Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək?

Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək?
Foto
Siyasət 10

Azərbaycan və Böyük Britaniya müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi, regional və beynəlxalq təhdidlərə qarşı birgə fəaliyyət imkanlarını artırmağı planlaşdırır.

Bu məsələlər iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq haqqında birgə bəyannamədə əksini tapıb.

Sənəddə müdafiə sənayesi, hərbi təlimlər, potensialın artırılması və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bəs bu razılaşma Azərbaycan-Böyük Britaniya hərbi münasibətlərinə necə təsir göstərəcək?

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında sözügedən sənədin imzalanması mühüm əhəmiyyət kəsb edir.

O bildirib ki, sənəd hər iki ölkənin milli maraqlarına xidmət edir:

Bakı və London hərbi əməkdaşlığı genişləndirir: Yeni bəyannamə nəyi dəyişəcək?

"Bəyannamədə regional sülh və sabitliyin dəstəklənməsi, bu istiqamətdə birgə əməkdaşlığın gücləndirilməsi, ümumi təhdidlərin qarşısının alınması və digər məsələlər əksini tapıb. Azərbaycan Böyük Britaniya ilə uzun müddətdir hərbi sahədə də sıx əməkdaşlıq edir. Əvvəllər Böyük Britaniyanın Azərbaycandakı səfirliyində hərbi attaşe institutu yox idi və ölkəmizlə hərbi əməkdaşlıq başqa ölkədə yerləşən hərbi attaşe vasitəsilə koordinasiya olunurdu. Artıq Böyük Britaniya Azərbaycana öz hərbi attaşesini təyin edib. Hərbi attaşenin təyin olunması o deməkdir ki, sülhün və sabitliyin qorunması üçün ölkələr müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı daha yaxından əlaqələndirir, müzakirələr aparır və qarşılıqlı səfərlər həyata keçirirlər. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri mütəmadi olaraq Böyük Britaniyada müxtəlif kurslarda iştirak edirlər. Bunlara həm NATO çərçivəsində, həm də ikitərəfli əsasda təşkil olunan təlimlər daxildir. Həmin kurslar Azərbaycan zabitlərinin dil biliklərinin və dünyagörüşünün artırılmasına xidmət edir".

Ekspert əlavə edib ki, Böyük Britaniya Azərbaycanla yalnız Müdafiə Nazirliyi xətti ilə deyil, Dövlət Sərhəd Xidməti və digər qurumlar vasitəsilə də əməkdaşlıq edir:

"Bütün bunlar iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün geniş perspektivlər yaradır. Hər iki ölkə regional sülh və sabitliyin qorunması üçün həm diplomatik, həm də hərbi sahədə oxşar mövqedən çıxış edir. Bu gün dünyada müdafiə və təhlükəsizlik sahəsində ciddi problemlər, müxtəlif təhdidlər mövcuddur. Azərbaycan və Böyük Britaniya bu təhdidlərin qarşısının alınması istiqamətində əməkdaşlıq edir və bir çox məsələlərdə ortaq mövqedən çıxış edirlər. Azərbaycan Böyük Britaniya ilə münasibətlərə böyük önəm verir. Böyük Britaniya da müstəqilliyimizin ilk illərindən etibarən ölkəmizə iqtisadi və digər sahələrdə xüsusi diqqət ayırıb. Bundan başqa, Azərbaycan Böyük Britaniyaya Müdafiə Sənayesi Nazirliyi xətti ilə istehsal etdiyi bəzi avadanlıq və məhsulları da təklif edir. Böyük Britaniyanın maraq göstərdiyi hərbi təyinatlı, müdafiə və təhlükəsizlik sahələrinə aid avadanlıqlar var. Tərəflər bu məsələlər üzrə bəzən razılığa gəlir və əməkdaşlıq müsbət nəticələnir. Yəni Azərbaycanla Böyük Britaniya təkcə müdafiə və təhlükəsizlik sahəsində deyil, regional sülhün dəstəklənməsi istiqamətində də əməkdaşlıq edirlər. Qarabağ məsələsində Böyük Britaniyanın nümayiş etdirdiyi prinsipial mövqe Azərbaycan tərəfindən bu gün də yüksək qiymətləndirilir".

Son xəbərlər