Sumqayıt və Gəncədə əlavə “ASAN xidmət” mərkəzləri tikiləcək

Sumqayıt və Gəncədə əlavə “ASAN xidmət” mərkəzləri tikiləcək
Siyasət 1033

Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakəndə və Bakıda “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulur. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq. Salyan və Lənkəran şəhərlərində də “ASAN xidmət” mərkəzləri tikiləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

Agentliyin sədri deyib ki, Prezident İlham Əliyev yanvarın 16-da “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasına bununla bağlı müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə bu istiqamətdə tədbirlərə başlanılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb. Hazırda Azərbaycanda 16 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Son xəbərlər