazılığını açıq şəkildə ifadə etməsi beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Trampın bu çıxışı, onun əvvəlki illərdə Rusiya liderinə daha yumşaq yanaşması ilə ziddiyyət təşkil edir və bu dəyişiklik ABŞ siyasətində mümkün dönüş nöqtəsi kimi qiymətləndirilir.

Bu şəraitdə sual yaranır: Trampın sərt bəyanatları real siyasət dəyişikliklərinin xəbərçisidirmi, yoxsa bu, sadəcə ritorikadır? Eyni zamanda, Rusiyanı gözləyən "sürprizlər" konkret hansı addımları əhatə edə və bu, ABŞ-Rusiya münasibətlərinin gələcəyinə hansı təsiri göstərə bilər?

Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Rəşad Bayramov bildirib ki, Tramp tədricən də olsa, Putindən danışıqlar yolu ilə nəyəsə nail olmağın mümkünsüzlüyünü artıq dərk edir və kifayət qədər yaxşı görür ki, Rusiya ilə aparılan müzakirələr sadəcə Moskvaya vaxt qazandırır:

"Tramp artıq onu da başa düşür ki, birtərəfli, həm də davamlı şəkildə Ukraynaya təzyiq göstərməklə, yəni gah Kiyevə dəstəyin dayandırılması ilə bağlı qərar verməklə, gah digər addımlar atmaqla nəyəsə nail olmaq mümkün deyil. Əksinə, ABŞ-nin bu davranışı Rusiyanı daha da iştahlandırır və həm yeni ərazilərin işğal olunması, həm də danışıqlar masasında bu və ya digər şəkildə nəyəsə güzəştə getmək niyyətində olmamasını daha da aşkar biruzə verir. Məlumdur ki, hələ bir ay bundan qabaq ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi müzakirə olunmuşdu. Amma administrasiya həmin qərarın qəbulu edilməsinə imkan vermədi. İndi isə, xüsusən də son telefon danışığının ardınca Tramp artıq başqa yolun olmadığını dərk edib. Bu baxımdan, hansısa formada Rusiyaya təzyiqləri mütləq şəkildə təmin etmək istəyir".

Ekspert buna səbəb kimi, ABŞ-nin bu davranışının təkcə Avropa İttifaqı-ABŞ və yaxud da Ukrayna-ABŞ münasibətlərinə gətirilən soyuqluq yox, eyni zamanda, Aİ-nin daxilində olan, lakin Vaşinqtonun maraqlarından çıxış edən müxtəlif dövlətlərin mənfi reaksiyasına gətirib çıxarması ilə əlaqələndirib:

"Çünki ümidlərini rəsmi Vaşinqtona bağlayan həmin ölkələr kifayət qədər yaxşı bilirlər ki, Ukraynanın bu şəkildə tək qoyulması, gələcəkdə onların da təhlükəsizliyi ilə bağlı məsələlərdə Ağ Evin geri çəkilməsi ilə nəticələnə bilər. Ona görə də bütün bunları nəzərə alaraq, Tramp bir tərəfdən Ukraynaya dayandırılan köməyin davam etdirilməsi ilə bağlı müvafiq qərar qəbul edir, hərçənd ki, bu, hələ Kiyevə lazım olan dəstəyin verilməsi demək də deyil. Çünki bu dəstək ancaq özünümüdafiə imkanları baxımından veriləcək və müvafiq sanksiyaların qəbulu ilə müşayiət olunacaq".

"Düşünürəm ki, Tramp Administrasiyası nəhayət ki, bu istiqamətdə addımların atılmasının vacibliyini dərk edərək müvafiq qərarlar qəbul edəcək. Əks halda, nə Rusiyanı dayandırmaq, nə də danışıqlar masasına oturdub güzəştlərə məcbur etmək faktiki olaraq mümkünsüzdür. Tramp da həqiqətən müharibənin dayandırılmasını istəyirsə və eyni zamanda, Ukrayna ilə bağlanmış sazişə müvafiq olaraq mineral ehtiyatların istismarı və nəticə etibarilə, qazanc götürmək niyyətindədirsə, hansısa formada müharibənin dayandırılmasını təmin etməlidir. Bunun da ən uyğun yolu Rusiyaya təzyiqdən, Ukraynaya dəstəkdən keçir", - deyə politoloq əlavə edib.

Son xəbərlər