Səfir: Serbiya Azərbaycanla münasibətlərin daha da möhkəmlənəcəyinə ümid edir

Səfir: Serbiya Azərbaycanla münasibətlərin daha da möhkəmlənəcəyinə ümid edir
Siyasət 18

Son illər Serbiya və Azərbaycan arasında münasibətlər siyasi təmasların və qarşılıqlı iqtisadi əlaqələrin nəzərəçarpan dərəcədə fəallaşmasını nümayiş etdirərək yeni səviyyəyə yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavleviç bu ölkənin Dövlətçilik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Bakıda keçirilən qəbulda çıxışı zamanı bildirib.

"Son bir neçə ildə ikitərəfli siyasi fəallığın əhəmiyyətli dərəcədə canlanması, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin və təmasların sayının artması, həmçinin iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artımı müşahidə olunur", - o bildirib.

Səfir qeyd edib ki, Bakı və Belqrad arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmindir.

O vurğulayıb ki, Serbiya müasir ordunun yaradılmasına, həmçinin dünyanın bir çox dövlətləri ilə dostluq münasibətlərini möhkəmləndirməsinə böyük səylər və resurslar sərf edib.

"Bu dostluq münasibətləri arasında zamanın və şəraitin sınağından çıxmış əlaqələr xüsusilə dəyərlidir. Oxşar tarixi təcrübəyə, tam qarşılıqlı anlaşmaya, eləcə də ölkələrimiz qarşısında duran dəyərlərə və vəzifələrə sadiqliyə əsaslanan Azərbaycanla münasibətlərimiz bunlara aiddir", - Vladisavleviç bildirib.

O həmçinin əlavə edib ki, 29 il ərzində Azərbaycan və Serbiya xarici siyasi fəaliyyətdə və qarşılıqlı maraq doğuran məsələlərdə tam koordinasiyanı təmin edərək, strateji tərəfdaşlığı ardıcıl şəkildə inkişaf etdirirlər.

Son xəbərlər